Fevralın 21-dən bəri ölkədə aləm qarışıb. Yəni manatın qəflətən dəyərdən düşməsi elə ajiotaj yaradıb ki, neçə gündür səngimək bilmir. Bazar-dükanlarda qiymətlərin qəfil qalxması vəziyyəti o həddə çatdırdı ki, indiyədək “biz siyasətə qarışmırıq” deyənlərin bir qismi Fəvvarələr meydanına toplaşıb etiraz etdilər. Qalan qismini də Milli Şura toplayıb mitinq etmək istəyir.
Gözlənilən idi, çünki manatın ucuzlaşmasını bəhanə edib, qiymətləri qaldıran məmur-oliqarxlar buna şərait yaratmışdılar.
Bəli, inzibati resurslarla qiymətləri stabilləşdirməyə çalışırlar. Səhər bəyanat verilir ki, siqaretin, arağın qiyməti düşdü, axşam təkrar 25-30 faiz artır.
Iqtisadiyyatdan az-çox anlayışı olan bilir ki, qiymət artımı labüddür, bunun qarşısını almaq asan deyil. Problemin kökü ondadır ki, ölkədə rəqabət mühiti yoxdur və bu da istər-istəməz bazarda hərc-mərcliyə, süni artıma səbəb olur. Bir də baxırsan qəflətən bütün marketlərdə məhsullar qalxır, özü də hamısı eyni saatda, eyni qiymətə olur. Niyə? Çünki məhsullar eyni əldən idarə edilir. Çünki gətirilən mallar gömrükdə eyni aqibətlə üzləşir. Hansısa sahibkarın ağzı nədi gedib monopoliyada olan məhsulu gətirsin və hələ onu ucuz da satsın? Bu ölkədə banandan tutmuş kartofa, vedrədən tutmuş aftafaya qədər hər şeyin öz sahibi var. Nəticə də göz qabağında…
Hakimiyyətin illərlə AzTV-dən beynimizə püskürdüyü “ictimai sabitlik” havasını elə öz məmur-oliqarxları vurub çıxarır. Bunu edənlər anlamır ki, iş qarına çatanda qardaş da yaddan çıxır. Bu adamlar unudublar ki, biz “qarın qardaşdan öndədir” deyimini yaratmış xalqıq. Və heç nə də boşuna yaranmır.
Bəli, dözümlüyük, amma qarnımıza qədər. Başımızı əzin, həyatımızı qaraldın, hətta harınlamış oğullarınız namusumuza toxunsun, nə istəyirsiz edin, yetər ki, qarnımızı doyurun, çörəyimizə əl uzatmayın.
Bir baxın, indiyədək nələrə dözmədi bu millət?! Hər seçkidə səsini alırsız, susur, “danışma” deyirsiz, dinmir, evini başına uçurub yerində park salırsız, yenə danışmır. Insan haqları, demokratiya, təməl prinsiplər – hamısı sayənizdə gedib işinin dalınca. Heç bircə dəfə də millət olaraq demədik ki, niyə belə edirsiz? Deyənlər oldu, amma onların hamısı heç sizin tikdirdiyiniz bir binadakı mənzillərin sayı qədər deyil. Onların da yarısını ya damladınız, ya da ölkədən didərgin saldınız.
Amma indi çörəyinə əl uzatdığınız hakimiyyət davası edən müxalifətçilər deyil, yeyib-susan millətdi, hər seçkidə qoynuna bülleten dolduran həkim-müəllim tayfasıdı, “hökumətlə hökumətlik etməzlər” deyən pensiyaçıdı, şərəfinizi ucaldan idmançıdı. Onları hakimiyyətdən narazı salan sizlərsiz – oliqarx-məmurlar. Sadəcə ya anlamırsız, ya da anlamazdan gəlirsiz. Düşünmürsüz ki, insan çörəyi naminə hər şeyi ayağı altına alar. Necə ki, saxtakarlıq edəndə, vicdanını susduranda “bir tikə çörək üçün” deyirdi.
Birdəfəlik bilin, bu millətin əlindən hər şeyini almaq olar, təkcə çörəyindən başqa…