Ekspertlər ölkədə monopol sistemin mövcudluğunu əsas göstərir
Ölkə iqtisadiyyatının hazırkı durumu ilin əvvəllərində baş verən proseslərlə sıx bağlıdır. Manatın dollar qarşısında məzənnə itkisindən sonra təkcə ərzaq deyil, qeyri ərzaq məhsullarnın, hətta elektrik mallarının da qiyməti bahalaşıb. Hökumət bunu müxtəlif formada əsaslandırmağa çalışır.
Lakin iqtisadçı mütəxəssislər qiymət artımına yol açan səbəbləri göstərərək məsələnin real mahiyyətini ortaya qoyur. Bu xüsusda “Azadlıq” radiosunun suallarını cavablandıran iqtisadçı-ekspert Qubad Ibadoğlu idxal məhsullarında prosesin dollarla aparıldığı üçün sahibkarların qiymətləri artırmağı vacib saydığını söyləyir. Ekspert bu mənada Azərbaycanın istehlak bazarında idxal mallarının qiymətinin ucuzlaşdırılması potensialının yüksək olduğunu deyərək Iqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin yalnız mağazalarda deyil, həm də idxal prosesində monitorinqlər aparmasını və ayda bir dəfə əsas istehlak mallarının idxal qiymətləri ilə pərakəndə satış qiymətlərinin müqayisəli cədvəlini hazırlayıb dövrü mətbuatda nəşr etməli olduğunu bildirir. Q.Ibadoğlu xaricdən gətirilən 1 kq düyünün gömrükdə 36 sentə rəsmiləşdirildiyini, onun bazarda nəzərdə tutulan satışının 45 sent olduğunu, faktiki 2 dollara satıldığını deyir: “Sahibkar heç bir qeyri-rəsmi ödəniş etmirsə, onda onun təmiz gəliri 1 dollar 59 sent, ya da dolların köhnə kursu ilə 1 manat 14 qəpikdir. Yumurta, holland pendiri, mal əti, çay, makaron və s. əsas istehlak məhsullarında təxminən eyni mənzərədir. Nəticədə müqayisəli hesablamalar göstərib ki, bütün xərclərini ödədikdən sonra ölkəyə xaricdən gələn yumurta 418, toyuq əti 276, düyü 253, pendir 230, bitki yağları 196, mal əti 159, çay 142, kərə yağı 103, makaron 97 faiz, şəkər 2 dəfədən çox bahasına satılır”.ÿ
Ekspert vəziyyətin belə olmasını bu və digər məhsulların idxalının monopoliyada olması, inhisarçıların qiyməti diktə etməsiylə bağlayır. Eləcə də gömrük rüşvəti və digər qeyri-rəsmi ödənişlər malın maya dəyərindən dəfələrlə çox olduğu üçün o, nəticədə məhsulun satış qiymətində maddiləşir və onu bahalaşdırır. Q.Ibadoğlu bildirir ki, mallar gömrük ərazisinə daxil olarkənÿqeyri-rəsmi ödənişlər əsasən onun qeydiyyatı və gömrük rəsmiləşdirilməsi məsələsinə görə baş verir. Onlar aradan qaldırılarsa, xüsusilə də istehlak məqsədilə ölkəyə gətirilən məhsulların qiymətlərindəÿmüxtəlif dərəcədə ucuzlaşma baş verə bilər.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov bazara çıxarılan məhsulların real qiymətlərilə bağlı maraqlı araşdırma aparıb. Ekspert bazarda təklif olunan idxal məhsullarının konkret qiymətlərini nəzərə çatdırıb. Belə ki, 1 kq malın qiymətini ABŞ dollarıyla ifadə etsək, vəziyyət belədir – qabığı təmizlənmiş badam 0,49, qabığı təmizlənmiş qoz 0,97, qurumuş qara gavalı 0,45, qurudulmuş üzüm 0, 52, qurudulmuş ərik 0,50, qabıqlı badam 0,55,ÿtəzə heyva – 0,31, şabalıd 0,49, püstə 0,99. Qeyd edək ki, bu göstəricilər Dövlət Statistika Komitəsinin müvafiq hesabatında da öz əksini tapıb.
Bütün deyilənlərdən bəlli olur ki, komitə hesabatlarında bəzi məhsulları idxal olunan ölkədəki real qiymətindən də az göstərib. Vahid Məhərrəmov deyib ki, bu gün bazarda qiyməti tələb-təklif deyil, elə inhisarçıların özləri müəyyənləşdirir və alıcıların da başqa seçimi yoxdur. Qiymətlərə diqqət edərkən onun ölkə vətəndaşlarının mövcud durumuna və cibinə uyğun olmadığı şəksiz görünür. O zaman istək olarsa, qiymətləri nə qədər endirmək mümkündür?
Iqtisadçı-ekpsert Nemət Əliyev söyləyir ki, ölkədə monopoliya, rüşvətxorluq və korrupsiyanın səviyyəsi çox yüksəkdir. Ekspertə görə bazarlarda formalaşmış qiymətlərdə bu amillərin payı həddən çoxdur:
“Bazarlarda formalaşmış qiymətlər monopol qiymətlərdir. Burda maya dəyəri tələb-təklif arasındakı nisbət kimi qiymətləri formalaşdıran amillər arxa plana keçir. Yəni mövcud qiymətlər daha çox monopolistlərin istəkləri üzərində formalaşır. Xalqın, dövlətin maraqları əsas tutularsa, ona önəm verilərsə, təxmini də olsa, qiymətləri ortalama 40-50 faiz aşağı salmaq mümkündür. Lakin buna həvəs göstərmirlər və bu da yuxarıdakı səbəblərlə bağlıdır”.
Nigar