Vahid Məhərrəmov: «Sahibkarlar adi günlərdə əldə edə bilmədiyi gəliri bayram ərəfəsində reallaşdırmaq istəyirlər»
Ölkə əhalisinin Novruz bayramına hazırlaşmasının ilk göstəricisi bayram süfrəsində vacib olan elementlərin market və digər ticarət obyektlərində son günlər daha da bollaşmasıdır. Indi təkcə mağazalarda deyil, küçə ticarətində də yaşıl və quru meyvələr, çərəzlər çoxluq təşkil edir. Bu məhsulların çeşidiylə yanaşı, qiyməti də kəmiyyətinə bərabərdir.
Keçən ilki qiymətlərlə müqayisədə qoz, fındıq, badam, qaysı, kişmiş və digər məhsulların qiyməti iki dəfədən çox artıb. Keçən il qoz, fındıq ləpəsinin qiyməti 10-14 manat arasında dəyişirdisə, hazırda həmin qiymət 13-19 manat aralığındadır. Manatın dəyəriylə bağlı son dönəm baş verən hadisələr deyəsən, qiymətlərdən də yan keçməyib. Hökumət qiymət artımının qarşısını almaq üçün müxtəlif addımlar atıb reydlər keçirsə də, qiymətlər əvvəlkinə nisbətdə xeyli bahalaşıb. Idxal məhsullarında ticari əməliyyatların dollarla olması səbəbindən qiymət artımı bir qədər başadüşülən olsa da, daxili istehsal məhsullarının nədən bahalaşması aydın deyil. Bu mənada ölkənin müəyyən bölgəsində tədarük edilən qozmeyvələrin qiyməti görəsən niyə bu qədər artıb?
Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmov söyləyir ki, ərzaq və meyvə-tərəvəz məhsullarının qiymətində hər ilin bayram öncəsi birmənalı şəkildə artım olur. Ekspert bunun ölkədə ticarətlə məşğul olanların sayının həddən artıq olmasıyla bağlayır. Onlar iş yeri olmadığı üçün bu sahəni seçirlər və istehlakçıların bayramla əlaqədar alıcılıq qabiliyyəti artan dövrdə qiyməti nisbətən artıraraq gəlir əldə edirlər:
“Onlar adi günlərdə əldə edə bilmədikləri gəliri bayram ərəfəsində əldə etmək istəyirlər. Eləcə də bu il idxal və yerli istehsal qiymətləri artıb. Hökumətin manatla bağlı son dövr apardığı siyasət indiki halda qiymət artımına ciddi formada start verib. Manatın digər valyutalara nisbətən dəyərdən düşməsi idxal və yerli malı tədarük edən sahibkarları ciddi düşündürüb. Daxildə istehsal olunan məhsulun qiymətinin artması yerli tədarükçülər və satıcıların yaranmış vəziyyətdən bəhrələnməsinə stimul verib”.
Ekspert söyləyir ki, ölkə daha çox idxaldan asılı olduğu üçün belə bir vəziyyət yaranıb. V.Məhərrəmov satışda olan məhsulların hansının idxal və ya yerli istehsal olduğunun da fərqlənmədiyini bildirir. Belə ki, Gədəbəy kartofu adıyla xaricdən gətirilən aşağı keyfiyyətli məhsulu təqdim edirlər. Bir sözlə, yaranmış xaosdan bu cür istifadə halları artıb.
Nigar