Manatın yenə də dəyərini itirəcəyi gözlənilir…
Yəməndəki əməliyyatların Yaxın Şərqdən neft təklifinə mənfi təsir göstərə biləcəyi narahatlığını artırması ilə rus rublu dollar qarşısında bahalaşır. Başqa sözlə, rubl neft qiymətlərində baş verən artımdan dəstək alaraq yüksəlir.
Rusiyanın valyutası dollar qarşısında 2.5 faiz bahalaşıb. Rusiyanın istiqrazları və şirkətlərinin səhmləri də bahalaşır.
2014-cü ildə dəyərini demək olar ki, 50 faiz itirən rubl, neft qiymətlərindəki sabitləşmə və Ukrayna ilə əldə edilən atəşkəs nəticəsində bu il 7.6 faiz bahalaşıb.
Yəməndəki əməliyyatların uzunmüddətli olmaması vəziyyətində rublun, neft qiymətlərində 55 dollara doğru gedəcək geri çəkilmə ilə bərabər yaxın perspektivdə 59.13-ə zəifləyəcəyi bildirilir.
Rus rublu bahalaşırsa, görəsən, milli valyutamızı, manatı nə gözləyir?
Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, Mərkəzi Bank devalvasiya haqqında qərar qəbul edəndən sonra maraqlı nəticələr üzə çıxıb. Bəlli olub ki, yanvar-fevral aylarında mal ixracının səviyyəsi 1,4 milyard dollar həcmində azalıb. Ekspertin sözlərinə görə, manatın ucuzlaşdırılmasında məqsəd kimi ixracı stimullaşdırmaq niyyəti ortaya çıxarılmışdısa, sosial-iqtisadi göstəricilərə görə bu, reallaşmayıb. Xarici ölkələrdən idxal təxminən 38,2 faiz artıb. Bütün bunların hamısı isə devalvasiya qərarından sonra baş verib: “Idxalın 38 faiz həcmində artması ciddi narazılıqları üzə çıxarır. Idxalın artmasını şərtləndirən əsas amillər ölkə daxilində istehsalın həcminin kəskin şəkildə azalmasıdır. Əhali, banklar və digər təsisatlar ölkə iqtisadiyyatına kapital yatırımından imtina etdi və istehsal kəskin şəkildə aşağı düşdü. Nəticədə idxalın səviyyəsi bu dərəcədə artdı. Ölkənin idxaldan asılılıq səviyyəsi yüksəlib. Idxalın belə səviyyəsi daxili istehsalın yenidən boğulmasına təkan verir. Yerli malların istehsal şərtləri və şəraiti əlverişsiz olur. Bütün bunlar manatın ucuzlaşdırılmasından sonra baş verən hadisələrdir. Maraqlı nəticə odur ki, yanvar-fevral aylarında keçənilki dövrlə müqayisədə ölkəyə xarici valyuta axını 2 milyard dollar məbləğində azalıb. Keçən ilin bu dövründə xarici ticarətdən 2,6 milyard dollar müsbət saldo əldə olunmuşdusa, bu ilin həmin aylarında cəmi 600 milyon dollar müsbət saldoya nail olunub. 2 milyard dollar müsbət saldodan isə imtina edilib. Nəticədə ölkənin perspektivi üçün ciddi təhlükələr yaranır. Xarici valyuta ehtiyatları və ixracın səviyyəsi aşağı düşürsə, demək, manatın yenidən ucuzlaşması qaçılmaz olacaq”.
N.Əliyevin fikrincə, manatın ucuzlaşmasından qaçmaq mümkün olmayacaq. Görünən mənzərə də bunu sübut edir. Ekspert manatın sabitliyinin təhlükə altında olduğunu deyərək, milli valyutamızın ucuzlaşacağını istisna etmir.
Nigar