elnurastanbeyli@gmail.com
Bilmirəm, təqvimində bu qədər bayram, amma adamları da bayram ovqatından, bayram şövqündən, bayram sevincindən bu qədər uzaq olan başqa bir ölkə varmı? Illər dəyişib həyatımızda yaxşılığa doğru heç nə dəyişmədikcə Yeni il öz mənasını itirir. Ya da baharın təbiətə gətirdiyi rəngarənglik, təravət insanların həyatında hiss olunmadıqca Novruz ögeyləşir, yadlaşır.
Elə ona görə də ətrafımızda bayramların on il, 20 il, otuz il… əvvəl daha gur, daha hay-haraylı, daha fərəh, nəşə dolu keçdiyini düşünənlərin, “bu qədər dərdin, bu qədər qayğının içində nə bayrambazlıqdı?” deyənlərin sayı ildırım sürəti ilə artır. Elə ona görə ilbəil bayram sevinclərini, bayram təbriklərini bölüşənlər azalır.
Əslində “bu qədər dərdin içində…” söyləmək doğru da deyil. Ölkədə çoxluğun – kütlənin, lap dəqiq desək, “qara camaaat”ın bircə dərdi var: “bir qarın çörək”.
Və çoxluğun “bir tikə çörək” dərdi, qayğısı ilə yaşadığı, buna məcbur qaldığı ölkənin xilası, təqvimindəki bayramların doğrudan da bayram kimi yaşanması, qeyd edilməsi çətin məsələdir. Həmin ölkə getdikcə daha çox qaranlığa bürünməyə, getdikcə daha dərin bataqlıqda çapalamağa məhkumdur.
Bəli, Azərbaycan elə bir vəziyyətə gəlib-gətirilib ki, artıq insanların “dərd menyüsü” də yeknəsəqdir, birrənglidir: “bir tikə çörək” dərdi.
O “dərd menyüsü”ndə “bir tikə kitab”, “bir tikə teatr”, “bir tikə təhsil”, “bir tikə elm” yoxdur artıq. Yoxdursa “hara gedirik?”, “yolumuz hayanadır?”, “niyə belə oldu?”, “nə vaxtacan belə davam edəcək?” kimi suallar da olmayacaq. Bu sualları özünə və başqalarına verməyən, onların cavab axtarışına çıxmayan toplumların isə hər yeni günü hər ötən günündən daha ağır, daha sıxıntılı, daha hüznlü gəlməyə bilməz.
Bəli, hər nə qədər adam ümidsiz olmamağa, pessimist danışmağa, yazmamağa çalışsa da, reallıqları tamamilə gözardı etmək, gerçəkliklərdən tamamilə qopmaq da mümkün deyil. YAP rejimi Azərbaycanı yalnız onun sərvətlərini talayaraq maddi baxımdan çökdürməyib. Həm də Azərbaycanı ruhən, mənən böyük bir enişin, böyük bir çöküşün, qürubun astanasına gətirib. Mənəvi olan heç nəyin dəyəri, anlamı qalmayıb.
Indi hər kəs ancaq qarnı ilə düşünməyə, qarnı ilə hiss etməyə, qarnı ilə fikirləşməyə məcbur və məhkum vəziyyətdədir.
Ən dəhşətlisi isə odur ki, bu qədər ağır, məşəqqətli, qayğı dolu həyat bizdə hər hansı bəşəri ideologiyanı, hər hansı dəyərlər sistemini ön plana çıxarmadı, gücləndirmədi. Şərdən istənilən maddi imtiyaz qoparmaq üçün hazır dayanmış liberalizmdən xəbərsiz liboşları, Marksdan bixəbər solçuları, dünənəcən ateizm mühazirələri oxuyub bu gün həccin, Məşhədin yolunu su yoluna döndərən dinçiləri, ya da boğazdan yuxarı millətçiləri birdəfəlik istisna edək.
Yedə qalan kiçik bir qrupun Don Kixotcasına, dürlü-dürlü fədakarlıqlar, əzabkeşliklər hesabına dəyər adına nələrisə qoruyub saxlamaq istəməsinə qarşı mütləq çoxluğu birləşdirən yeganə “dəyərlər sistemi”, yeganə “fəlsəfə”, yeganə “ideya qardaşlığı” isə – nə dinçilikdir, nə millətçilikdir, nə solçuluqdur, nə də başqa bir şey, olsa-olsa, “bir tikə çörək”çilikdir! Həyatın bütün məna və məqsədi, yaşam mübarizəsinin bütün anlamı məhz ondadır – “bir tikə çörək”də!
Nə vaxtsa belə bir lətifə oxumuşdum: kentavr bir daşın qabağında dayanıb düşünür. Daşın üzərində yazılıb: “Sola getsən, atını itirəcəksən, sağa getsən, başını itirəcəksən…”
Bizim üçün isə daha çətindir, ona görə ki, itirməkdən qorxuruq. Yox, yox, onsuz da itirilmiş illər ölkəsində yaşayırıq, ən yaxın keçmişimiz isə gözəl, azad, ləyaqətli bir gələcək əldə etmək üçün itirilmiş imkanlarla, fürsətlərlə doludur.
Bizim üçün sadəcə ona görə çox çətindir ki, nə solumuz var, nə sağımız. Sözün hər, o sıradan ideya mənasında!