Ölkəni qaranlığa qərq edən səbəb – terror, texniki problem, yoxsa Avropa?
Bu gün səhər saatlarında – yerli vaxtla 10.30-dan başlayaraq Türkiyədə elektrik sistemi qəfildən çöküb. Paytaxt Ankara başda olmaqla ölkənin bütün şəhər və bölgələrində işıqlar sönüb. Elektrik enerjisinin kəsilməsi metro, tramvay və qatarların, həmçinin fabrik, zavod, xəstəxana və bir çox müəssisələrin fəaliyyətini iflic vəziyyətə salıb. Minlərlə insan metro stansiyalarında köməksiz vəziyyətdə qalıb. İşıqforların işləməməsi iri şəhərlərdə dəhşətli tıxaclara səbəb olub. Yol polisləri avtomobillərin hərəkətini tənzimləmək üçün səfərbər edilib. Yanğınsöndürələr binaların liftlərində qalan sakinləri çıxarmaqla məşğul olub.
Qaranlıq təkcə Vandan yan keçdi
Elektrik enerjisinin kəsilmədiyi yeganə bölgə ölkənin şərqində yerləşən Van olub. Vanı işıqla qonşu İran təmin etdiyindən problem bu bölgədən yan keçib.
İlk saatlarda hökumətdən elektrikin kəsilmə səbəbi barədə heç bir rəsmi məlumat verilməyib. Sonradan Türkiyənin baş naziri Əhməd Davudoğlu AKP-nin toplantısında çıxış edərək hüquq-mühafizə orqanlarının məsələni araşdırdığını bildirib. Baş nazir qeyd edib ki, bütün ehtimallar, eləcə də terror versiyası nəzərdən keçirilir.
Enerji naziri Tanər Yıldız da problemin yaranma səbəbi ilə bağlı konkret heç nə deməyib: «Bunun texniki problem yoxsa, kiberhücum olduğu hələlik bilinmir. Vəziyyəti diqqətlə araşdırırıq».
Mətbuatın yazdığına görə, son 15 ildə Türkiyədə elektrik enerjisinin verilməsində belə problem yaşanmayıb.
Təxminən üç saat sonra nazir Tanər Yıldız Türkiyənin 90 faizinin işıqla təmin edildiyini açıqlayıb. Onun sözlərinə görə, elektrik enerjisi texniki problemlər üzündən kəsilibmiş: «Türkiyəni işıqla təmin edən sistemdə qəfil çöküş olub və nəticədə belə ciddi problem yaranıb».
Avropa Türkiyəni cəzalandırıb?
Elektrik Mühəndisləri Birliyi isə baş verənlərin texniki səbəblə bağlı olmadığını iddia edir: «İki ehtimal var. Birinci ehtimal odur ki, özəl şirkətlər ucuz qiymətə elektrik satmaq istəmədikləri üçün bunu məqsədli şəkildə ediblər. 2007-ci ildə Ege bölgəsində bir gün boyunca işıq kəsilmiş, 19 kənd işıqsız qalmışdı. Qiymətlər qəfildən dəyişəndə bəzi elektrik stansiyaları zərərə işləməmək üçün şəbəkədən ayrılır. Bu zaman zəncirvari halda işləyən sistemdə çöküş olur. Yaxud da problem Avropa Birliyi ilə ortaq istifadə olunan sistemlə bağlıdır. Türkiyə ENTSO adlı şəbəkə üzərindən Avropa Elektrik Sisteminə bağlıdır. Avropa Türkiyəni bu sistemdən çıxaranda bəzi stansiyalar avtomotik olaraq şəbəkə xaricində qalır. Avropa Türkiyə tərəfində baş verən və vaxtında tədbir görülməyən qəzalara görə tez-tez Ankaraya xəbərdarlıq edir. Bir gün əvvəl Avropa şəbəkəsindən ani olaraq ayrıldıq. Rəsmi qurumlar bunu Adanadakı bir stansiyanın şəbəkəyə qoşula bilməməsi ilə izah etdi. Amma bizə görə əsl səbəb bu deyil».
«Hökumət elektrik şirkətlərinə borcunu ödəmir»
Baş verənlərə müxalifətdən də sərt təpki gəlib. JHP-dən olan deputat Mahmud Tanal hökuməti özəl şirkətlərin borcunu vaxtında verməməkdə ittiham edib: «Hökumət elektrik şirkətlərinə olan borcunu ödəmədiyi üçün onlar da işığı kəsməli olub. Bu da özəlləşdirmənin daha bir mənfi nəticəsi».
Gültəkin