Almaniyanın hava yolu şirkəti «Lufthansa» martın 24-də Fransada (Alp dağlarında) qəzaya uğrayan təyyarədə ölənlərin yaxınlarına 300 milyon dollar kompensasiya ödəməyə hazır olduğunu bildirib. Bu rəqəm qəbul olunmuş standartlardan iki dəfə çoxdur. Buna qədər belə qəzalarda qurbanların yaxınlarına 1 milyon dollar həcmində kompensasiya ödənilirdi.
«Lufthansa»nın mətbuat katibi Kerstin Lau xəbəri təsdiqləyərək əməkdaşlıq etdikləri sığorta şirkətlərinin bu məbləği ödəyəcəyini bildirib. Ötən həftə hava yolu şirkəti qurbanların ailələrinə ayrı-ayrılıqda 50 min avro yardım göstərmişdi. Bu yardımın ayrılacaq kompensasiyaya aidiyyəti yoxdur.
Xatırladaq ki, Barselonadan Düsseldorfa uçan «Airbus A320» təyyarəsinin qəzaya uğraması nəticəsində 150 sərnişin həyatını itirib. Hadisəni təyyarənin 27 yaşlı pilotu Andreas Lubitsin qəsdən törətdiyi bildirilir. Lakin istintaq qəzanın səbəbi ilə bağlı yekun rəyini hələ açıqlamayıb.
Gültəkin