Kimsəsiz gənc dövlət başçısı Ilham Əliyevə üz tutur
Prezident Ilham Əliyevə müraciət edən Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 5/28, mənzil 56 ünvanda qeydiyyatda olan FHN-nin “n” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdən buraxılmış Məhəmməd Əhmədov “Azadlıq”a müraciət edib. Hazırda küçələrdə yaşayan M.Əhmədov ordudan buraxılandan sonra acınacaqlı vəziyyətdə qaldığını söyləyib:
“Öncə söyləyim ki, mən 24.01.1994-cü il tarixdə Qusar şəhərində anadan olmuşam. Iki yaşımda atamı, 8 yaşımda yeganə bacımı, 14 yaşımda isə anamı itirdiyimdən, Sumqayıt şəhərində 2-ci məhəllə, ev 5/28, mənzil 56 ünvanda yaşayan xalam Həqiqət Ağayeva tərəfindən 2008-ci ildə qəyyumluğa götürülmüşəm. Mənzil ikiotaqlı olmaqla xalamın xüsusi mülkiyyətində olub. 18 yaşım tamam olandan sonra, yəni 24.01.2012-ci il tarixdə xalam məni özünəməxsus mənzilə qeydiyyata salıb. Xalam xəstə olduğu üçün (şəkər, hipertoniya, piylənmə və s.) mən ona qulluq edirdim. Qonşular da bizə çox kömək göstərirdi. Sumqayıt şəhəri, Zəngilan rayon 15 saylı orta məktəbdə təhsil almağıma baxmayaraq fərdi işlərdə çalışmaqla çörəkpulu qazanaraq təqaüddə olan xalamın dərmanları, müalicəsi və qidalanması üçün sərf edirdim. Bizim həyatımız, problemimiz bütün qonşulara məlum idi. Mənzilin notarial qaydada mənim adıma sənədləşdirilməsi üçün 2012-ci ilin avqust ayında xalam ərazi üzrə 2 saylı MIS-dən mənim adıma arayış aldı, lakin həmin ərəfədə xəstələndiyi üçün məqsədini həyata keçirə bilmədi. 29.09.2012-ci il tarixdə xalam vəfat etdi. O, vəfat edərkən binanın qonşuları, o cümlədən, çox etibar etdiyi 53 saylı mənzildə yaşayan Məmmədova Tamilla Mustafa qızı yanında olub. Xalam ölüm yatağında ikən evin sənədlərini Tamilla xalaya verərək, evini və ona məxsus digər əşyaları mənə vəsiyyət etdiyini, birinci həyat yoldaşından olan Iradə adlı qızına isə heç nəyini halal etmədiyi söyləyib. Çünki xalam həyat yoldaşından boşandığı üçün hər iki tərəfin razılığı əsasında 2 yaşlı qızı Iradəni atasına vermiş, qız da ata və analığı ilə birgə yaşayaraq onların tərbiyəsini alıb. Sonradan ailə həyatı quran Iradənin iki uşağı olub. Xalam Həqiqət qızı Iradəni heç zaman öz övladı hesab etməyib. Bunu həyətdə bütün qonşular bilir və 32 ailə bunu təsdiq edir. Sağlığında xalamı axtarmayan qızı Iradə və onun əri tez-tez üstümə hücum edərək, evdən çıxmağımı və evin sənədlərini onlara verməyimi tələb edirdi. Köməksizliyimdən və gəncliyimdən istifadə edərək onlar məni döyüb-söyürdülər.
2013-cü ilin iyul ayında ordu sıralarına çağrılaraq Vətənimi, torpağımı, dövlətimi qoruyurdum. Iradə isə ərinin qohumlarının, vəzifəli tanışlarının hesabına məni məhkəmələrə verib. Sumqayıt şəhər məhkəməsinin hakimi Ilyas Mahmudov məni evdən çıxarmaq üçün qərar verib. Lakin Sumqayıt Apellyasiya məhkəməsi mənim yaşayış hüququmu təmin edib. Ali Məhkəmənin hakimi Qəhrəman Allahverdiyev isə apellyasiya məhkəməsinin qərarını ləğv edərək məni yaşayış hüququmdan məhrum edib. Hazırda küçəyə atılmışam. Azərbaycanda yaşayış hüququm yoxdursa, onda mən Azərbaycanı niyə qoruyurdum? Indi məni gecə-gündüz bir sual düşündürür – Mən kimi və nəyi qoruyurdum?
2015-ci ilin yanvar ayında orduda xidməti başa vurub geri qayıtdım. Hazırda küçələrdə, oturacaqlar üstündə yatıram. Belə çıxır ki, mən ermənilərin yanına getməliydim.
Hərbi xidmət keçərkən Ilham Əliyevə, Heydər Əliyev Fondunun sədrinə, qulluq etdiyim hərbi hissənin tabe olduğu FHN-nə, Ali Məhkəməyə 4 məktub 1 teleqramla müraciət etdim. Faydası olmadı, heç cavab verən də tapılmadı.
Mən bilirəm ki, Iradənin əri Etibar Pirverdiyevin xalası oğludur. Onların pulu çoxdur. Onlar bu işi pul hesabına həll etmək istəyirlər. Ancaq “Quran” 114 surəsinin 100-də yazılıb ki, yetimin haqqını tapdalamayın, yetimi incitməyin. Demək, mən səngərdə bu rüşvətxor məmurları, hakimləri qoruyurdum. Onlar isə arxada məni evsiz-eşiksiz qoyur, yaşayış hüququndan məhrum edirlər.
Hörmətli Prezident! Siz də atasınız. Sizin də övladınız var. Axı mən sizi və sizin övladlarınızı qoruyurdum. Mənim 18 yaşınadək puç olmuş hayatımı gözünüz önünə gətirin. Indi iş yenidən Ali Məhkəmədədir. Bəlkə bu fironları siz dayandırasınız? Son ümüdim sizədir. Bəlkə siz mənim yaşayış hüququmu Ali Məhkəmədə bərpa elətdirəsiniz və bir azərbaycanlı övladının həyatda məhv olub getməsinə imkan verməyəsiniz".
Sosial şöbə