Getdikcə ali təhsilə daha çox pul ayrılır. Ancaq buna dəyərmi, bax, bu barədə daha az bilgi var. “Ekonomist” yazır ki, Amerikada ali təhsil maliyyələşmə baxımından dünyada ən böyük sistemdir. Ancaq bu sistem yayıldıqca, ona xərclənən böyük pullara layiq olub-olmaması sarıdan narahatlıq da artır.
Amerikada kütləvi ali təhsil 19-cu əsrdə yaranıb, 20-ci əsrdə Avropa və Şərqi Asiyaya yayılıb. Dünyada tələbə yaşlı əhalinin sayı 14-dən 32%-ə qalxıb. Universitetə gedənlərin sayı istehlak malları, maşın tələbatından da sürətlə artır. Dərəcə almaq hərisliyi anlaşılandır: bu gün yaxşı iş və orta sinfə bilet üçün universitet dərəcəsi bir tələbdir.
ÜDM-in 2.7%-i ali təhsilə gedir
“Ekonomist” yazır ki, bu nəhəng tələbi ödəməyin iki yolu var. Biri Avropa yanaşması – dövlət maliyyələşməsidir ki, bu zaman əksər institutların resursları və statusu eynidir. Ikinci yol isə bazar-əsaslı Amerika modelidir. Dövlət və özəl maliyyələşmə qarışır, yaxşı maliyyə mənbələri olanlar başda gedir, yoxsullar dibdə qalır. Ancaq dünya Amerika modelinə doğru irəliləyir. Daha çox universitet təhsil haqqı istəyir. Bir tərəfdən, bu, əla metoddur. Dünyada ən yaxşı universitetlər kəşflərə, tədqiqatlara imza atır. Ancaq qiymətlər də bahalanır.ÿ OECDÿ ölkələri indi ali təhsilə ÜDM-in 1.6%-ni xərcləyir. 2000-ci ildə bu rəqəm 1.3% idi. Amerika modeli yayılacaqsa, bu rəqəm də yüksələcək. ABŞ ÜDM-in 2.7%-ni ali təhsilə xərcləyir.
Amerika ali təhsilə xərclədiyi pulu çıxarsaydı, lap yaxşı. Tədqiqat baxımından özünü doğruldur. 2014-cü ildə dünyada ən çox istinad edilən tədqiqat işi ortaya qoymuş 20 universitetdən 19-u ABŞ-ındır. Ancaq təhsil baxımından mənzərə daha bulanıqdır. Son araşdırma üzə çıxarıb ki, Amerika tələbələrinin 45%-i universitetin ilk iki ilində uğur qazanmayıb. Təhsil haqqı isə 20 ildə iki dəfə artıb.
Dərəcə alanlar
“Ekonomist” yazır ki, bu heç də o demək deyil ki, universitetə getmək tələbə üçün pis sərmayədir. Dərəcə alanlar almayanlardan daha məhsuldar işləyirsə, onda ali təhsil iqtisadi artıma təkan verəcək. Ancaq işəgötürənlər arasında keçirilmiş bir sorğu da göstərir ki, onlar ən nüfuzlu universitetlərin məzunlarını seçiblər. Lakin bu seçim həmin məzunların öyrəndiklərinə görə deyil, həmin təhsil ocaqlarının sərt seçim proseduruna görə aparılıb.
Əsas səbəb odur ki, ali təhsil üçün bazar, səhiyyədə olduğu kimi, yaxşı işləmir. Hökumət universitetləri tədqiqat işlərinə görə mükafatlandırır, professorlar da diqqəti ona yönəldirlər. Tələbələr də elə bir universitetdən dərəcə istəyirlər ki, işəgötürəndə təəssürat yarada bilsinlər.
Adi test
Yazıda qeyd olunur ki, təhsilin keyfiyyətinin artırılmasının ən yaxşı yolu adi testlərdir – tələbələr oturub imtahan versinlər. Onlayn kursların effekti artırılsın.
OECD-nin orta məktəblər üçün PISA (Beynəlxalq Tələbə Qiymətləndirməsi Proqramı) imtahanı təhsil səviyyəsinin yoxlanmasının bir yoludur. Asiya hökumətləri bu işə daha ciddi yanaşırlar, inanırlar ki, universitetlərinin keyfiyyətinin ölçülməsi onlara beynəlxalq tələbələr qazandıracaq.
Xatırladaq ki, Azərbaycan 2012-ci ildə PISA testlərinə qatılmayıb. Belə ki, 3 il ondan əvvəl – 2009-cu ildəÿ Azərbaycanÿ 65 ölkə arasında 64-cü yeri tutub. Bu ilki imtahanda Azərbaycanın iştirakıyla bağlı məlumat yoxdur.
“Hökumətlər bu işi dəstəkləməlidir. Amerikanın bazar-əsaslı, yaxşı maliyyəsi olan universitetləri o zaman cəmiyyətə faydalı olar ki, tələbələr lazımlı şeyi öyrənsinlər. Yoxsa, böyük pullar boşuna xərclənəcək”, – “Ekonomist” yazır.
“Azadlıq” radiosu