Bir gün Lamiyə kimi o da qisasını alacaq
Gültəkin Hacıbəyli
Lamiyə Quliyevanın başına gətirilənlərə, 12 yaşında uğradığı təcavüzə hamımız üzüldük, qəzəbimizi, etirazımızı dilə gətirdik və ədalət hələ bərpa olunmasa da, şükürlər olsun ki, Lamiyə artıq azadlıqdadır. Lamiyə bir neçə dəfə təcavüzə məruz qalmışdı, ancaq Azərbaycanın ən bədbəxt qadını deyərkən əsla və əsla onu nəzərdə tutmuram. O, mənim nəzərimdə təkcə özünün və öz ailəsinin yox, Şəmkir boyda bir rayonun qisasını almış güclü bir qadındır.
Ancaq Azərbaycanda hər gün zorlanan və hələ ki, qanı batırılan bir qadın var: onun adı FEMIDADIR. Ədalət ilahəsi Femida. Azərbaycan məhkəmələrində hər gün onlarla hakim bu qadını zorlayır, bəzən bunu hətta başqalarının göstərişi – siyasi sifarişlə edir. Milli Şuranın sədri Cəmil Həsənlinin qızı, iki azyaşlı uşaq anası Günel Həsənli barədə Yasamal Rayon Məhkəməsində ədalətsiz, vicdansız və qanunsuz hökm elan edərkən də hakim Aqşin Əfəndiyev Femidaya – Ədalətə növbəti dəfə təcavüz etdi. Özü də bunu Cəmil müəllimdən siyasi fəaliyyətinə görə qisas alanların sifarişilə etdi. Aqşin müəllimin 34 yaşı var. Bu rüsvayçılıqdan sonra o, bu ölkədə necə yaşayacaq? Bu vicdan yükü ilə insanların üzünə necə baxacaq? Anlaya bilmirəm. Bircə onu bilirəm ki, Azərbaycanın bu ən bədbəxt qadını bir gün mütləq Lamiyə kimi onu zorlayanlardan, ona təcavüz edənlərdən öz qisasını alacaq…
Günel xanıma qarşı ittiham başdan-ayağa böhtan və yalan üzərində qurulmuşdu. Atalarımız yalanın ömrünün 40 gün çəkdiyini deyirdi. Bu halda yalanın ömrü heç dörd gün də çəkmədi. Ancaq zaman yanlışına görə atalarımızı qınamayaq, onlar bu hesablamanı xəbərin çapar sürətinə görə aparıblar, internet əsrində isə yalanın ömrü daha qısa olur. Günel Həsənlinin “xəsarət yetirdiyi” 86 yaşlı Ədilə Səlimova “Meydan” TV-yə müsahibəsində küçə ilə gedərkən özünü pis etdiyini, təzyiqi qalxdığı üçün yıxıldığını, heç bir xəsarət almadığını, zərərçəkən olmadığını dedi. Ədilə xanımın sözlərindən o da bəlli oldu ki, onu polisdə “zərərçəkən olmağa” məcbur ediblər, əks halda cəzalanacağı ilə təhdid olunub. Bu hadisədə cinayət tərkibi yaradan hal Günelin əməli yox, polisin təhdididir. Aydındır ki, ortada Günel Həsənlinin törətdiyi heç bir qəza, heç bir xəsarət və heç bir cinayət faktı yoxdur və prokurorluğun təşəbbüsü ilə bu cinayət işinin başlanılması qanunsuzdur.
Ancaq tutaq ki, belə bir hadisə baş verib, Ədilə xanım hadisə nəticəsində az ağır xəsarət alıb, bir müddət hansısa bir səhiyyə müəssisəsində müalicə olunub və gerçəkdən də zərərçəkəndir. Günel Həsənli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə mühakimə edilib. Həmin maddə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına görə məsuliyyəti müəyyən edir. Həmin maddənin sanksiyasında üç cəza nəzərdə tutulur: 1.Iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə; 2.Iki ilədək müddətə islah işləri; 3.Iki ilədək müddətə azadlıqdan məhrum etmə.
Qanunvericiliyə görə, cəza təyin edərkən təqsirləndirilənin şəxsiyyəti, cinayət əməlinin mahiyyəti, doğurduğu nəticələr, ictimai təhlükəliliyi, o cümlədən, hadisənin qəsdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi, zərərçəkəkənlə barışığın olub-olmaması, eyni zamanda işdə olan ağırlaşdırıcı və yüngülləşdirici hallar mütləq nəzərə alınmalıdır. Günel xanım ziyalı ailəsində böyümüş gənc bir Azərbaycan qızıdır, hadisə ehtiyatsızlıq nəticəsində törədilib, heç bir ciddi ictimai təhlükəsi yoxdur, zərərçəkən məhkəmədə zərərçəkən olmadığını və Güneldən şikayətçi olmadığını yazılı və şifahi şəkildə bildirib, ona qarşı heç bir maddi tələb irəli sürməyib. Işdə heç bir ağırlaşdırıcı hal yoxdur, əksinə, Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan yüngülləşdirici hallardan ikisi mövcuddur: bunlar hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi və cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olmasıdır. Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə görə işdə cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Yəni dövlət ittihamçısı Günel Həsənliyə iki il həbs cəzası istəməklə Cinayət Maddəsinin 60-cı maddəsinin tələbini pozmuş, hətta qanunvericiliyin imkan verdiyi cəzadan da sərt cəza tələb etmişdi. Mənim də “savadına” yaxşı bələd olduğum hakim Aqşin Əfəndiyev isə “fövqəladə humanistlik” göstərərək Günelə 1 il 6 ay həbs cəzası təyin etmişdir. Yəni bu, Azərbaycan qanunvericiliyinin bu tipli gerçək qəzalar (bu halda isə qəza hadisəsi baş verməyib, 86 yaşlı qadın təzyiqi qalxdığı üçün müvazinətini itirib Günelin idarə etdiyi maşına söykənib) üçün təyin oluna bilən cəzanın tavanıdır! Bu tipli hadisələrə görə bundan artıq cəza, ümumiyyətlə, yoxdur! Azərbaycan praktikasında nəinki az ağır, hətta ağır xəsarətlərə səbəb olan yol hadisələrinə görə qadınlara həbslə bağlı olan cəzalar verilmir. Günel Həsənliyə edilən bu istisana, heç şübhəsiz ki, onun özü ilə yox, atasının siyasi fəaliyyəti ilə bağlıdır və bu əməlin qisasçılıqdan başqa adı yoxdur. Bu hakimiyyətin və onun şanlı müstəntiqinin sayəsində 9 yaşlı oğlu əsəb xəstəliyi tapmış ana kimi buna şahidlik edə bilərəm.
Günelin başına gələnlərlə başqa bir məhkəmə hökmünü müqayisə edəcəyəm. Əslində, bu müqayisə Azərbaycanın bütün hüquq-mühafizə sisteminə, xüsusilə də Baş prokurorluğa və ədalət mühakiməsi adı altında baş verənlərə bir ittiham hökmüdür.
19 may 2014-cü il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Iradə Həsənzadənin sədrliyi ilə Aynur Lətif qızı Mehdiyevanı Cinayət Məcəlləsinin 144.1.2.8-ci (insan alveri) maddəsi ilə təqdirli bilib 8 səkkiz il, 144.1.2-ci (əməyin istismarı) maddəsi ilə təqsirli bilib bir il azadlıqdan məhrumetmə cəzasına məhkum etmiş, CM-nin 66.3-cü maddəsinə uyğun olaraq maddələri qismən toplayaraq 9 ili yox, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Cinayət Məcəlləsinə görə, 144.1.2.8-ci maddənin sanksiyasında 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə, 144.2.1-ci maddənin köhnə redaksiyasında isə iki ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur. Fikir verin, məhkəmə hər iki cinayətə görə ən aşağı cəzanı təyin edir. Birinci halda bu 8 il, ikinci halda isə 6 aydır, çünki qanunvericikdə 6 aydan az azadlıqdan məhrumetmə müddəti yoxdur. Lakin ən böyük qanunsuzluq və rüsvayçılıq bundan sonra başlayır. Məhkəmə CM-nin 70-ci maddəsini tətbiq edərək Aynur Mehdiyevanı onsuz da ən aşağı həddə müəyyən edilmiş cəzadan da aşağı cəzaya… bir il sınaq müddəti olmaqla şərti məhkum edir. Bəli! Güneldən fərqli olaraq insan alverçisi 8 il 6 ay həbs əvəzinə real deyil, şərti cəza alır! Ən dəhşətlisi isə, Günelə ehtiyatsızlıq nəticəsində törədilmiş ictimai təhlükəsi az olan əmələ görə hətta qanunvericiliyin imkan verdiyi ən yuxarı cəzadan da ağır cəza istəyən dövlət ittihamçısının Aynur Mehdiyevanın insan alveri və əməyin istismarı kimi şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə törədilmiş iki ağır cinayətinə görə ona 9 il 4 ay cəzanın bir il sınaq müddəti ilə şərti istəməsidir!
Prokurorluğun cinayət və cəza anlayışı görünür, artıq anlaqsızlıq səviyyəsində mücərrədləşib. Məhkəmə Mehdiyevanı faktiki olaraq cəzasız qoyarkən bunlara əsaslanıb:
1.Aynur Mehdiyeva qadındır (Günel Həsənli də qadındır).
2.Aynur Mehdiyevanın ilk məhkumluğudur (Günelin də ilk məhkumluğudur).
3.Mehdiyevanın himayəsində iki azyaşlı uşaq var (Günelin də himayəsində iki azyaşlı uşaq var).
Göründüyü kimi, hər üçü eyni olan hala görə Mehdiyevaya cinayət qanununda nəzərdə tutulan sanksiyanın ən aşağı həddindən də aşağı cəza, Günelə ilə ən yuxarı tavanı ilə cəza müəyyən ediblər. Ancaq hələ “əmmalar” bununla da bitmir. Aynur Mehdiyevaya qarşı ittiham irəli sürülərkən işdə ağırlaşdırıcı halın olduğu göstərilirdi. Bu, cinayətin köməksiz vəziyyətdə olan və ya müqəssirdən asılı vəziyyətdə olan şəxsə qarşı törədilməsi idi. Həqiqətən də, istismara məruz qalan şəxs Mehdiyevadan tam asılı və köməksiz vəziyyətdə idi. Lakin hakim Iradə Həsənzadə, görünür, belə gülünc “cəza” təyin etmək üçün məhkəmə istintaqında ağırlaşdırıcı halı “itirməli” olub. Bundan əlavə, zərərçəkən, Filippin vətəndaşı Llanto Fe Diaz nəinki Aynur Mehdiyeva ilə barışmadı, ona hətta insan alverçisi tərəfindən vurulmuş maddi və mənəvi ziyana görə bir manat təzminat belə ödənmədi. Ədilə xanımdan fərqli olaraq o, Aynur Mehdiyevaya çox qəzəblidir, hökmdən kassasiya şikayəti verib və zorakılıqla ölkədən çıxarılmasına baxmayaraq Mehdiyeva layiqli cəzasını alanadək geri çəkilməyəcəyini deyir. Günelin əslində törətmədiyi, lakin qanunun imkan verdiyi maksimum – bir il yarım həbs cəzası aldığı “cinayətin” təfərrüatları “Meydan TV” sayəsində bütün ölkəyə bəllidir. Hadisə baş verəndən dərhal sonra Günel Həsənli Ədilə Səlimovanı polis əməkdaşının müşayiəti ilə Mərkəzi Respublika Xəstəxanasına aparıb və ciddi müayinədən sonra həkimlər Ədilə xanımın heç bir xəsarət almadığı haqqında rəsmi rəy veriblər. Sonradan hakim Aqşin Əfəndiyev nədənsə həmin rəyi dəyərləndirməyi və bu rəylə hadisədən on gün sonra Ədilə xanımın məcburi olaraq aparılıb müayinə edilməsi nəticəsində meydana gələn rəy arasında ciddi ziddiyyətləri araşıdırmağı “unutdu”. Halbuki, artıq qeyd etdiyim kimi, gəncdir və yaddaş zəifliyindən əziyyət çəkməməlidir. Indi isə Aynur Mehdiyevanın minimumdan da aşağı cəza aldığı cinayətin təfərrüatlarına keçək.
Istintaq materiallarından aydın olur ki, Mehdiyeva öz qurbanı Llanto Fe Diazı döyüb, plastik stulla başından vurub, yumruğu ilə ağzını partladır, başına su töküb, qayçı ilə qolunu deşərək xəsarət yetirib, qolundan vuraraq gematomalar yaradıb, bütün gün ərzində əlcəksiz yuyucu tozlarla təmizlik işləri görməyə məcbur edərək əlində yaraların yaranmasına səbəb olub, sutkada cəmi 2-3 saat yatmasına icazə verib, ac saxlayıb və s. Zərərçəkənin aldığı xəsarətlər, yaralar, gematomalarla bağlı rəsmi ekspert rəyləri məhkəməyə təqdim olunub, lakin bütün bu əməllərə görə Aynur Mehdiyeva həbslə bağlı olmayan, cəmi bircə il sınaq müddəti olmaqla şərti cəza, Günel isə məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə il yarın gerçək həbs cəzası alır… Və bütün bunlardan sonra prokurorluq və məhkəmə orqanlarından kimsə çıxıb deyə bilərmi ki, Günel Həsənli atası Cəmil Həsənlinin siyasi fəaliyyətinə görə yox, törətdiyi qəzaya görə cəzalandırılıb? Bu ölkədə bu idbar cəzanın qurşaqdan aşağı qisasçılıq yox, ədalət mühakiməsi olduğuna kimi inandıra bilərsiniz? Elə isə, bu qədər düşmən qazanmaqla, siyasi opponentləri şəxsi, ailə, nəsil düşməninə çevirməklə nəyə nail olursunuz? Həmin cinayətkar Aynur Mehdiyevanın insan alveri ittihamı ilə, 8 il 6 ay həbs cəzası ilə ləkələnməyən “şərəf və ləyaqətinin” mənim KIV-lərə istinadən “saxlanmışdı” yazmağımla “ləkələndiyinə” görə belə bir qadını il yarım məhkəmədə mənim üzümə qoymaqla mənə ittiham hökmü çıxardınız. Axı özünüz də bilirsiniz ki, nə vaxtsa sizin yaxanızdan tutub soruşacaqlar ki, ağır cinayətkarın, insan alverçisinin saxlanılmasını mediaya istinadən təkrar demək cinayətdir, yoxsa onu həbsdən yanındırmaq, cəzasız qoymaq, saxlamamaq? Bu, mütləq olacaq.
Bu gün zorlanan, alçaldılan, ayaqlar altında qalan Femida bir gün mütləq Lamiyə kimi öz qisasını alacaq. Buna heç kimin şübhəsi olmasın. Və o zaman hətta aqşin əfəndiyevlərin, sərdar mehrəliyevlərin, etibar hümbətovların “biz kimik ki, balamıza çörək aparmaq üçün məcbur idik” kimi bəraət cəhdləri də keçməyəcək. Çünki bizim də övladımız var, balalarımız da ot və su ilə böyümür…