Əli Hüseynov problemilə bağlı icra başçısına müraciətində nələr yazıb?
Ağdamdan məcburi köçkün, şəhid atası Əli Hüseynov Melorasiya və Su Təsərrüfatı ASC-nin Biləsuvar rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayevdən şikayətçidir. Əli Hüseynov bununla bağlı Biləsuvarın icra başçısı Mahir Quliyevə müraciət edib. Şəhid atası müraciətin bir surətini də Azadlıqa göndərib. Əli Hüseynov yazır: "Cənab başçı, sizə 3 dəfə teleqram vurmuşam. Lakin heç birindən cavab almamışam. Ona görə də məcbur olub mətbuat vasitəsilə sizə müraciət edirəm. Həzərinizə çatdırım ki, siz mənə bir şəhid atası kimi hörmət etmisiniz. Mən sizə torpaq sahəmin şoranlaşmadan təmizlənməsinə yardım etmək üçün müraciət etmişdim. Məni qəbul edib problemimi dinlədiniz, məsələnin həlli üçün müaviniz Xanlar müəllimə göstəriş verdiniz. O da bu işi Ədalət Babayevə tapşırdı. Lakin Ədalət Babayev bizə ekskovator verməkdən imtina edir. Mən bütün xərcləri üzərimə götürsəm də, bu, Ədalət Babayevi qane etmir. Hörmətli Mahir müəllim, sizdən xahiş edirəm ki, müraciətimə cavab verəsiniz. Sizdən cavab aldıqdan sonra mən Ədalət Babayevin hərəkətlərindən ölkə başçısına şikayət edəcəm. Onun bir şəhid atasına etdiyi hörmətsizliyə, məruz qaldığım süründürməçiliyə görə tədbir görülməsini xahiş edəcəm".