Azərbaycanın aparıcı meyvə şirələri istehsalçısı olan “Balacans” MMC-nin fəaliyyətini dayandırdığı bildirilir.
“Marja”nın bazar iştirakçılarından əldə etdiyi məlumata görə, artıq şirkət satışa mal vermir. Mağazalardakı mövcud mallar da geri yığılıb.
“Marja” iddianı dəqiqləşdirmək üçün “Balacans” MMC ilə əlaqə saxladı. Şirkətdən adının açıqlanmasını istəməyən əməkdaşı bildirdi ki, MMC-nin zavodu fəaliyyətini tam dayandırmayıb.
“Zavodun fəaliyyəti tam dayandırılsaydı debitor və kreditorlara məlumat verilərdi. Müəssisə fəaliyyətini dayandırmayıb. Bu böyük müəssisədir”.
SATIŞA MAL VERİLMİR
Şirkətin əməkdaşı mağazalardan malların geri yığılmasının doğru olduğunu bildirərək qeyd edib ki, məhsulların geri yığılması onların istifadə müddətinin bitməsi ilə bağlıdır. Hazırda marketlərə yeni mallar da verilmir:
“Qış olduğundan meyvələr yoxdur. Ola bilsin ki, bayramlardan sonra soyuducularda keçən ildən yığılıb saxlanılmış xammaldan istifadə edərək yenidən istehsala başlayaq. Mürəbbə, kompotlar və meyvə şirələrinin istehsalı nəzərdə tutulur”.
“İŞÇİLƏR MƏZUNİYYƏTƏ GÖNDƏRİLİB”
Şirkətin əməkdaşı təsdiq edib ki, bir qrup işçilər mövsüm ilə bağlı olaraq məzuniyyətə buraxılıblar.
“Mövsüm vaxtı zavodda təxminən 120 nəfər çalışır. Hazırda 55 işçi qalıb”, – o deyib.
“Balacans” MMC 2006-cı ilin iyul ayında təsis olunmuşdur. Şirkət Azərbaycanın şimal-qərb zonasının gözəl guşələrindən biri olan Balakən şəhərində yerləşir. “Balacans” MMC alkoqolsuz içkilər üzrə dünyanın aparıcı istehsalçısı olan “Coca-Cola” şirkəti ilə fəal əməkdaşlıq edirdi. Şirkətin zavodunda “Cappy”, “Dimes” və “O’grae” təbii şirələrinin tökülməsi həyata keçirilirdi.
2012-ci ildə “Balacans” MMC-nin 200-ə yaxın əməkdaşı olub. Şirkətin həmçinin bütün Azərbaycan üzrə distribütor və marketinq fəaliyyətinin inkişafı ilə məşğul olan Bakı nümayəndəliyi də var.