Nurəddin Məmmədli: «Bu sahədə hansısa uğurumuza öyünə bilmərik»
Inkişaf etmiş ölkələrlə ölkəmizi bir sıra məsələlərdə müqayisə də etmək olmur. Adi bir istehsalat qəzası baş verəndə buna məsuliyyətli qurumun cəzalandırılması dünyanın inkişaf etmiş ölkələrinin adət etdiyi bir həyat tərzidir.
Bundan daha ağır formalı bir olay, yaxud çətin iqtisadi şərait yarananda hökumət tam tərkibiylə istefaya göndərilir. Maraqlıdır, Azərbaycanda insanların iş yerini itirməsi, ixtisara düşməsi, banklarda külli həcmdə ziyana düşməsi hadisələri baş versə də, bunu adi həyat norması kimi qarşılayır, baş verənlərə kimsə məsuliyyət daşımır. Belə məsələlər olanda düzgün iqtisadi siyasət aparan ölkələr bundan lazım olan nəticəni çıxararaq problemləri yerinə qoyur. Bizdə isə əksinə, baş verənlər ölkə vətəndaşlarına həzm etdirilərək zərurət kimi qəbul olunur.
AXCP sədrinin müavini, professor Nurəddin Məmmədlinin qənaətincə, məsələyə normal ölkələrə məxsus olan ictimai münasibətlər kontekstindən yanaşanda, ölkə hakimiyyətinin istefası hər gün baş verənlərin fonunda olmalıdır. Nurəddin bəy söyləyir ki, hakimiyyət mövcud olduğu dövrdə əhaliyə faciələr yaşadıb özlərinin ən neqativ hərəkətləriylə təəccübləndirdiyindən, baş verənlər onların hakimiyyətdə qalmasına əsas vermir:
“Konkret şəkildə diktatorlar xalqları onların imkan verdiyi səviyyədə əzirlər. Hakimiyyətin xalqla davranışı, ən kritik vəziyyətdə belə xalqa yuxarıdan aşağı baxmasında əsas səbəblərdən biri də xalqın səbrli davranışı, onların bütün hərəkətlərini həzm etməsiylə bağlıdır. Əlbəttə, bütün dünyada, demokratik zehniyyətin hökmran olduğu ölkələrdə adətən insanlar öz fəaliyyətinə qanunçuluq və əxlaq çərçivəsində qiymət verib, düşünülmüş və ya düşünülməmiş şəkildə səhv edəndə istefaya gedirlər. Bizdə isə bu mədəniyyət olmadığına görə istefanın yeganə yolu xalqın təşkilatlanması və rejimə yox deməsindən keçə bilər. Bu sahədə də lazımi şəkildə uğurlarımızla öyünə bilmirik. O mənada hakimiyyətin sağlam zehniyyətin nəticəsi olaraq istefaya getməsi olduqca gözlənilməz və qeyri-mümkün bir işdir. Başqa bir variant kimi xalq onu buna məcbur etməlidir”.
Nigar