Mərkəzi Bankın valyuta ehtiyatları kəskin azalıb
2015-ci ilin fevral ayının yekunlarına görə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11 milyard dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 faiz, ilin əvvəlinə nisbətən 20 faiz, yanvarın sonu ilə müqayisədə 13,2faiz azdır. Məlumatı Mərkəzi Bank öz saytında yayıb.
Iqtisadçı ekspert Samir Əliyev hesab edir ki, bunun səbəbi son dövrlər manata güclü təzyiqin olması fonunda devalvasiya gözləntilərinin yaratdığı panikadır: “Əhalinin kütləvi şəkildə dollar alışına girişməsi nəticəsində dollara tələbat yüksəldi və Mərkəzi Bankın bazara intervensiyası kəskin artdı. Əgər proses belə davam etsəydi qısa müddətdə valyuta ehtiyatı “əriyərdi”. Çünki, xüsusilə də yumşaq devalvasiya zamanı gündəlik intervensiyanın həcmi 500 milyon dollar olub”.
Samir Əliyev bildirir ki, 34 faizlik kəskin devalvasiyadan sonra intervensiya, demək olar, yoxdur. Bu baxımdan ekspert düşünür ki, növbəti aylarda Mərkəzi Bankın ehtiyatlarının kəskin azalması müşhaidə edilməyəcək. Devalvasiyaya gəlincə, Samir Əliyev deyir ki, bu dünya bazarında neftin qiymətinin dəyişmə istiqamətindən asılı olacaq: “Neft 30-40 dollar həddinə düşərsə, ikinci devalvasiya ehtimalı yüksəkdir. Bu halda 10-20 faiz devalvasiya olması mümkündü.
Əgər neft 70 dollardan baha olarsa, bu halda devalvasiya təhlükəsi ən azı ilin sonuna qədər təxirə salınacaq və hətta manat bir qədər bahalaşmağa başlayacaq.
Neft indiki səviyyədə qalarsa, manatın zəif ucuzlaşmasını hiss edəcəyik. Bu proses zəif və tədricən olacaq. Təxminən ilin sonuna kimi 10 faiz ucuzlaşa bilər".