Görülən tədbirlər imitasiya xarakteri daşıyır
Son dövrlərdə “Baku Electronics” MMC tərəfindən satılan məişət avadanlıqlarının qiymətlərinin süni şəkildə artırıldığı barədə Iqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə çox saylı vətəndaş müraciətləri daxil olub.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı “Baku Electronics” MMC tərəfindən satılan məişət avadanlıqlarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib.
Bununla əlaqədar “Baku Electronics” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Qeyd edək ki, manatın devalvasiyasından sonra hökumət bütün səylərini qida məhsullarının bahalaşmamasına yönəltdi. Hətta bu halda da qiymət artımının qarşısını almaq mümkün olmadı. Bundan əlavə diqqətdən kənarda qalan digər məhsullar, xüsusilə elektrotexnikanın qiymətində kəskin sıçrayış oldu. Görünür, hökumət bu sahədə də imitasiya xarakterli tədbirlər görməklə vətəndaşların narazılığını azaltmaq istəyir. Lakin ekspertlər bildirir ki, inzibati üsullarla qiymət artımının qarşısını almaq mümkün olmayacaq.
Yeri gəlmişkən, tikinti materiallarının və avtomobil ehtiyat hissələrinin qiyməti də bahalaşıb. “Azadlıq”a daxil olan məlumata görə, bəzi firmalar, istehsal müəsssisələri qiymətləri olduğu kimi saxlasalar da, satışı dayandırıblar. Məsələn, Baku Steel Company-də armaturun bir tonu devalvasiyadan əvvəl 620 manata satılırdı. Indi də müəssisə müştərilərə bu qiyməti deyir. Amma heç nə satmır. Gözə dəyən məhsulların artıq satıldığını bildirir. Bundan başqa Dərnəgüldəki inşaat materialları bazarında Baku Steel Company-nin istehsal etdiyi armaturun bir tonunun qiyməti müəssisənin qiymətindən 15-20 manat fərqlənirdi. Amma indi sözügedən bazarda Baku Steel Company-yə məxsus armaturun bir tonu 730-740 manata satılır. Əgər həqiqətən də müəssisədə armaturun qiyməti deyildiyi kimi 620 manatdırsa, o zaman nədən bazar məhsulu 110-120 manat fərqlə satsın? Bu fakt Baku Steel Company-nin köhnə qiymətlə işlədiyini şübhə altına alır.