Müzəffər Baxışov: «MTK-lar mənzilləri tam istismara verə bilmədiyi üçün fəaliyyətlərini qeyri-qanuni şəkildə davam etdirərək, idarəetməni qeyri-formal həyata keçirirlər»
Iqtisadiyyat və Sənaye Nazirliyinin mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov hesab edir ki, bina tikilib, təhvil veriləndən altı ay sonra Mənzil-Tikinti Kooperativləri ləğv olunmalıdır. APA-nın bu haqda yaydığı məlumata görə, N.Qasımob bildirib ki, qanunvericiliyə əsasən, bütün xidmət haqlarının formalaşmasında sakinlər, o cümlədən MTK-ların sakinləri birbaşa iştirak etməlidir:
“Qeyd edim ki, bina tikilib, təhvil verildikdən 6 ay sonra mənzil-tikinti kooperativləri ləğv olunmalıdır və onun hüquqları verilməlidir sakinlərə, yəni mənzil mülkiyyətçilərinə. Başqa sözlə, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmalıdır. Sakinlər isə idarəetməni, göstəriləcək xidmətləri, xidmətlər üzrə haqları və digər məsələləri formalaşdırmalıdır. Beləcə, əsassız yığımların qarşısı alınır”.
Şöbə müdiri deyib ki, müvafiq qanunvericiliyə əsasən, binalarda göstərilən xidmətlərə görə yığılan haqlara sakinlər nəzarət etməlidir: “Hər şey onlar iradəsindən asılıdır, çünki qanun onlara geniş imkanlar verib. Beynəlxalq praktikada da göstərilib ki, sakinlər bu məsələdə aktiv iştirak etməlidir. Çünki bu, onun şəxsi mülkiyyətidir”.
Nazirlik rəsmisi əlavə edib ki, sakinlər MMC yaratdığı halda, Mənzil-Istismar Sahələrinə heç bir ehtiyac qalmır, MMMC-lər yaradılmırsa, sakinlər əvvəlki qaydada Mənzil-Istismar Sahələri ilə işləməlidir.
Nizami Qasımovun fikirlərini şərh edən tanınmış hüquqşünas Müzəffər Baxışov isə deyir ki, bina tikilib qurtarandan, kooperativ üzvləri pay haqlarını ödəyəndən və ona uyğun şəkildə mənzillər veriləndən sonra MTK-nın fəaliyyətinə son verilməlidir. MTK-nın nizamnaməsinə görə, tikinti obyekti hündürmərtəbəli binanı tikərək təhvil verməlidir.
Nazirlər Kabinetinin də bu barədə 06 sentyabr 2014-cü il tarixli qərarı var. Tikinti kooperativi çoxmərtəbəli binada bütün prosedurları həyata keçirməlidir: “Fövqəladə Hallar Nazirliyinin yanğın müfəttişliyi, tikintiyə nəzarət müfəttişliyi, ekologiya və sərvətlər nazirliyi, təqribən 20-dən çox təşkilat həmin tikintinin istismara qəbul edilməsi barədə akt verməlidir. Həmin aktlar Bakı Şəhər Icra Hakimiyyətinə təqdim olunmalı və tikinti istismara qəbul edilməlidir. Bundan sonra MTK-nın Rəyasət Heyətinin qərarıyla konkret mənzillərin sahiblərinə verilməsi barədə qərar qəbul olunmalıdır. Qərarlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməli və şəxslər mənzilləri xüsusi mülkiyyətinə keçirməlidir. Təəssüf ki, binaları Dövlət Komissiyası qəbul etmədiyindən MTK-lar da ləğv oluna bilmir. Mənzil Məcəlləsinin tələblərinə görə, MTK-nın yerində kooperativ binanın idarə edilməsiylə bağlı çoxmənzilli binada yaşayan şəxslərin iştirakıyla cəmiyyət yaradılmalıdır. Iş belə bir formada həyata keçirilməlidir. MTK-lar mənzilləri tam istismara verə bilmədiyi üçün öz fəaliyyətlərini qeyri-qanuni şəkildə davam etdirərək binada idarəetməni qeyri-formal həyata keçirirlər. Çünki orada MTK üzvlərindən xidmət haqqı kimi pul yığırlar. Əslində isə bu, qanunsuz fəaliyyətdir”.
Nigar