Bu gün Mehriban Zeynalovanın Gültəkin Hacıbəyliyə qarşı xüsusi ittiham qaydasında iddiası üzrə məhkəmə başlayır
Gültəkin Hacıbəyli: «Əlimdə Llanto Fe Diazın Mehriban Zeynalova bağlı dediklərinin yazışmalarından tutmuş, səs yazısınadək onlarla təkzibedilməz sübut var»
Bu gün Səbail Rayon Məhkəməsində “Təmiz Dünya” Qadınlara Yardım Ictimai Birliyinin sədri Mehriban Zeynalovanın Milli Şuranın komissiya sədri, keçmiş deputat Gültəkin Hacıbəyliyə qarşı iddiası üzrə məhkəmə prosesi başlayır. Məhkəmə ərəfəsində Gültəkin Hacıbəyli ilə danışıb, Mehriban Zeynalova ilə aralarındakı problemin nədən ibarət olduğunu soruşduq.
“Mənim heç vaxt Mehriban Zeynalova adlı problemim olmayıb” deyən Gültəkin Hacıbəyli qeyd edir ki, o qadını şəxsən tanımır,ÿonu heç vaxt maraqlandırmayıb, mətbuatda bircə dəfə də adını çəkməməyib: “Ancaq görünür onun mənimlə ciddi problemi var. Günlərdir heç vaxt canlı olaraq üzünü görmədiyim Mehriban Zeynalova mətbuatda mənim adımı hallandırır, barəmdə absurd ittihamlar səsləndirir, mənə böhtan atır, məni məhkəmə ilə hədələyir və nəhayət, barəmdə xüsusi ittiham qaydasında şikayət verərək mənim Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmağımı tələb edir”.
Gültəkin Hacıbəylinin sözlərinə görə, Mehriban Zeynalova ona qarşı təzminat davası açmayıb, məhz cinayət icraatı qaydasında iş qaldırıb: “Bu canfəşanlığın təəssübünü çəkdiyi insan alverçisi Aynur Mehdiyeva və qardaşı Mahmud Mehdiyevdən, yaxud Daxili Işlər Nazirliyinin əməkdaşı olmasından qaynaqlandığını, yəniÿsiyasi sifariş olub-olmadığınıÿyaxın günlərdə biləcəyik. Hər halda, Baş prokurorluğun ”çiçəyi burnunda" müstəntiqindən sonra Daxili Işlər Nazirliyinin Fond rəhbəri ilə üzərimə gəlməsi ehtimalı kifayət qədər yüksəkdir".
Məsələnin mahiyyətinə gəlincə, Gültəkin Hacıbəyli bildirir ki, məhkəmə çəkişməsinin kökündə bir müddət əvvəl “aznews.az” saytında yayımlanmış bir yazı durur: “Orada filippinli insan alveri qurbanı Llanto Fe Diazın öz dili ilə iradəsinə zidd olaraq Azərbaycandan deportasiya edilməsindən,ÿMehriban Zeynalovanın bu işdə iştirakından, konkret olaraq, yol xərcinin onun rəhbərlik etdiyi Daxili Işlər Nazirliyinin Insan alveri qurbanlarına Kömək Fondunun hesabına ödənilməsindən, həmin pulun isə Fonda Aynur Mehdiyeva tərəfindən verilməsindən danışılır. Mənim o yazıya yaxından-uzaqdan heç bir aidiyyətim yoxdur. Həmin saytın rəhbəri Elçin Zahiroğlunu da həyatda canlı olaraq görməmişəm. Yalnız Mehriban Zeynalovanın mətbuat konfransından sonra məhz bu məsələ ilə bağlı onunla iki dəfə telefonla danışmışam. Mən Fenin ölkədən iradəsinə zidd olaraq, aldadılaraq çıxarılmasının, hətta Mehriban Zeynalovaya bəlli olmayan təfərrüatlarına bələdəm. Çünki Fe mənə dəfələrlə zəng edib, yazıb, başına gələnləri bütün detalları ilə mənə, vəkilinə və digər dostlarına danışıb. Lakin bu işdə Mehriban xanımın birbaşa iştirakı barədə, yəni Kömək Fonduna onun rəhbərlik etdiyini bilmirdim. Bu faktıÿÿ ”aznews.az" saytından oxudum.ÿMəqalədə Fenin öz dilindən Zeynalovaya qarşı ağır ittihamlar səsləndirilir. Mən “facebook” səhifəmdə həmin yazının linkini paylaşmışam. “Mehriban Zeynalovanın adı insan alverində hallanır” başlıqlı yazı və orada bilavasitə insan alveri qurbanının öz dilindən səsləndirilən ittihamlarla bağlı bir cümlədən ibarət obrazlı, mülahizə xarakterli fikrimi ifadə etmişəm: “Adını Təmiz Dünya qoyub çirkli işlərlə məşğul olmaq necə də asanmış”. Vəssalam. Mənim bu ifadədən başqa heç yerdə heç bir münasibətim olmayıb. Mənim bu yığcam reaksiyam ağır ittihamlardan ibarət həmin yazıya adekvat münasibət idi. Bu, mənim Azərbaycan Konstitusiyası və Avropa Konvensiyası ilə qorunan ifadə azadlığımın ayrılmaz tərkib hissəsidir. Lakin indi yazı, oradakı ittihamlar qalıb bir kənarda, yazınının linkini “facebook”da paylaşdığım üçün Mehriban Zeynalova mənim cinayət məsuliyyətinə cəlb edilməyimi tələb edir".
Gültəkin Hacıbəyli onu da qeyd edir ki, əlində Fenin mesajlarından, yazışmalarından tutmuş, səs yazısınadək onlarla təkzibedilməz sübut var: “Lakin mən onları açıqlamaq niyyətində deyildim, çünki heç vaxt Daxili Işlər Nazirliyi kimi hədəfim olmayıb. Ancaq Zeynalova bu mövzunu beynəlxalq gündəmə gətirərək təmsil etdiyi qurumu hədəfə çevirmək istəyirsə, bu onun hüququdur. Vəzifə borcu Feni müdafiə etmək olan bir şəxsin Feyə olmazın məhrumiyyətlər yaşatmış, onu insan alverinin qurbanına çevirmiş Aynur Mehdiyevanın və qardaşı Mahmud Mehdiyevin təəssübünü çəkməsi də çox düşündürücüdür. Zeynalova mətbuat konfransında mənə böhtan ataraq, mənim guya filippinli insan alveri qurbanını keçmiş baldızımdan və qardaşından qisas almaq üçünÿalətə çevirdiyimi deyir, Mehdiyevlərin himayəçisi rolunda çıxış edir. Bütün bu suallara, eləcə də kimin kimdən qisas almasına Fe özü aydınlıq gətirəcək. Məhz mənə görə Feyə haqsızlıqlar edildiyi üçün, bu günədək yaşadığı məhrumiyyətlər müqabilində bir manat kompensasiya ala bilmədiyi üçün, məhkəmə çəkişməsi hüququ məhdudlaşdırıldığı üçün bu ləyaqətli və vicdanlı qızın qarşısında mənəvi məsuliyyətimi hiss edirəm, onun hüquqlarını sonadək qoruyacağam. Məni bundan nəinki bir, beş məhkəmə perspektivi də çəkindirə bilməyəcək. Əslində, belə perspektiv mənim mətbuatda gedən yazıya və oradakı hələ də təkzib olunmamış ittihamlara adekvat olan bir cümləlik ”facebook" statusumla bağlı yox, Mehriban Zeynalovanın mətbuat konfransı keçirərək barəmdə səsləndirdiyi yumşaq desək, əsassız ifadələrlə bağlı daha ciddidir.
Yeri gəlmişkən, Mehriban Zeynalova iddia edib ki, “facebook”da link paylaşdığım üçün məndən təzminat alıb insan alveri qurbanlarına verəcək. Yaxşı olar ki, o, konkret olaraq insan alveri qurbanı Llanto Fe Diazın onu istismar etmiş Aynur Mehdiyevadan ona vurduğu maddi və mənəvi ziyana görə təzminat almasına kömək etsin, Fond hesabına Fenin vəkil xərclərini ödəsin, aprelin 22-sinə təyin edilmiş məhkəməsində iştirak etməsinə kömək etsin. Axı bu onun, bilavasitə vəzifə borcudur".
Aytən Məmmədova