Şahidlər qətllə bağlı ziddiyyətli ifadələr verir
Putin: «Nemtsovun qətli Rusiya üçün rüsvayçılıqdır»
Təhqiqatçılar Boris Nemtsovun qətlə yetirildiyi yerə baxış keçirərək hadisə zamanı istifadə edilən silahı axtarıblar. Istintaq orqanı hesab edir ki, peşəkar qatillər adətən silahlarını hadisə yerinə atıb qaçırlar.
Qətlin əsas şahidi olan – mərhumun tanışı, ukraynalı model Anna Duritskaya isə martın 3-də gecə saatlarında ölkəsinə qayıdıb. Ona Kiyevdəki evinə geri dönməyə Rusiya Istintaq Komitəsi icazə verib. Duritskayanın vəkili Vadim Proxorov bildirib ki, müdafiə etdiyi şəxs artıq bütün lazımi ifadələri verib və zərurət yaranacağı təqdirdə o yenidən istintaqın işində iştirak edə bilər. Vəkilin sözlərinə görə, Duritskayadan istintaq məlumatlarını yaymamaq barədə iltizam alınıb. Proxorovun dediyinə görə, hələlik istintaqın əlində qətllə bağlı hər hansı şübhəli şəxs yoxdur. Belə olan halda da A.Duritskayanın Moskvada qalmasına hər hansı zərurət yoxdur: “Şübhəlilər olsaydı, Anna üzləşmədə iştirak üçün qala bilərdi. Amma hələ ki, istintaq heç kimi şübhəli şəxs qismində tanımayıb. Bu da başqa sualdır ki, şübhəlilər müəyyən ediləndən sonra Anna onları tanıyacaq ya yox”. Qeyd edək ki, Proxorov eyni zamanda mərhum Nemtsovun da vəkili qismində çıxış edir.
O da məlum olub ki, ukraynalı modeldən başqa iş üzrə daha iki şahid var. Onlardan biri qartəmizləyən maşının sürücüsüdür. O, həmin vaxt qətlin baş verdiyi körpüdən keçirmiş. Maraqlıdır ki, sürücü ətrafda qeyri-adi heç nəyə şahid olmadığını bildirib. Digər şahid isə tam fərqli ifadə verib. Gənc oğlan bəyan edib ki, Nemtsovun qatilinin tələm-tələsik yaxınlıqdakı avtomobilə necə oturduğunu görüb. Gənc həmin vaxt Nemtsovla Duritskayanın arxasınca gedirmiş.
Hadisə ilə bağlı Istintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markindən də açıqlama gəlib. Markin bildirib ki, hazırda qətlin bütün versiyaları üzrə fəal istintaq hərəkətləri aparılır, şahidlər dindirilir. Artıq ətrafdakı müşahidə kameralarına baxış keçirilib, bir neçə məhkəmə ekspertizası təyin edilib. Ukraynalı modelə gəlincə, Markin təsdiqləyib ki, ondan istintaq sirrini yaymamaq barədə iltizam alınıb: “O, üç gün Rusiyada öz istəyi ilə qaldı. Istintaqa kömək etmək istəyirdi. Duritskaya ona mühafizə ayrılmasından da imtina edib. Ümid edirik ki, bundan sonra da istintaqla fəal əməkdaşlıq edəcək. Anna Duritskaya hadisənin əsas şahididir və onun ifadələri bu qətlin açılması baxımından çox vacibdir”.
Rusiya prezidenti Vladimir Putin isə fevralın 28-də qətlə yetirilən tanınmış siyasətçi Boris Nemtsovun qətli ilə bağlı növbəti bəyanat verib. Ölkə başçısı ölkəsinin hüquq-mühafizə orqanlarından tələb edib ki, Rusiyanı siyasi motivli qətllər rüsvayçılığından qurtarsınlar. Daxili Işlər Nazirliyinin kollegiya iclasında çıxış edən prezident baş verənlərin Rusiya üçün rüsvayçılıqla yanaşı, faciə olduğunu bildirib: “Nəhayət ki, Rusiyanı bu rüsvayçılıqdan və faciədən qurtarmaq lazımdır. Hansı ki, belə bir hala bugünlərdə Nemtsovun şəhərin mərkəzində vəhşicəsinə qətlə yetirilməsi ilə yenidən şahid olduq”.
Prezident DIN-in diqqətinə çatdırıb ki, qurum ilk növbədə səs-küylü və siyasi motivli qətllərin açılmasını təmin etməlidir.
Gültəkin