Ev siyahısından çıxarılan qaçqınlar yolu kəsdi; polis aksiyaya müdaxilə etdi, qarşıdurma yarandı
Bərdə rayonunda məskunlaşan bir qrup Ağdam qaçqını mənzil probleminə görə etiraz edib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Xəbərə görə, hadisə yerinə əlavə polis qüvvələri cəlb olunub: “Bərdədə çox böyük gərginlik var. Mənzil problemləri ilə bağlı başlarına açılan oyunlardan bezən Ağdam qaçqınları yolu kəsiblər. Təkcə 300-ə yaxın avtomobil var. Artıq polis dəstələri hadisə yerinə gəlir. Bu dəfə geri dönməyəcəyini bildirən qaçqınlar sona qədər yolu açmayacaqlarını bildirirlər”.
Aksiya iştirakçılarından Sabir Əzimov Arqument.az-a bildirib ki, hazırda qarşıdurma davam edir və polis aksiyaya müdaxilə edib: “Mən özüm Kəlbəcər qaçqınıyam. Evləri bizə pulla satırlar. Dövlət tərəfindən tikilən evlərə görə rüşvət istəyirlər. Ona görə də qərara aldıq ki, aksiya keçirək. Polislər birinci qrup Qarabağ əlilini döydülər. Aksiyamız isə davam edir”.
Aksiya iştirakçıları bildiriblər ki, polisin aksiyaya kobud müdaxiləsi ciddi qarşıdurmaya səbəb olub.
“Azadlıq”ın bölgə müxbirinin məlumatına görə, aksiya keçirənlər Bərdədə yerləşən 105 saylı peşə məktəbində məskunlaşan Xocalıdan və Ağdamın Cəmilli kəndindən olan məcburi köçkünlərdir. Etiraza səbəb məcburi köçkünlərin Bərdədə “Qaçqınkom” tərəfindən tikilən evlərin siyahısından çıxarılması olub. Aksiya iştirakçıları müxbirimizə bildirib ki, onlar ev siyahısında olsa da, bu günlərdə siyahıdan çıxarıldıqlarını öyrəniblər. Onlara Göranboy rayonunda mənzil üçün növbəyə dayanmaq məsləhət görülüb. Buna etiraz edən yüzlərlə məcburi köçkün Bərdə-Ağdam yolunu bağlayıblar. Polis və icra hakimiyyəti nümayəndələri aksiya iştirakçıları ilə görüşərək məsələni yoluna qoyacaqlarına söz veriblər. Aksiya iştirakçıları isə məsələ həll olunmayacağı təqdirdə yenidən yolu bağlayacaqlarını bildiriblər.
Müxbirimiz onu da bildirib ki, Qaradəmirçi və Zimirxan kəndində məskunlaşan məcburi köçkünlər də yolu bağlamağa cəhd ediblər. Lakin polis bunun qarşısını alıb.