«Talana və yalana son» deyə bilməyən xalqı, «Talana və yalana davam» deyərək köləyə çevirəcəklər
2015-ci ilin ilk rübü Azərbaycan xalqının yaddaşına pis xəbərlərlə yazıldı. Milli valyuta 34 faiz dəyərini itirdi, əhalinin əmanətlərinə ziyan vuruldu, qiymət artımının anonsu verildi, ölkə iqtisadiyyatının neftdən asılı vəziyyətdə olduğu rəsmən etiraf edildi, kütləvi ixtisarlar həyata keçirildi və s. Ən pisi isə budur ki, bugünə qədər ölkəyə daxil olmuş 110 milyard neft pulundan səmərəli istifadə olunmamış, hakimiyyət ölkənin sərvətini talan etməklə məşğul olmuş və ölkə vətəndaşı ehtiyac bataqlığında qalmışdı.
Bundan sonra isə valyuta ehtiyatlarının artacağı, əvvəlki pul axınının davam edəcəyi proqnozlaşdırılmır. Yəni, 2015-ci ilin ilk “müjdə”si, “analoqsuz inkişaf” ifadəsinin nağıl olduğunu təsdiqləmək oldu. Daha dəhşətlisi isə bu qədər çılpaq həqiqətlərdən sonra hakimiyyətin israrla xalqı aldatmağa çalışmasıdır. Əvvəlcə ölkə başçısı milli valyutanın sabit qalacağını, neftin ucuzlaşmasının ölkə vətəndaşına təsir etməyəcəyini, ərzaq məhsullarının qiymətinin qalxmayacağını vəd verdi. Sonra isə Mərkəzi Bankın sədri bu vədləri əsaslandırmağa çalışdı. Amma bir neçə gün keçməmiş həm valyuta ucuzlaşdı, həm ölkə vətəndaşı böhranı həyatında hiss etdi, həm də bazarda qiymət artımı müşahidə olundu. Hətta hakim ailəyə yaxınlığı ilə seçilən “Azərsun Holdinq” qiymətlərin 17 faiz artırılacağının anonsunu verdi. Yəni məlum oldu ki, ölkə başçısı xalqın başının altına yastıq qoyur və növbəti talançılığa zəmin hazırlayır.
Bir sözlə, baş verənlər hakimiyyətin yarıtmaz siyasətini üzə çıxardı və xalqı daha ağır məhrumiyyətlər gözlədiyini təsdiqlədi. Belə bir vaxtda Milli Şura “Talana və yalana son!” şüarı ilə mitinq keçirdi və xalqa baş verənlərin izahını verdi. 15 mart mitinqinə ictimaiyyətin dəstəyi, mətbuatda mitinqlə bağlı informasiyaların 100 minlərlə insanın oxuması, bu mitinqə tələbatın yüksək olduğundan xəbər verirdi. Təbii ki, hakimiyyət də xalqın narazı olduğunu bilirdi və bütün vasitələrlə bu mitinqə əngəl törətməyə çalışırdı. Amma bütün təxribatlar hədər getdi və minlərlə insan “Məhsul” stadionuna gəlib etiraz səsini ucaltdı. Çünki, insanlar da başa düşürlər ki, bu mitinqin məqsədi Milli Şura rəhbərliyinin özünü reklam etmək cəhdi deyil. Əksinə, hamını təhdid edən talançılığa etiraz etmək, hakimiyyətdən izahat istəmək və yarıtmaz siyasətdən imtinaya səsləmək idi.
Əslində, 20 illik yarıtmaz siyasətin nəticəsində milyonlarla ölkə vətəndaşı ağır zərbə alıb. Ona görə də bu mitinqdə milyonlar iştirak etməli idi. Varlı ölkənin dilənçi vətəndaşına çevrilən hər bir şəxs, mitinqdə iştirak etməməklə talançılığa haqq qazandırmış olur. Təhsilin, səhiyyənin, hüquq sisteminin, kənd təsərrüfatının bərbad vəziyətə salınması, milyardların ölkədən oğurlanması, sadə vətəndaşın gələcəyinin məhv edilməsidir. Korrupsiyaya, oğurluğa, şər-böhtana, yaltaqlığa, ədalətsizliyə “yox” deyə bilməyən hər kəs, xəyanətə şərikdir. Əgər biz bu ölkənin vətəndaşıyıqsa, övladlarımızı bu ölkədə böyüdəcəyiksə, həyatımızı bu ölkədə sona çatdıracağıqsa, niyə susmalıyıq? Bu hakimiyyət bizim susqunluğumuzdan güc alır. Biz susduqca, onlar daha çox oğurlamağa, zorakılıq etməyə həvəslənirlər.
Bu çirkin gedişi dayandırmaq üçün etiraz aksiyaları davamlı olmalı və xalq hakimiyyətdən israrla izahat tələb etməlidir. Məhz buna görə Milli Şura aprelin 5-də növbəti mitinqini keçirəcək. Hakimiyyət xalqın kütləvi etirazından qorxduğu üçün qiymət artımını müvəqqəti dayandırıb. Təbii ki, bəzi məhsullarda qiymət artımı müşahidə olunur. Amma neftin qiymətdən düşməsi nəticəsində yaranmış kəsirləri aradan qaldırmaq lazımdır və bunun yükünü də xalqın belinə yığmaq istəyirlər. Çünki, yaranmış böhranı 20 ildir oğurladıqları milyardlar hesabına sığortalamq istəmirlər. Ona görə də amansız qiymət artımları qaçılmaz olacaq. Az maaşla dolanan, minimal təqaüd alan, işsizlikdən əziyyət çəkən vətəndaş üçün isə qiymət artımı ikinci zərbədir.
Deməli, hakimiyyəti iyrənc planlardan yayındırmaq üçün mitinqdə kütləvi iştirak etmək, yalanlara boyun əymədiyimizi isbatlamaq şərtdir. Köləliyi könüllü qəbul etmiş xalqlar bədbəxtliyə məhkumdular. Ölkəmizdə baş verən ədalətsizliklərə evimizdə oturub tamaşa etməyək. Unutmayaq ki, bugün zindan həyatı yaşayan 100-lərlə vətəndaş bizim uğrumuzda savaşdıqları üçün həbsdədilər. 150 manat maaş alan müəllimə “get fəhlə işlə” deyən, şəhid ailələrinin sığorta pulundan imtina edib erməni idmançılara milyonlar xərcləyən, yüksək faizlərlə kredit verib, xalqı müflis edən, sərvət oğurlamağı peşəyə çevirən, Qarabağ qazisini intihara sürükləyən, ölkəyə gətirilən məhsulları 20 dəfə baha qiymətə satışa çıxaran bir zehniyyətlə üz-üzə qalmışıq.
Bu ölkənin xilasını kənardan gözləmək sadəlövhlükdür. Dünyanın bütün hakimiyyətləri xalqların qarşısında acizdilər.
5 aprel mitinqində iştirak edin. Imkan verməyin ki, hakimiyyət sizi köləyə çevirdiyindən əmin olub rahatlansın. “Talana və yalana son” deyə bilməyən xalqa, “Talana və yalana davam” deyərək divan tutacaqlar. Ədalətsizliyə qarşı savaşın tamaşaçısı olmayın, iştirakçısına çevrilin.
Akif