Zülmün qarşısında susmaq, zülmkara şərik olmaq deyilmi?
Uzun illərdi ölkədəki ədalətsizlik, talançılıq, korrupsiya haqqında yazırıq. Amma vətəndaşlar kütləvi etiraz nümayiş etdirmədiklərinə görə hakimiyyət tənqidlərdən nəticə çıxarmayıb. Əksinə, ölkənin sərvətləri talan edilib, korrupsiya dövlət siyasətinə çevrilib, ləyaqətli insanlar şərlənərək həbs olunub, təhsil, səhiyyə, hüquq sistemi korrupsiyanın qurbanı olub, vətəndaşlar məmuların sahib olduğu bankların girovuna çevrilib, insanlar sosial vəziyyətin ağırlığından intihar həddinə çatıb, bütün sahələr monopoliyadadır və s.
Əslində, bu neqativ tendensiyanın inkişaf etməsində hakimiyyət qədər, susmuş insanlar da günahkardır. Susmaq, razılıq əlaməti kimi qəbul edildiyinə görə hakimiyyət də xalqın susqunluğunu razılaşmaq, barışmaq, hesablaşmaq kimi qiymətləndirib. Daha dəqiq ifadə etsək, biz bu talançılıqla barışdıqca, hakimiyyət bizə qarşı barışmaz olub. Nəticədə, vətəndaş ən dəyərsiz əşyaya çevrilib. Dünyanın 4 tərəfində milyonlar xərcləyən hakimiyyət, vətəndaşa qəpik-quruş verərək, qul sevinci yaşamağa məcbur edib.
Bu necə ola bilər? Azərbaycan müsəlman ölkəsi deyilmi? Bu ölkədə 100 mnilərlə inanclı insanlar, ibadət əhli yoxdurmu? Axı müqəddəs kitabımız da, peyğəmbərin kəlamları da zülmələ barışmamağı təbliğ edir. Peyğəmbərimiz “zülmün qarşısında susan, dilsiz şeytandır” demədimi? Qurani Kərimdə “ədalətsizliyə qarşı tək də olsanız mübarizə aparın” deyilmirmi? Kərbəlada Imam Hüseyn 72 nəfərlə Yezidin 30 minlik ordusuna meydan oxumadımı? Özünü müsəlman hesab edən insan bu çirkin gedişata “dur” deməli deyilmi?
Bugün ölkənin tanınmış, vicdanlı, haqqı təbliğ edən ilahiyyatçıları şərlənərək həbs edilib, ədaləti bərpa etməli olan məhkəmələr hakimiyyətin vəkili rolunda çıxış edir, ölkənin büdcəsini bir qrup harın mənimsəyib, söz azadlığı, şəffaf seçki, sosial ədalət yoxdur, israfçılıq ən yüksək həddə çatıb və s. Bütün bunlar etiraz etmək üçün səbəb deyilmi?
Səbr etmək, həmişə iman göstəricisi deyildir
Axı bir müsəlmanın etiraz etməsi vacib olan bütün hallar Azərbaycanda baş verir. Biz isə “dilsiz şeytan” olmaq qərarı vermişik. Allahın əvəzinə, bəndəyə qul olmağın nümunəsini yaratmışıq. Bu yalana, yaltaqlığa dözməkdən böyük günah varmı?
Bəli, Səbr etmək imandandır. Amma səbrin gərəkmədiyi yerdə səbr etməkdən böyük günah yoxdur. Ölkə talan edilir, insanlar şərlənərək həbs olunur, ədalətsizlik, israfçılıq, əxalqsızılıq meydan sulayırsa, “mən səbr edirəm” demək, riyakarlıq deyilmi?
Müxtəsər, Milli Şuranın aprelin 5-də keçirəcəyi “Talana və yalana son” mitinqində iştirak etmək, hər bir vətəndaşın və özünü müsəlman hesab edənlərin borcudur.
Ölkə insanı yeməklə sınağa çəkilirsə, ölkəyə daxil olan bütün yeyinti məhsulları 20 dəfə baha qiymətə satılırsa, monopolist məmurlar vətəndaşı müflisləşdirirsə, inanclı adam buna necə dözə bilər.
Yəni bu gün ölkədə baş verənlərə bütün vətəndaşlar etiraz etməlidir. Inanclı insanlar isə bunu özünə borc bilməlidir və nümunə göstərməlidir. Allaha ibadət etmək, yalnız namaz və orucdan ibarət olsaydı, haqq uğrunda savaşa ehtiyac qalmazdı. Peyğəmbərlər, imamalar bir kənara çəkilib ibadət edərdi və bütün haqsızlıqlara göz yumardı.
Bir daha qeyd edirik ki, 5 aprel seçki mitinqi deyil, Milli Şuranın şəxsi problemlərinin qabardılması da deyil. 5 aprel mitinqi Allahsızlığa, ədalətsizliyə, yalana və talana qarşı keçirilir. Deməli, hamımızın məsuliyyəti var və hamımız öz borcumuzu yerinə yetirməliyik.
Zülmlə barışmadığımızı göstərən bəndə olaq, zülmə susan dilsiz şeytana çevrilməyək. Peyğəmbər “vətəni sevmək imandandır” deyirdi. Baş verənlər isə vətənimizə, dövlətimizə, millətimizə zərbə vurur. Imanımızın kamilliyi, ruhumuzun saflığı, ədalət hissimizin güclü olması, ədalətsizliyə qarşı münasibətimizlə ölçülür.
Mitinqə gəlin və haqqın müdafiəçisinə çevrilin.
Akif