Qərb Yanukoviç və komandasını rahat buraxmır
Ötən il martın 5-də Avropa Birliyi keçmiş Ukrayna prezidenti Viktor Yanukoviç və onun komandasında təmsil olunan məmurlara – ümumilikdə 18 nəfərə qarşı sanksiyalar tətbiq etmişdi. Sanksiyalara əsasən, dövlətin əmlakını mənimsəməkdə ittiham olunan və barələrində cinayət işi açılan bu şəxslərin aktivləri dondurulmuşdu. Hüquqi qüvvəsi bir il olan bu sanksiyaların icra müddəti dünən başa çatdı. Bu mərhələdə Avropa Birliyi ya müddəti uzatmalı ya da icranı dayandırmalı idi.
Dünən Avropa Birliyi Şurası məhz bu məsələni müzakirə etmək üçün toplanıb. Şura qərara alıb ki, sözügedən şəxslər barədə təhqiqat davam etdiyi üçün sanksiyaların müddəti də uzadılmalıdır. Hələlik Şura bu barədə əlavə məlumat verməyib. Və bəyan edib ki, ətraflı məlumat martın 6-da qurumun müvafiq nəşrində dərc ediləcək.
Bəzi məlumatlarda isə siyahıdan 4 keçmiş məmurun – Andrey Portnov, Aleksandr Yakimenko, İqor Kalinin və Aleksey Azarovun adının çıxarıldığı bildirilir.
Gültəkin