Cəbhəçi gəncin ailəsi kirayə qaldığı evdən necə çıxarıldı?
Azərbaycan hakimiyyətinin fərqli fikrə, azad sözə münasibətini hamımız yaxşı bilirik. Onu da bilirik ki, hakimiyyət tənqidçilərinə qarşı ən iyrənc üsullarla mübarizə aparır. Necə deyərlər, bu hakimiyyətin mübarizə üsulu da analoqsuzdu. Belə ki, bugünlərdə AXCP Gənclər Komitəsinin fəal üzvü Türkel Azərtürkün ailəsi 4 illik müqavilə əsasında kirayədə qaldıqları evdən çıxarılıb. Səbəb isə ev sahibinin naməlum şəxslər tərəfindən ölümlə hədələnməsi olub. Ondan tələb ediblər ki,Türkelgilin ailəsini evdən çıxarmasan doğmalarını həbs edəcəyik.
Baş verənlərlə bağlı Türkel Azərtürk "Azadlıq"a bunları nəql etdi:
"Bir neçə gün öncə "facebook" hesabımda evdən məcburi çıxarılmağımızla bağlı yazmışdım. Oxumayanlar üçün qısa xatırladım ki, bir neçə gün öncə sahə müvəkkili "Olimpiya qeydiyyatı" bəhanəsiylə kirayə qaldığım evə gələrək, ailə üzvlərimi qeydiyyata aldı. Səhəri gün isə 4 illik müqavilə əsasında kirayə tutduğumuz evin yiyəsi atama zəng edərək bildirdi ki, qızım Moskvadan gəlir 5 günə evi boşaldın. 4 illik müqavilənin olduğunu xatırlatsaq da xeyri olmadı. Ev yiyəsindən sahə müvəkkilinin hədə – qorxu gəlib gəlməməsiylə bağlı maraqlandım. And-aman etdi ki, əlaqəsi yoxdur. Nə isə, beləliklə bu gün yeni evə daşındıq. Elə bu gün də məsələ tam aydın oldu. Aparıb açarı ev yiyəsinə təhvil verəndə kişi ağlayaraq başladı danışmağa. "Sizə "çıxın" dediyim gecə hündür boylu, idmançı görkəmli, iki 30-35 yaşlı kişi qapını döydü. Kim olduqlarını soruşanda DİN-nin əməkdaşları olduqlarını bildirdilər. Qapını açdım. İçəri girər-girməz məni diz üstə çökdürdülər. Dedilər ki, Türkelgil, Əhmədgil 5 günə sizin evdən çıxmalıdırlar. Mən niyəsini soruşanda dedilər ki, sənə gen dünyanı dar edərik. Oğlun Türkiyədə oxuyur. Həbs edib, içəridə öldürtdürərik. Heç kim də bilməz. Qızını Rusiyadan deportasiya etdirib həbs edərik. Oğul, məni presləyiblər qalanını danışa bilmərəm. Özün bilirsən nə edirlər adamı. Bircə zorlamadıqları qaldı. Məni başa düşün". Kişi bunları deyib otağı tərk etdi. Nə qədər israr etsək də daha heç nə demədi. Bu da İlham Əliyevin ağız dolusu danışdığı söz azadlığından istifadənin bədəli. Daha niyə utanırlar ki? ilham Əliyev Səid Nuriylə bağlı imzaladığı "vətəndaşlıqdan çıxarılma" ilə bağlı sərancamı birdəfəlik bizim ailə haqqında imzalasın, işimizi bilək. Çox təəssüf ki, İlham Əliyev Azərbaycanda özünə müxalif olan hər kəsə Kürdəxanıdan başqa hər yerin qapısını bağlamaqda davam edir. Adını tarixə an qatı diktator kimi yazdırmış Stalin deyirdi ki. "Heç bir halda övlad valideynə, valideyn övlada görə məsuliyyət daşımır. İlham Əliyev isə qardaşımın və mənim siyasi fəaliyyətimə görə ailəmizi didərgin edib. Stalin sizə minnətdardır, cənab prezident. Ona rəhmət oxutdurduğunuz üçün".