Xaricilər ölkəmizə niyə maraq göstərmir?
Mədəniyyət və Turizm Nazirliyi bildirir ki, ötən il Azərbaycana 2 milyon 297 min 804 nəfər əcnəbi vətəndaş gəlib. Nazirlikdən “Trend”ə verilən məlumata görə, Azərbaycan turistləri ən çox qonşu ölkələrdən qəbul edib.
Rusiya, Gürcüstan, Türkiyə, Iran və Ukrayna ötən il Azərbaycana turistlərin gəldiyi ölkələrin siyahısında ilk beşliyi təşkil edib. Azərbaycana gələn turistlərin sayına görə sonrakı yerləri Qərbi Avropa ölkələri və ABŞ tutub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev növbəti 5 il ərzində Azərbaycana gələn turistlərin sayının təqribən 3,5-4 milyona çatacağının gözlənildiyini bildirib.
Bugünə qədər Gürcüstana və Irana gedən azərbaycanlılar bütün dünyadan Azərbaycana gələn turistlərin sayı ilə nisbətdə çox böyükdür. Görəsən, nədən ölkəmizə maraq yüksək deyil? Turistlər hansı səbəbdən Azərbaycanı seçmir?
Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, ölkəmizə gələn turistlərin sayını burdan gedənlərlə müqayisə edəndə təəssüf doğuran statistik mənzərə ortaya çıxır. Ekspertin sözlərinə görə, ölkəmizdən xaricə turist kimi gedənlərin sayı son dönəmdə hədsiz dərəcədə artıb. Xaricdən gələnlərin azlığı isə ümumən burakı əlverişsiz turizm şərtlərilə əlaqədardır: “Xaricdən bura gələn turistlər əlverişli istirahət imkanından bəhrələnməyəcək. Xarici turistlər gözəl istirahətlə deyil, yüksək xidməthaqqı, addımbaşı polis müdaxiləsi və digər problemlərlə üzləşəcəklər. Istirahət etmək arzusunda olan heç kimi belə məsələlər cəlb edə bilməz. Xaricilər belə mənzərənin arzusunda deyil, onlar daha çox istirahət etmək, mənəvi-mədəni, maddi-psixoloji zövq almaq istəyirlər. Azərbaycanda psixoloji, siyasi münasibətlərdə baş verən anomaliyalar xarici vətəndaşların zövqündə deyil”.
N.Əliyev ölkəmizə gələn turistlərin azlığından danışarkən onu da qeyd edir ki, son dövrlərdə turizm sahəsinə daha çox kapital yatırılması da mövcud problemləri həll etmək gücündə deyil. Ekspert maddi kapitalın səmərəsiz istifadə olunduğunu vurğulayaraq, turizmi inkişaf etdirmək üçün kompleks yanaşmanı zəruri hesab edir: “Turizm üçün otellər, istirahət məkanlarıyla yanaşı, insan hüquq və azadlıqlarının qorunması da yüksək səviyyədə olmalıdır. Lakin bizdə işin hamısı birtərəfli və yalnız gözdən pərdə asmaq üçündür. Xaricə, xüsusən də Irana və Gürcüstana axının böyük olması Iranda ucuz olsa da, səviyyəli səhiyyənin, Gürcüstanda isə aşağı qiymətlə yüksək xidmətin göstərilməsinin nəticəsidir”.
Nigar