Anna Duritskaya ölümlə hədələndi, Ukrayna Prokurorluğu hərəkətə keçdi
Boris Nemtsovun qətlinin əsas şahidi olan ukraynalı model Anna Duritskayanı ölümlə hədələyirlər. Bu barədə Ukraynanın Baş Prokuroru Viktor Şokin məlumat verib. Şokin şahidin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlərin görülməsinə göstəriş verdiyini bildirib.
Hədələndiyi barədə polisə A.Duritskaya özü məlumat verib. Martın 5-də Daxili İşlər Nazirliyinin Belotsekovskiy şəhər şöbəsinə müraciət edən Duritskaya ailəsi ilə birgə yaşadığı ünvanda naməlum şəxslər tərəfindən ölümlə hədələndiyini bildirib. Artıq fakt üzrə cinayət işi başladılıb, araşdırma gedir. Baş Prokuror Şokin işin birbaşa öz nəzarətində olduğunu açıqlayıb.
Ukraynalı model ölkəsinə bir neçə gün əvvəl qayıdıb. Nemtsovun ölümündən sonra üç gün Moskvada qalan Duritskaya sonradan Rusiya İstintaq Komitəsinin icazəsi ilə Kiyevə – ailəsinin yanına gəlib. Komitədən bildiriblər ki, Duritskaya istintaqa lazımi ifadələri verib və hələlik onun Rusiyada qalmasına ehtiyac yoxdur. Lakin zərurət yaranacağı təqdirdə o, istintaqla əməkdaşlıq üçün yenidən geri çağırıla bilər.
Rusiya müxalifətinin aparcı simalarından olan B.Nemtsov bu il fevralın 28-də Moskvanın mərkəzində qətlə yetirilib. Naməlum şəxs silahla ona dörd dəfə atəş açıb. Hadisə zamanı Nemtsovun yanında Anna Duritskaya olub. İş üzrə cinayət işi başladılıb, təhqiqat aparılır. Hələlik heç kim şübhəli şəxs qismində işə cəlb edilməyib.
Gültəkin