Kiyevdə məhkəmə Fövqəladə Hallar Xidmətinin keçmiş rəisi Sergey Boçkovski barəsində 2 ay həbs qətimkan tədbiri seçilməsi haqda qərar verib. O, korrupsiyada və səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Məhkəmənin qərarına görə, Boçkovski 1 milyon 200 min qrivna (55 min ABŞ dolları) girov qoymaqla istintaq müddətində azadlıqda qala da bilər.
Martın 25-də Ukrayna milisi hökumətin iclasını dayandıraraq Boçkovski və onun müavini Vasili Stoyetskini canlı yayımda qandallayaraq saxlamışdı. Daxili işlər naziri Arsen Avakov bildirib ki, hər iki məmur ofşor şirkətlərlə bağlı korrupsiya sxemində ittiham olunur.