«Azərsu» rəhbəri Etibar Pirverdiyevin taleyi ilə üzləşə bilər
Azərbaycan Vergilər Nazirliyi ölkədə vergi borcunu ödəməyən şirkət və fiziki şəxslərin siyahısını açıqlayıb.
Həmin şirkətlər arasında “Azərenerji” ASC-nin “Gəncə regional elektrik şəbəkəsi” MMC, “Azərsu” ASC-nin “Birləşmişsukanal” MMC və “Sutikinti” müəssisəsi, “Doppelmayr Seilbahnen GmbH” kanat yollarının tikintisi şirkətinin filialı, “Hess (ACG) Limited” neft şirkətinin Bakı nümayəndəliyi, “Karasu Development Company” neft şirkətinin Kayman adalarında qeydiyyata alınmış nümayəndəliyi, “Petroleum Services Group SA” şirkəti, MILK-PRO süd emalı şirkəti, “Bakı Şərab-2" müəssisəsi, ”Rotary Engineering" şirkətinin Bakı filialı və digər şirkətlər var.
Ümumilikdə siyahıda 405 hüquqi və fiziki şəxs yer alıb. 2015-ci ilin yanvar ayı ilə müqayisədə vergi borcunu ödəməyənlərin sayı 6,6 faiz artıb.
Bəzi məlumatlara görə, siyahıda adı olan dövlət şirkətlərinin rəhbərliyi işini itirə bilər. Bu sırada xüsusilə “Azərsu”nun adı çəkilir. Bildirilir ki, vergi borcunun yaranması Qorxmaz Hüseynovun yarıtmaz idarəçiliyi ilə əlaqəlidir. Qeyd edək ki, bir müddət əvvəl “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyevin işinin öhdəsindən gələ bilmədiyi barədə məlumatlar yayılmışdı.
Bu məlumatlardan sonra onun səlahiyyətlərinin əhəmiyyətli hissəsi əlindən alındı. Indi məlum olur ki, Etibar Pirverdiy nəinki işçilərə əmək haqqı verə bilməyib, onun vergiyə də borcu yaranıb. “Azərsu”da da təxminən eyni vəziyyət hökm sürür. Bu baxımdan Qorxmaz Hüseynovun başının üzərini qara buludlar aldığını söyləmək olar.