Oqtay Haqverdiyev: «Bank sistemilə bağlı nə baş veribsə, hamısı hökumətlə razılaşdırılıb»
Vahid Əhmədov: «Artıq təqdimat verilib və məsələ aprelin 3-də parlamentdə müzakirə olunacaq»
Mərkəzi Bankın Idarə Heyətinə iki üzv seçiləcək. Milli Məclisin aprelin 3-də keçiriləcək plenar iclasında bununla bağlı “Azərbaycan Respublikası Mərkəzi Bankının Idarə Heyəti üzvlərinin təyin edilməsi haqqında” layihə müzakirə olunacaq. Bu barədə “report.az”a parlamentdən məlumat verilib.
Mərkəzi Bankın Idarə Heyəti üzvlüyünə namizəd kimi irəli sürülən iki nəfərdən biri Mərkəzi Bankın Idarə Heyətinin indiki sədri Elman Rüstəmov, digəri isə onun müavini Xəqani Abdullayevdir. Onların hər ikisinin səlahiyyət müddəti bu həftə başa çatır.
“Modern.az”ın məlumatına görə, Elman Rüstəmov artıq dördüncü beşillikdir ki, bu strateji dövlət qurumuna rəhbərik edir. O, ilk dəfə 1995-ci ilin yanvarında Milli Bankın (2009-cu ildəki referenduma qədər belə adlanırdı) Idarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Daha sonra o, 2000 və 2005-ci illərdə yenidən 5 il müddətinə Milli Bankın Idarə Heyətinin sədri vəzifəsinə təsdiqlənib. Sonuncu təyinat 2010-cu ilin aprelində baş tutub. 2010-cu il aprelin 6-da prezident Ilham Əliyevin sərəncamı ilə Elman Rüstəmov daha 5 illiyə Mərkəzi Bankın Idarə Heyətinin sədri təyin edilib.
Qeyd edək ki, hökumətin bu il fevralın 21-də qərar verdiyi devalvasiya nəticəsində ölkə əhalisi külli miqdarda ziyana düşüb. Doğrudur, Mərkəzi Bankın sədri Elman Rüstəmov camaatı sakitliyə çağırsa da, vəziyyəti heç də iqtisadi cəhətdən sabit adlandırmaq mümkün deyil. Belə olan təqdirdə, manatın dollar qarşısında dəyərdən düşməsi nəticəsində ölkə əhalisinin hazırkı durumuna nəzərən, görəsən, Mərkəzi Bankın hazırkı sədrinin öz vəzifəsində qalmaq şansı nə qədərdir? Parlament üzvləri ona etimad göstərəcəkmi?
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev ölkədə hazırkı ictimai-siyasi durumu nəzərə alaraq, hesab edir ki, müəyyən dəyişikliklər yalnız parlament seçkilərindən sonra baş verə bilər. Eyni zamanda, ekspert onu da vurğulayır ki, ölkənin iqtisadi həyatında baş verən son hadisələrdə Mərkəzi Bank sədrinin elə də böyük günahı yoxdur: “Elman Rüstəmov elə də böyük səhv etməyib. Heç kim özbaşına manatı devalvasiya edə bilməz. Baş verənlərin hamısı razılaşdırılmış məsələlərdir. Bank sistemilə bağlı nə baş veribsə, hamısı razılaşdırılmış olub. Azərbaycanda özbaşına heç nə baş vermir. Mərkəzi Banka olan namizədlərin sənədləri araşdırılandan, böyük bir yol keçəndən sonra baş verir. O mənada, sədrin kim olacağı prezident səviyyəsində olan məsələdir. Mərkəzi Bankın sədrliyinə namizədlərdən kimin seçiləcəyi hazırda sual altındadır. Mənim fikrimcə, Elman Rüstəmovu çıxarmağa hələlik zərurət yoxdur. Parlament seçkilərindən sonra baş verən dəyişiklik məntiqli ola bilər. Çünki ondan sonra hər halda, hökumət dəyişilməlidir və bank sistemində hansısa islahatlar aparılmalıdır”.
Bununla belə, ekspert onu da qeyd edir ki, hazırda Azərbaycanın bank sistemində çox ciddi problemlər var. Kredit resursları çatmır, problemli kreditlərin həcmi də olduqca böyükdür. Üstəlik, bank faizləri də yüksəkdir və buna cavabdeh olan yoxdur. Ekspertin fikrincə, bank faizlərinin yüksək olması artıq böhran deməkdir.
Deputat Vahid Əhmədov isə parlamentin Elman Rüstəmova etimad göstərib-göstərməyəcəyinin səsvermənin nəticəsindən asılı olacağını deyir. Mərkəzi Bankın sədri məsələsilə bağlı artıq parlamentə təqdimat verildiyini vurğulayan deputatın sözlərinə görə, məsələ aprelin 3-də müzakirəyə çıxarılacaq: “Yalnız bundan sonra məsələnin konkret mahiyyətindən bəhs etmək olar”.
Nigar