5 aprel mitinqi talançılığın qurbanına çevrilmiş xalqa çağırışdır
Yüksək kredit faizlərinin ağırlığı altında əzilənlər, qarşıdakı dövrdə daha ağır sınaqla üz-üzə qalacaqlar
Hakimiyyət bütün vasitələrlə xalqı aldatmağa, kütləvi narazılıq yarada biləcək məsələlər haqqında yanlış əsaslandırmalar aparmağa çalışır. Amma zaman ən böyük hakim olduğuna görə, həqiqətlər üzə çıxır və hakimiyyətin yalanı ifşa olunur. Bugün ölkə vətəndaşını müflisləşdirən amillərdən biri də kredit faizləridir.
Ölkədə 2.5 milyon nəfər kredit götürüb. Onların götürdüyü məbləğ toplam olaraq 18 milyard manat təşkil edir. Hesablamalara görə, hər götürülən kreditin 18 manatdan 1 manatı ödənilməmiş qalıb. 2009-cu ildə ödənilməyən kredit borcu 303 milyon, 2010-cu ildə bu məbləğ artaraq 493 milyon, 2011-ci ildə 634 milyon, 2012-ci ildə 749 milyon, 2013-cü ilin 11 ayının nəticələrinə görə 800 milyondan artıq, 2014-cü ilin 11 ayının nəticələrinə görə 970 milyon, 2015-ci ilin yanvar ayının nəticələrinə görə isə 1 milyard manat ödənilməmiş kredit borcu var. Göründüyü kimi, hələ 2009-cu ildən ödənilməyən kredit borclarının artması tendensiyası müşahidə olunur. Hazırda Azərbaycan ciddi iqtisadi böhranla üz-üzədir. Əgər vətəndaşlar böhrandan illər əvvəl, hakimiyyətin iqtisadi inkişafdan danışdığı zaman kredit borcu ödəyə bilməyiblərsə, indiki vaxtda bu problemin daha da dərinləşəcəyini söyləmək olar. Yeri gəlmişkən, hesablamalara görə, manatın devalvasiyasından sonra dollarla götürülən kreditlərin üzərinə təxminən 1.7 milyard manat əlavə pul gəlib. Bu o deməkdir ki, vətəndaşlar götürdükləri borcdan xeyli artıq pul ödəməlidir. 1.7 milyard həmin ödəniləcək əlavə məbləğin cəmidir. Lakin müşahidələr göstərir ki, vətəndaşlar dollarla götürdükləri kreditləri hazırkı kursla ödəməkdə ciddi çətinlik çəkir.
Yuxarıdakı statistik rəqəmlərdən də görünür ki, hələ manatın devalvasiyasından öncə, neftin qiymətinin yüksək olduğu dövrlərdə də əhali kredit götürmək məcburiyyətində qalıb və 100 milyonlarla ödənilməmiş kredit borcu olub. Araşdırmalar göstərir ki, bugün məhkəmə çəkişmələrinin böyük əksəriyyəti banklarla müştəri arasında yaranmış problemlərlə bağlıdır.
Bütün bunları niyə xatırladıram? Bundan sonrakı dövrdə kredit borcunun girovuna çevrilənlər daha ağır sınağa çəkiləcəklər. Belə ki, sosial-iqtisadi vəziyyətin pisləşməsi fonunda kütləvi ixtisarlara start verilib, bütün məhsullarda qiymət artımı müşahidə edilir və ailə büdcəsinə daxilolmalar azalır. Nəticədə, dünənə qədər kredit borcunu, övladının təhsil haqqını, zəruri ehtiyaclarını ödəyə bilməyənlər, daha ağır məhrumiyyətlər yaşayacaqlar. Indi hökumət qəsdən qanunvericiliyə dəyişiklik edib, kredit borcalrı ilə bağlı məhkəmə müddətini uzadıb. Məqsəd Avropa Oyunları və parlament seçkilərini yola vermək, bu müddət ərzində əhalinin kütləvi narazılığının qarşısını almaqdır. Yəni Avropa Oyunları və parlament seçkilərindən sonra əhaliyə qarşı daha qəddar münasibət sərgilənəcək və kredit borclarını məcburi ödətdirəcəklər. Hətta borcları ödəməyən xeyli adamı məhkəmə vasitəsilə həbs edəcəklər ki, digərlərinə də dərs olsun.
Bu prosesin qarşısını almaq üçün indidən hərəkətə keçmək və hökuməti geriyə addım atmağa məcbur etmək lazımdır.
Qeyd edək ki, ölkədə əksər banklar hakim ailənin və nazirlərin nəzarətindədir. Yəni bank sektoru da monopoliyaya alınıb və məqsədli şəkildə vətəndaşa 20-30 faizlə kredit verilir. Hansıki, Belarusa 200 milyon vəsaiti 0.01 faizlə vermişdilər. Yaxud, dünyanın hər yerində dəyəri milyonlarla ölçülən layihələr həyata keçirilir, xarici futbol klublarına 70 milyon hədiyyə edilir, mənasız Avropa Oyunlarına 8 milyard xərclənir və s.
Yəni hakimiyyət yalnız ölkə vətəndaşını ağır imtahana çəkir. Vətəndaşa qiymət verilmir.
Deməli, bizi gözləyən fəlakətin qarşısını yalnız etiraz səsimizi yüksəltəmklə ala bilərik. Monopolist məmurları bu talandan imtinaya məcbur etməliyik. Bir sözlə, Milli Şuranın aprelin 5-də keçirəcəyi “Talana və yalana son” mitinqində kredit borcunun ağırlığı altında əzilmiş vətəndaşlar mütləq iştirak etməlidilər. Milli Şura bu mitinqdə məhz sizi təhdid edən problemləri işıqlandıracaq, vətəndaşa qarşı amansız soyğunçuluq siyasətinə “yox” deyəcək. Bu, seçki mitinqi deyil, xalqı alçaldanlara, ölkəni talan edənlərə qarşı etiraz mitinqidir.
Sonrakı mərhələdə peşiman olmamaq üçün, intihar seçimi etməmək üçün, xalq olaraq ortaya mövqe qoymalıyıq.
Biz bilirik ki, vətəndaşların bu mitinqlərə marağı yüksəkdir. Təkcə “Azadlıq” qəzetinin saytından 15 mart mitinqini 130 mindən çox insan izləmişdi. Amma problemlərimizn real həlli virtual dəstəkdən keçmir. Əksinə, virtual aləmdəki münasibətin reallığa çevrilməsindən keçir. Əgər evinizdə oturub, bu çirkin gedişatın tamaşaçısına çevrilsəniz, bu iyrənc tamaşada ən pis rolları sizə verəcəklər.
Aprelin 5-də siz də “Talana son” deyin. Çünki, talan olunan siz, talançılıq edən isə hakimiyyətdir. Siz susduqca onlar daha da azğınlaşacaq, sizin gücsüz vəziyyətinizdən istifadə edəcəklər.
Ayağa qalx, amansız kredit borclarından yaxa qurtarmaq üçün, vətəndaşlıq borcunu ödəmək lazımdır.
Azad