Hakimiyyət Bakını Dubaya çevirməkdə israrlıdır
Bakının məşhur “Sovetski” ərazisini ərəb investorları icarəyə götürüb. Ərazinin boşaldılması və yararlı hala salınması üçün Azərbaycan hökumətinə 7 milyard dollar ayrılıb. Bu barədə "Azərbaycan saatı" proqramı məlumat verib. Məlumata görə, ərəb iş adamları “Sovetski” ərazisini 99 il müddətinə icarəyə götürüblər. Ərazi boşaldıldıqdan sonra orada hotellər, restoranlar, əyləncə və istirahət mərkəzləri tikiləcək.
Xatırladaq ki, indiyədək hökumət “Sovetski” ərazisində heç bir kommersiya obyektinin tikilməyəcəyini, burada yalnız park salınacağını inadla bildirsə də, mətbuatda bu ərazinin əcnəbi iş adamlarına və ya yerli oliqarxlara satıldığı barədə məlumatlar yayılmaqdadır.
Hələ 2011-ci ilin avqustunda “Yeni Müsavat” qəzeti yazırdı ki, öncə “Sovetski”nin bir ingilis şirkətinə satılması nəzərdə tutulub, sonra oliqarx-məmurlar bu massivin ingilislərə satılmasına imkan verməyiblər. “Sovetski” sakinləri köçürüləndən sonra ərazidə yeni binalar və başqa tikililər inşa olunacaq. Bu işlər üç məmur arasında bölüşdürülüb: Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev. Məlumata görə, “Sovetski”də Komitə sədrinin “Azinko”, FHN rəhbərinin “Gilan-Holdinq” və “Azərenerji” prezidentinin “Azenko” tikinti şirkəti tərəfindən layihələr həyata keçiriləcək.
2013-cü ilin iyulunda isə “Trend” agentliyi “Sovetski” ərazisinin yenidən qurulması layihəsində iştirak etmiş mənbəyə istinadən xəbər verirdi ki, bu tarixi ərazinin maksimum 20 faizində yaşayış məhəllələri saxlanılacaq. Heydər Əliyev sarayından başlayan və Füzuli meydanındakı dairəyədək çatdırılan bulvar zolağı gələcəkdə Hüseyn Cavid parkınadək uzanacaq və bununla da bu ərazi iki hissəyə – Istiqlaliyyət küçəsindən Mirzağa Əliyev küçəsinədək və Mirzağa Əliyev küçəsindən Salatın Əsgərova küçəsinədək bölünəcək.
Mənbənin sözlərinə görə, birinci sahədə Nazirlər Kabinetinin reyestrinə daxil edilmiş yerli təyinatlı təqribən 180 mədəni obyekt yerləşir. Burada memarlıq binaları saxlanılacaq, az əhəmiyyətli yaşayış tikililəri söküləcək və onların yerində 4-5 mərtəbədən çox olmayan yeni tikililər ucaldılacaq: “Bu, Içərişəhərin yaxşı davamı olacaq və paytaxtın qonaqlarına yeni turizm marşrutlarını təklif etməyə imkan verəcək. Bununla da şəhərin bu ərazisində mehmanxana, restoran, suvenir mağazaları, biznes mərkəzləri və s. açılması daha rentabelli olacaq”.
“Trend”in istinad etdiyi mənbə deyib ki, “Sovetski”də yeni mənzillərin tikintisi yalnız ikinci sahədə nəzərdə tutulub. Bu zaman belə tikililərin hündürlüyü 5-7 mərtəbəni ötməməlidir. 12-15 mərtəbəli binaların inşası isə Nərimanov prospekti (keçmiş Sovet küçəsi – red.) boyunca mümkün olacaq.
Belə məlumatlar ötən il “Sovetski”də söküntü işləri ərəfəsində də yayılırdı. Məsələn, movqe.az saytının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən 2014-cü ilin aprelində yaydığı məlumata görə, Böyük Bakının Regional Inkişaf Planına əsasən Bakı amfiteatrı ərazisi mərkəzi biznes rayonu olacaq. “Bakı amfiteatrı” dedikdə isə elə “Sovetski” məhəllələrinin yerləşdiyi ərazi nəzərdə tutulur.
Bununla belə, hökumət xalqı inandırmağa çalışdı ki, “Sovetski” boşaldılandan sonra orada nəinki biznes obyektləri, heç yeni yaşayış binaları da tikilməyəcək; ərazidə yalnız yaşıllıq salınacaq. Heç kəsin evinin zorla sökülməyəcəyi də vəd edildi, ancaq sonra bütün evlər, küçələr hasara alındı.
Maraqlıdır ki, ötən ilin iyununda yerli icra hakimiyyəti öncə “Sovetski” və Abdulla Şaiq küçələri arasındakı bütün evləri hasarlasa da, sonra Fuad Ibrahimbəyov və Balababa Məcidov küçələrilə kəsişmədəki hissənin hasarlarını sökdü. O zaman “Azadlıq” qəzetinin müxbirinə sakinlər bildirmişdi ki, “Sovetski”nin sözügedən hissəsini “Gilan Holdinq” alıb və hasarları da həmin holdinq sökdürüb. Bu yerdə söküləcək evlərin sahibləri ilə alğı-satqını da holdinq özü aparacaq. Qeyd edək ki, “Gilan Holdinq”ə məxsus “Capital Towers” yaşayış kompleksi də “Sovetski” və Fuad Ibrahimbəyov küçələrinin kəsişməsində yerləşir.
“Sovetski” Bakının ən əhəmiyyətli ərazilərindən biridir. Bu ərazi əcnəbi və yerli iş adamlarının diqqətindən kənarda qala bilməzdi. Eyni zamanda, “Bakı amfiteatrı”na düşən bu 85 hektarlıq sahənin “səmərəsiz” istifadəsi korrupsioner hakimiyyətə rahatlıq verməzdi. Odur ki, “Sovetski”nin biznes maraqlarına qurban verilməsi xəbərləri inandırıcıdır. Xüsusilə, hakimiyyətin ərəb investorları ilə işbirliyi daha ağlabatandır. Iki-üç il öncə BBC radiosunun Bakıdan hazırladığı bir reportajda deyildiyi kimi, axı, hökumət “evyıxma” kampaniyası ilə paytaxtı Dubaya çevirmək istəyir…
Sosial şöbə