KIV-ə Dövlət Dəstəyi Fondu Azərbaycanın elektron hökumətinə «dədə-baba yolu» ilə «yaxınlaşır»
İnanmasam da, şeytan məni aldatdı
Fərman Nəbiyev, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru, əməkdar jurnalist
Yanvar ayının sonlarında KIVDF-nin yazı müsabiqəsi ilə bağlı elanına rast gələndə iştirak edib-etməməyim barədə xeyli düşündüm. Doğrusu, nə gizlədim, fondun müsabiqələrinin obyektivliyinə o qədər də inanmıram. Çünki bir-iki dəfə məqalə göndərmişdim, amma zəif, heç bir ekspert rəyinə əsaslanmayan, qəhrəmanı olmayan yazılara mükafat verildiyini görürdüm. Həm də anlamışdım ki, bu müsabiqədə qalibləri məqaləsinin keyfiyyətinə görə deyil, imzasının kiməsə yaxınlığına, MÖVQEyinə görə seçirlər.
Amma, lənət şeytana, o məni aldatdı. Fevral ayının sonlarında çap olunanÿ"Gender dünyasında xanımlarımızın yeri"ÿ(Bəylərin idarə etdiyi cəmiyyətdə bacarıqlı, istedadlı, ağıllı qadınların əksəriyyəti imkanlarını, liderlik cəsarətlərini üzə çıxara bilmir. Amma problem bununla bitmir) sərlövhəli, 10359 işarəlik məqaləmi “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi Informasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” sözləri ilə bitirərək, fonda yollamağa qərar verdim.
Qaydalar və şərtlər
Yazıların qəbul qaydaları ilə bir daha tanış odum:
“1.Yazının dərc olunduğu mətbuat orqanı (qəzet, jurnal) – 1 nüsxə; 2.Yazının Elektron variantı (Arial (12) şriftində – CD diskdə) – 1 nüsxə; 3.Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) – 3 nüsxə; 4.Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə).
Bundan sonra tələb olunan sənədləri nəzərdən keçirdim:
1.Əmək kitabçasının işlədiyi KIV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası ilə); 2.Iştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə); 3.Şəxsiyyət vəsiqəsi və surəti; 4.Şəxsi VÖEN və surəti; 5.Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı və hesabın aktiv olması barədə bank tərəfindən təsdiq edilmiş sənəd).
Yazı hazır olan kimi
Tələb olunan sənədləri bir neçə saata hazırlaya bildim. Bir gün öncə isə bankdan rekvizitlərim barədə 10 manata satılan arayışı ala bildiyimdən gözləməyə ehtiyac qalmadı. Bütün sənədləri A4 ölçülü zərfə yığıb, fevralın 25-də yollandım poçtxanaya – Mingəçevirin mərkəzi poçtuna. 1 manat 70 qəpik də burda ödəyib, qəbzimi aldım.
Martın 11-də müsabiqənin yekunu elan olundu, 12-də isə nəticələr KIVDF-nin səhifəsində yerləşdirildi. Adımı gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması istiqaməti üzrə iştirakçıların siyahısında görməyəndə təəccübləndim. Ağlıma gəldi ki, yəqin məktub martın 5-nə – yazı qəbulunun son tarixinə kimi fonda yetişməyib. Amma bu, mənə o qədər də inandırıcı görünmədi. Necə ola bilərdi ki, bizim göyə peyk çıxardan Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin poçtxanası Mingəçevirdən Bakıya məktubu 1 həftəyə çatdırmasın? Az qalmışdım ki, poçtu məhkəməyə verim, gördüm ki, poçtalyon qapımı döyüb, cavab kağızını gətirib. Kağızın üzərindəki qeyddən məlum oldu ki, martın 4-də məktubumu fondda alıblar. Amma ayın 5-nə qədər açıb-açmadıqlarını deyə bilmərəm.
“Şəxsən” sözündə dirənib qaldım
Müsabiqə şərtlərində bildirilirdi ki, məqalələrin qəbulu 28 yanvar 2015-ci ildə başlayır və 5 mart 2015-ci il yazıları təqdim etmək üçün sonuncu tarixdir. Amma belə bir şərt də irəli sürülmüşdü: “Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi Informasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır”.
Indi bu “şəxsən” sözündə dirənib qalmışam. Yəni sənədi zərfə qoyub, öz adından kiməsə rəsmi dövlət poçtu ilə yollamaq şəxsən təqdim etmək kimi anlaşılırmı? Bizim indiyə qədər müxtəlif fərdlərə və təşkilatlara, o cümlədən Prezident Administrasiyasına poçtla göndərdiyimiz məktublar şəxsən təqdim olunmuş sənədlər kimi qəbul olunub. Amma KIVDF-nin təcrübəsində vəziyyət fərqlidir. Yəni məktub o halda qəbul oluna bilər ki, onu “Mirzə Cəlilin Novruzəlisi ilə” göndərməyəsən, ŞƏXSƏN özün aparıb təqdim edəsən. Bu şərti pozduğumdan “Poçt qutusu”na saldığım məktub fonda çatsa da, “ünvanına” yetişməyib.
Hökumət elektronlaşır
On iki ildir ki, Azərbaycan dövləti hökumətin elektronlaşmasına başlayıb. Məqsəd bütün dövlət və dövlətdən maliyyələşən qurumların vətəndaşlarla münasibətlərini daha sivil formada qurmaqdır. Hələ 17 fevral 2003-cü ildə dövlət başçısı Heydər Əliyev ölkəmizin inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın təsdiq edilməsi ilə bağlı sərəncam imzalayıb, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradıb. Son illərdə Prezident Ilham Əliyevin məsələyə ciddi əhəmiyyət verməsi və onun icrasını bilavasitə nəzarətdə saxlaması nəticəsində ölkədə “elektron hökumət”in yaradılması istiqamətində ciddi addımlar atılıb. Belə ki, ?2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı", “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” qəbul olunub.
KIVDF isə…
Son illər Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu sahədə təcrübəsi daha çox maraq kəsb edir. Şura bütün layihələri və hesabatları elektron formada qəbul edir. Yəni artıq kağız yığmaq yoxdur. Hətta kənddə yaşayan QHT nümayəndəsi də şuradan maliyyə almaq istəyirsə, Bakıya gəlməli deyil, elə öz kəndindəki kompüterdən tələb olunan sənədləri elektron formada şuraya göndərməklə işini bitmiş hesab edir. Son illərdə yaranan Gənclər Fondu da layihələrin qəbulunu uzaqlığından, yaxınlığından asılı olmayaraq, hamıya əl çatası formada qəbul edir.
Bəs nədən informasiya resursları ilə işləyən, daha çox nümunə göstərməli olan KIFDF-də bunları etmirlər? Iş o yerə çatıb ki, müsabiqədə qalib gələn yazıların linkini də səhifədə yerləşdirməyi “unudurlar”. Halbuki, dövlət vəsaiti hesabına ayrılan vəsaitin xərclənməsi barədə ictimaiyyətin məlumat almaq haqqı var.
Ekspertlər bu qədər yazını necə oxuyur?
KIVDF-nin qiymətləndirmə meyarlarında mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma; materialın oxucu üçün informasiyalılıq səviyyəsi; yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi; jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti; ictimai maraqların müdafiəsi əsas götürülür. Lakin müsabiqədə qalib olmayanlar bu şərtlərə nə dərəcədə əməl etmədiklərini bilmək istəyirlər. Yəni əsaslandırılmış cavabı gözləyirlər.
Araşdıranda məlum olur ki, martın 5-dən 10-dək bu qədər yazını (sonuncu müsabiqəyə bizim yazımız istisna olmaqla, 54 KIV tətəfindən 120 məqalə təqdim olunmuşdu) oxuyub bitirmək praktiki cəhətdən mümkün deyil. Həmin məqalələri KIVDF ekspertlərinin 4-5 günə “qiymətləndirməsi” Ginnessin “Rekordlar” kitabına düşə bilər. Hətta jurnalistlər zarafatla deyirlər ki, ekspertlər yazının bir adına baxırlar, bir də müəllifin görünməyən imzasına. Yeri gəlmişkən, bizim də bir neçə dəfə iştirakçısı və qalibi olduğumuz başqa təşkilatların müsabiqələrində 15-20 yazını qiymətləndirmək üçün ekspertlərə 2 aydan artıq vaxt ayrılır.
Bölgə mətbuatına diqqətsizlik
2003-cü ildə Azərbaycan Mətbuat Şurası yaranandan sonra təşəbbüslər fayda verdi, Mətbuatın Inkişafına Dövlət Konsepsiyası qəbul olundu. Konsepsiyanın əsas müddəalarından biri də bölgədəki müstəqil mətbuata müsabiqədənkənar yardım göstərilməsi idi. Ümid edirdik ki, KIVDF bu istiqamətdə ciddi addımlar atacaq. Amma paytaxtdakı bir qrup qəzeti mütəmadi maliyyələşdirən fond bölgələrdə cəmi bir dəfə hər qəzetə min manatlıq avadanlıq verməklə, arabir “yerli mətbuatın inkişafı” adı ilə 1-2 saatlıq toplantılar keçirmək və mühazirələr oxumaqla işini bitmiş hesab etdi. Halbuki Bakıdan kənardakı şəhər və rayonlardakı qəzetlərin poliqrafiya bazasına, reklam bazarına, peşəkarlıqlarını artırmaqla bağlı davamlı təlimlərə ciddi ehtiyacı var. Onlar ayağa qalxmaq üçün fonddan uzun müddətə və faizsiz kredit də götürməyə hazırdırlar.
Neçə illər ərzində fondun xərclədiyi vəsaitdən bir manat da geri qayıtmır. Belə şərait isə hazırda fonddan maliyyələşənləri ələbaxımlığa öyrədir.
Jurnalisti xərcə salmağa nə ehtiyac?
Bu gün istənilən KIV və jurnalistlə bağlı KIVDF-nin elektron bazasında (əgər varsa) bütün informasiyaları yerləşdirmək olar. Bu o deməkdir ki, jurnalistdən hər dəfə eyni məzmunlu informasiyaları tələb etmək lüzumu aradan qaldırılar. Hətta bank hesabı barədə arayışı da yığışdırmaq mümkündür. Fond bunu özü əldə edə bilər. Indiki halda isə, müsabiqəyə qatılan hər bir şəxs bu bir səhifəlik arayışı almaq üçün banka 10 AZN ödəmək zorunda qalır (Bankların sadə bir arayış üçün bu qədər haqq alması başqa bir mövzunun söhbətidir). Üstəlik, məqaləni şəxsən təqdim etmək üçün rayonda yaşayan qəzet işçisinin Bakıya gediş-gəlişi, yaşayış və gündəlik xərcləri ən azı 40-50 AZN-ə başa gəlir. Hələ mehmanxanda gecələyəsi olsa, bu xərc xeyli artır, çünki paytaxtda ucuz hotel tapmaq da müşküldür.
Sivil dünyada jurnalist yazısının elektron variantını və linkini göndərməklə çox asanlıqla müsabiqələrə qatıla bilir və bir qəpik də xərc çəkmir. Bəs bizdə niyə belə deyil? Dövlət vəsaiti ilə maliyyələşən, amma elektron hökumətə qoşulmaq istəməyən KIVDF-nin şəffaflıqdan uzaqda durmaqda və qazancı az olan jurnalisti kağız-kuğuzlarla xərcə salmaqda görəsən məqsədi nədir? Başqalarını deyə bilmərəm, amma mən bu müsabiqəyə qatılmaqla ŞƏXSƏN 11 manat 70 qəpik ziyana düşdüm.
mi-news.az