Deputatın nəzarətində olan QHT-lərin maliyyə sıxıntısı üzündən fəaliyyətsiz qaldığı iddia olunur
Deputat Elxan Süleymanovun rəhbəri Azərbaycanda Vətəndaş Cəmiyyətinin Inkişafına Yardım Assosiasiyasının (AVCIYA) fəaliyyətsiz bir quruma çevrilib.
Bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, fevral ayında AVCIYA-ya daxil olan bütün fondların, o cümlədən “Söz azadlığını müdafiə Fondu”, “Azərbaycanda Korrupsiyaya qarşı Mübarizə Fondu”, “Azərbaycanda Ekologiya Standartlarının Monitorinqi Fondu”, “Azərbaycanın Regional Inkişaf Mərkəzi”, “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” Ictimai Birliyi, “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” Ictimai Birliyi, “Insan Hüquqları XXI əsr – Azərbaycan” Fondu, Insan Haqları üzrə Ictimai Şura, “Xəzər-Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” Ictimai Birliyi, karabakhinfo.com saytı və digər təşkilatların əməkdaşları ödənişsiz məzuniyyətə buraxılıb. Fevral ayının 24-28-i isə həmin təşkilatların ofislərindən kompüterlər və digər avadanlıqlar çıxarılıb. Bildirilir ki, bu, ofisin icarə haqqını ödəyə bilməməkdən irəli gəlir.
Iddialara görə, AVCIYA-nın vitse-prezidenti Vəli Əlibəyov ofis rəhbərləri və əməkdaşlarla şəxsi söhbətləri zamanı baş verənləri ölkədəki maliyyə böhranı, yay olimpiya oyunları ilə bağlı “yuxarıdan” maliyyə axınının dayandırılması ilə izah edib. Elxan Süleymanov isə hər gün səhər saat 11.00-19.00-a kimi iş yerində olduğu halda hamıya, hətta onunla əlaqə saxlamağa çalışan millət vəkillərinə onun xaricdə olduğu və nə vaxt qayıdacağının bəlli olmadığı deyilir. Hazırda “Heydər Əliyev Irsinin Araşdırma Mərkəzi” və Baş ofis adlanan E.Süleymanovun daimi oturduğu iş yeri fəaliyyət göstərir. Bunun da Elxan Süleymanovun Avropadakı fəaliyyəti ilə bağlı olduğu deyilir.
Məlumatla əlaqədar Elxan Süleymanovun mövqeyini öyrənmək mümkün olmayıb. Lakin “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” Ictimai Birliyinin sədri Nadir Abdullayev və “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” Ictimai Birliyinin sədri Kamil Səlimov iddiaların əsassız olduğunu bildirib. Onlar “Azadlıq”a açıqlamasında deyiblər ki, təşkilatları fəaliyyətdədir və ofislərindən də çıxmayıblar.