Bu gün səhər saatlarında Salyan şəhərində ev yanıb. Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, rayonun “Plastik yaşayış massivi”ndə imkansız ailələr üçün tikilmiş şəhərcikdə birmərtəbəli ikiotaqlı evdə yanğın baş verib.
H.Məmmədov küçəsindəki evin dam hissəsində başlayan qəfil yanğın nəticəsində dam örtüyü yanaraq içəri töküldüyündən ev əşyaları da tamamilə yanıb. Dərhal hadisə yerinə gələn FHN-in yanğınsöndürənləri alovun bitişik tikilmiş evlərə keçməsinin qarşısını alıb və yanğını söndürüblər.
Ev sahibəsi 27 yaşlı Cəmalə Xəlilova bildirib ki, həyətdə iş görərkən evin damının qəfildən alovlandığını görüb. Onun dediyinə görə, xoşbəxtlikdən 4 azyaşlı uşağı da onunla birgə həyətdə imiş. Cəmalə Xəlilovanın həyat yoldaşı Hüseyn Xəlilov isə ağır vərəm xəstəsi olduğundan yaxınlıqdakı xəstəxanada yatırmış.
Bu ev Xəlilovlara dövlət tərəfindən imkansız ailə kimi müvəqqəti yaşayış üçün verilibmiş. Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal edilsə də FHN-in Muğan Regional İdarəsinin əməkdaşları tərəfindən təhqiqat işlərinə başlanılıb.