Nazir ticarət obyektlərinə və şadlıq saraylarına kameralar quraşdırır
Bir müddət əvvəl məlumat yaymışdıq ki, büdcəni doldurmaq üçün vergilər naziri Fazil Məmmədova xüsusi göstəriş verilib. Göstərişə əsasən, Fazil Məmmədov büdcəni doldurmaq məqsədilə ölkədə fəaliyyət göstərən ən iri müəssisədən tutmuş, ən xırda ticarət köşkünə qədər bütün obyektlərdən vəsait toplamalıdır.
Vəsaitlərin toplanması yalnız vergi ilə məhdudlaşmamalı, müxtəlif bəhanələrlə obyektlər cərimələnməli və toplanan vəsait büdcəyə yönəldilməlidir. Məlumatda deyilirdi ki, nazirə heç kimə güzəştə getməmək tapşırılıb. Hətta fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov, neft şirkətinin prezidenti Rövnəq Abdullayev kimi iri oliqarxların nəzarətində olan müəssisələr, ticarət obyektləri də sığortalanmayıb.
Fazil Məmmədov verilən tapşırığı yerinə yetirmək üçün bütün səylərini səfərbər edib. Demək olar ki, hər gün onlarla obyekt müxtəlif bəhanələrlə cərimələnir.
Bu arada veteninfo.az saytı məlumat yayıb ki, Vergilər Nazirliyi ölkədəki bütün şadlıq evlərinə və restoranlara kameralar quraşdırır. Bunun səbəbi isə şadlıq evlərinin və restoran sahiblərinin vergidən yayınmasının qarşısını almaqdı. Şadlıq evlərindən birinin rəhbərliyi bildirib ki, ay ərzində əgər beş toy olubsa, nazirliyin əməkdaşları buna inanmaq istəmirlər və onlar iddia edirlər ki, ay ərzində sizdə on toy olub, siz sadəcə olaraq sənədləşmədə beş toyun olduğunu göstərirsiniz.
Adının çəkilməsini istəməyən şadlıq evi sahibi bildirib ki, bundan sonra nazirliyin əməkdaşları şadlıq evinə kameralar yerləşdiriblər və bu kameralar ay ərzində durmadan işləyəcək və hər gün nazirliyin əməkdaşları nəzarət aparacaq. Məlumatda həmçinin qeyd edilir ki, paytaxt Bakı və rayonlarda şadlıq sarayları ilə yanaşı apteklərə və ticarət obyektlərinə də kameralar quraşdırmağa başlayıblar.
Nəzərə alsaq ki, iri ticarət obyektləri və şadlıq saraylarının əhəmiyyətli hissəsi məmurlara məxsusdur, o zaman bu addımların Fazil Məmmədovu məmur ordusu ilə üz-üzə gətirəcəyini söyləmək olar.