İsrafçılıq kütbeyinlərin işidir. Hansı tərəfdən baxsanız, onun ziyan və haram üzünü görəcəksiniz. Fəqir-füqəranın qazancından kəsib, bir manat yerinə beş manat xərcləməyi, bir maşın yerinə on maşına sahiblənməyi, bir mülk yerinə on beş mülkün açarını gəzdirməyi böyüklük sananlar insanlığı harda itirdiklərinin fərqindədirlər görəsən? Acgözlüyün, doymazlığın, görməmişliyin heçmi həddi olmaz yəni? Axı üç qat ucuza başa gələ bilən işi üç qat bahasına etmək nə zövq verir bu adamlara? Geyinib dolaşdığı 5 min dollarlıq ayaqqabı ilə yer titrədiyini düşünən adama necə anladacaqsan ayaqyalın uşağını məktəbə göndərə bilməyən ata-anaların acısını? Şəxsi mülkünün hamam-tualetinə qızıl üzlük çəkdirən nadana nə anladacaqsan evsiz-eşiksiz ailələrin çəkdiyi zülmləri? Dərd birdimi, beşdimi, ondumu…
“Qızıldan taxtın olunca, quruca baxtın olsun” məsəli eyni ilə bizim üçün deyilib. Qaralı, ağlı qızıllardan yarımadıq. Onların üzündən başımıza gəlməyən oyun qalmadı. Oyun da, oyun içində… Bir bitsə, bir sonu görünsə, bir nöqtəsi qoyulsa. Xalq onsuz da çoxdan mat vəziyyətindədir, şah artıq öz işini görüb. Amma oyun davam edir. Daha betər şəkildə, daha ağır şərtlərdə, daha qeyri-bərabər rəqabət qaydaları ilə. Yüz minlərlə yoxsul və çarəsiz insanın yaşadığı bir ölkədə anlamsız oyunlara milyardlar xərclənir. Illərlə köynək dəyişə bilməyən vətəndaşların ölkəsində hökumət xarici futbol klubunun köynəklərini bəzəmək üçün “uf” demədən 40 milyon avro ayırır. Başqa bir futbol klubunun borcu üçün 30 milyon avro! Hələ yayda Bakıda keçiriləcəyi gözlənən olimpiya oyunları qalmaqalı da bu yandan çıxdı. Bir oyun dəbdəbəsinə, bir “oyun” naminə bunca milyardları israf etməyə dəyərdimi, Allah xatirinə? Reklammı, beynəlxalq imicmi, prestijmi, hər nə isə, olmaz olsun. Olmaz olsun ki, mənim ölkəmin kredit borcunu ödəyə bilməyən qazisi özünü yandırmasın, övladına çörək pulu gətirə bilməyən valideyn intihar etməsin, universitet bitirən gənci işsizlikdən, sıxıntıdan, kədərdən vətənini buraxıb uzaq diyarlara getməsin.
Bu hökumət niyə davamlı olaraq ölkədə qərbin yarış və tədbirlərini keçirməyə can atır ki? Niyə bəyənmədiyi, hər gün telekanallarında yerdən-yerə vurduğu, mətbuatında gözünü çıxardığı Avropanı yamsılamaq üçün bu qədər israfçılıq etməyə razıdır axı? Gərək varmı? Yoxdur vallah. Çünki inkişaf və müasirləşmək yamsılamaqla, xalqın boğazından kəsilən milyardları havaya sovurmaqla olmur. Ola bilməz də. Beyinlər və düşüncələr dəyişmədən boşuna nəfəs tükətməyə dəyməz, inanın. Burada da israf edirsiniz, bilin, nəfəs israfı. Yeniləşmək və inkişaf birbaşa düşüncə işdir, bəli. Qalan məsələlər sonra öz-özünə gedir. “Avropa və qərb niyə irəlidədir” sualının cavabını da gözəl bilirsiniz özünüz. Bilmirsinizsə, bilin ki, o inkişaf böyük zəhmət bahasına, ən əsası israfçılıqlardan qaçmaqla əldə olunub. O inkişaf ölkə vətəndaşlarının qəpiyinin qiyməti bilinməklə, insanın dəyəri hər şeydən yüksək tutulmaqla, hüquq və qaydalara sorğu-sualsız əməl olunmaqla qazanılıb.
Qərbdə gözlə görünən parlaq şeylər azdır bəlkə. Binaları qədim, körpüləri uzaq əsrlərdən qalma, küçələri adi daşlarla döşəli… Orda insanlar bahalı geyimlərin, lüks maşınların, son model telefonların əsiri də deyil. Onlar bütün bunları istehsal edən beyin yetişdirirlər. Onlar bizdə havaya səpilən milyardları təhsilə, elmə, texnoloji tərəqqiyə xərcləyib, bəşəri kəşflərə imza atırlar. Orada insanlar azad, rahat, inamlı və gələcəyə ümidlidirlər. Bütün bunları biz də edə bilmərikmi? Şübhəsiz, edə bilərik. Amma inkişafın “israfçılıq” deyilən bir modeli yoxdur axı. Talançı və nəfsinə düşkün adamlarla hansı cəmiyyət inkişafa gedib çıxıb ki? Baxın, görürsünüz ki, getmir də…