Fransa prezidenti Azərbaycan rəsmiləri ilə nələri müzakirə edəcək?
Vəfa Quluzadə: «Cəbhə bölgəsində atəşkəsin intensiv pozulması təhlükəli durum yaradıb»
Fransa prezidenti Fransua Ollandın aprelin 24-25-də Yerevana və Bakıya səfəri nəzərdə tutulub. Açıqlanan rəsmi məlumata görə, Olland səfər zamanı azərbaycanlı və erməni həmkarları ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.
“Trend”in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Fransanın Avropa işləri üzrə dövlət katibi Arlem Dezir bildirib. “Hazırkı status-kvo Azərbaycanın və Ermənistanın maraqlarına cavab vermir. Buna görə də respublikanın Prezidenti diplomatik təşəbbüslərin yenilənməsinə kömək etməyi arzulayaraq, 27 oktyabr 2014-cü ildə Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə sammit çağırmışdı. Bu görüş zamanı ilk humanitar addım – itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi üzrə razılıq əldə olunmuşdu”, deyə dövlət katibi vurğulayıb.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Fransa prezidentinin səfəri mühüm əhəmiyyət kəsb edir. Ollandın Azərbaycan rəhbərliyi ilə müzakirə etməyə çox mövzusunun olduğunu deyən V.Quluzadə əlavə etdi ki, Rusiyanın hazırda dünyada apardığı aqressiv siyasət bu istiqamətdə müzaikrələri vacib edir: “Bzejinski bu yaxınlarda bəyanat vermişdi ki, Rusiyanın apardığı siyasətin Azərbaycana da ciddi təsirləri ola bilər. Rusiya Ukraynadan başqa Azərbaycana, Moldovaya, Gürcüstana da ciddi təhdid yaradır. Fransa Avropanın böyük nüvə dövlətidir. Ona görə bu dövlətin rəhbərliyi ilə aparılan danışıqlar mühüm əhəmiyyət kəsb edir”.
Eyni zamanda Qarabağ probleminin də gündəmdə olduğunu deyən V.Quluzadə bildirdi ki, son zamanlar cəbhə bölgəsində atəşkəsin pozulması intensivləşib. Ona görə Avropa dövlətləri bu təxribatların bir gün genişmiqyaslı hərbi əməliyyatlara çevrilməsini istəmir.
Xəyal