«Milyonluq qalmaqal»da adı hallanan Hikmət Usubov 18-ci bölmənin rəisi oldu
Daxili işlər naziri Ramil Usubov dünən yeni təyinatlarla bağlı iki əmr imzalayıb. “Qafqazinfo”nun yaydığı məlumata görə, əmrlər Nərimanov Rayon Polis Idarəsinə şamil olunub. Nərimanov RPI 18-ci Polis Bölməsinin rəisi, polkovnik Fuad Əliyev rayonun 16-cı Polis Bölməsinə rəis təyin olunub.
Nərimanov RPI 16-cı Polis Bölməsinin rəisi, polkovnik-leytenant Hikmət Usubov isə Fuad Əliyevin yerinə təyinat alıb. Qeyd edək ki, Hikmət Usubov nazir Ramil Usubovun qardaşı oğludur. Onun adı keçmiş hakim Həsən Əliyev və iş adamı Ramazan Səlimov arasındakı milyonluq qalmaqalda hallanır. Həsən Əliyev mətbuatda açıqlamalarında başına gələnlərlə bağlı Nərimanov rayonunun keçmiş prokuroru Fikrət Mahmudovu və Hikmət Usubovu ittiham etmişdi.
“Prokurorla rəis mənə belə tələ qurmuşdu. Onlar məni qorxudurdular, deyirdilər ki, Gülər əhvalatı sənin işinin yanında yalan olacaq. Polis bölməsində belə söhbətlər gedirdi. Məni bu cür şantaj edirdilər. Mən də istəmirdim ki, bu iş faş olsun, bilinsin. Uzun-uzadı düşündüm, bu tələdən necə qurtulmağın yollarını axtardım. Hörmətimi, vəzifəmi itirmək istəmirdim. Fikirləşdim ki, dostdan-qohumdan 300 min manat yığıb verim, təki canımı bu şərbazlardan qurtarım”,- deyə Həsən Əliyev bildirmişdi.