“Bu rejim, bu ailənin hakimiyyəti rüşvət üstündə qurulub”
Tapşırıq və rüşvətlə qərar qəbul edən hakimlərə, haram yeyən bütün insanlara həsr olunur
Qurban Məmmədov
Ömrü boyu bizə bir tikə də olsa haram yedirtməyən mərhum atam Cəlal müəllimin və anam Gülsüm xanımın əziz xatirəsinə ithaf edirəm
ALLAH hara baxır axı?
– Qardaşım, biz həyatımızı düzgün yaşamırıqsa, Allah buna neyləsin? Allah bizim əvəzimizdən hərəkət etməyə də məcbur deyil ki. “O” tək bir vəzifə qoyub bizim çiynimizə: o da düzgün yaşam variantını seçmək. “O” deyir: içmək, şərab haramdır. Bizsə içirik, heyvan kimi yerlərdə sürünür, ailəmizdə, çevrəmizdə, cəmiyyətdə problem yaradır, özümüzü donuz kimi aparırıq. “O” deyir: əmanətə xəyanət etməyin, günahdır. Biz siqaret çəkməklə, içki içməklə, pis əməllərdən istifadə etməklə. ”O”nun bizə verdiyi bu sağlam canı, “O”na qaytarmalı olduğumuz bu əmanəti korlayır, zədələyir, xəstələndiririk. “O” deyir: rüşvət verib-almayın, yetim malı, haram yeməyin. Biz uzun müddət ac qalmış vəhşi heyvanlar kimi bunun tərsini edirik, əksinə, başqasının halal malını ələ keçirmək, rüşvət qoparmaq üçün dəridən-qabıqdan çıxırıq. “O” deyir: zina etməyin, iffətli olun, abırlı dolanın. Biz tam tərsinə, məhz bu yolla həm öz ailəmizi dağıdır, həm başqa ailələri məhv edir, min cür xəstəlikləri yayır və müxtəlif cinayətlərə səbəb oluruq. Yoldaş hakim, buna Allah neyləsin?
– Necə neyləsin, yaradırdısa, elə yaradaydı ki, biz o murdarlıqları etməkdən uzaq olardıq. Etməyəydik. Qəsdlə insanı belə zəif, tamahına düşkün yaradıb, sonra da qır qazanında yandırmağın, cəhənnəm atəşində əzab verməyin mənası nədir? Məqsədi nədir bu Allahın? Məni niyə elə yaratdı ki, indi mən bu sahildə, bu soyuq havada isti evimdən, ocağımdan it kimi qovulmuş halda titrəməyə, səni də evindən-eşiyindən etməyə, dərdimi sənə yükləməyə məcbur olum? Niyə? Mən ondan xahiş etməmişdim axı məni yaratsın. Həm də belə yaramaz bir halda? Niyə? Bax, sən özün, kişi kimi, səmimi deyə bilərsənmi, bu günədək heç haram yeməmisən ? Rüşvət almamısan? Bu sistemi, hakimiyyətin idarə edilməsi qaydasını, üsulunu və əxlaqını bildiyim üçün, qəti əminəm ki, bu ölkədə bir nəfər də olsun düz adam, halal adam yoxdur. Səmimi olaraq etiraf edə bilərsənmi, haram yemisən ya yox?- deyə, məndən cavab gözlədi.
– Mən, möhtərəm hakim, mələk olduğumu iddia etdimmi? Bu məmləkətdə, bəlkə də, ən çox günah işləyənlərdən biri də mənəm. Mələklik iddiasından da çox uzağam. Ancaq bilirsənmi problem nədədir? Yeri gəlmişkən, – mövzunu dəyişmək istədim – hüquq fakültəsini necə oxumusan?
– Əla qiymətlərlə – qısa cavab verdi.
– Neçə nəfər idiniz kursda?
– Əlli olmuşuq.
– Hammısı sizin kimi əla oxuyurdu?
– Yox, 5-6 nəfər əla, 10-15 nəfər orta. Qalanları müəllimlərə rüşvət verirdilər ki oxumasınlar. Eləsi var idi ki, heç dərsə də gəlmirdi. Pulunu verib qiymətini yazdırırdı. 70-ci illərdə bu bir qaydaya çevrilmişdi elə bil. Səncə, dünyada bizdən başqa oxumamaq üçün rüşvət verən ikinci bir millət varmı?
– Bir hind kinosunda görmüşəm. Ata oğluna deyir ki, mən də diplomu pulla almışam. Demək var. Məsələ onda deyil. Bax özün dedin ki, əlli nəfərdən beş-altısı əla oxuyub eləmi? Bu əlli nəfərə eyni müəllimlər dərs deyirdilərmi? Onda niyə sən əla oxuyurdun, otuz beş-qırx adam yox? Onlar imtahan vermirdilərmi? Yaxşı, müəllim dərs deyəndə imtahan olacağını əvvəlcədən deməmişdimi? Demişdi, təbii ki. Buna baxmayaraq, əlli adamın hər biri fərqli hərəkət variantı seçdi. Düzdürmü? Müəllim neyləməlidir? Kimsə özünü insan kimi aparmayacaq, oxumayacaq deyə, sənə də dərs deməməli idi? Bir bax, adam imtahan verəcəyini bilə-bilə oxumur, hazırlaşmır. Müəllim isə bunu bilə-bilə dərsini deyir. Müəllimi bu hərəkətinə görə qınamaq olarmı?
– Məncə, hörmətli vəkil, misal yerinə düşmədi. Allah hara, müəllim hara?
– Ola bilər. Mənim bacardığım bura qədərdir. Mən, sadəcə, izah etməyə çalışıram. Yəni niyyətim… məqsədimə çata bilirəm, ya yox, o başqa məsələdir. Yaxud da, bir atanın beş oğlu var. Beşinə də eyni öyüd-nəsihəti, tərbiyəni verir. Həm də bilir ki, beşi də bir olmayacaq. Bir də gördün bir tərbiyəli atanın on uşağından biri cinayətkar oldu, narkoman, oğru oldu. İndi atanı ittiham edək ki, o niyə bu oğru uşağı dünyaya gətirib, ya da bilə-bilə ki, on uşağın onu da eyni olmayacaq, niyə onlara eyni tərbiyəni verib? Allah hamıya ağıl verib ki, həyatda qarşısına çıxan yollardan ən düzgününü seçsin. Düz seçsin ki, sabah ALLAH imtahanından kəsilməsin. “O”nun da imtahanı iki hissəlidir,- deyə, gülümsədim və əlavə etdim: – bir hissəsi bu dünyada, o biri hissəsi də axirətdə. Qır qazanını da, cəhənnəm odunu da insan özü seçir. Sənin o imtahandan kəsilən, ya da rüşvətlə diplom alan tələbə dostların kimi. Axı, Allah əvvəlcədən bizi imtahan edəcəyini, sınağa çəkəcəyini deyib. Quranda bu dəfələrlə təkrarlanır. Yəni, necə ki, dərc edilməyən, elan edilməyən qanunu pozmağa görə insanlar məsuliyyət daşımırlar, eləcə də, Allah əvvəlcədən elan etmədiyi hansısa qaydanı pozduğuna görə insanı cəzalandırmır. Vaxtınız olanda bir Quran Həm də ucadan oxuyun ki, uşaqlarınız, yoldaşınız da eşitsin.
– Mənim evimi elə o Quran yıxmadımı? Qapımdan içəri girdi-girmədi həyatımın nizamı pozuldu,- deyə dərin bir ah çəkdi. Gözləri yenə də dirəndi. Özünə qapandı. Məni sanki unutmuşdu. Danışmırdı. Nəsə fikirləşirdi. Bir azdan sakit, aram səslə davam etdi: – İlk dəfə rüşvət alanda tər məni basmışdı. Bədənim əsir, o adamın gözlərinə baxmamağa çalışırdım. Çox-çox sonralar anladım ki, sən də məni bağışla, rüşvətxorla fahişənin bir oxşar taleyi var: çətini birinci dəfədir. Ondan sonrası adiləşir. Abır, həya, ləyaqət hissi yox olur. Səni hər gün alıb-satırlar. Heysiyyatını elə tapdalayırlar ki, insanlıq haqqında düşünməkdən qorxursan. Əslində qorxmursan, qəsdlə bu barədə düşünmürsən ki, birdən o bakirə duyğular, hisslər səni bu yeni yolundan çəkindirə bilər. Qeyri-ixtiyari olaraq, rüşvət hesabına yaranmış, haramla əldə etdiyin o təmtəraqlı həyatı əldən vermək istəmirsən. Doğrudan da, insanı Allah yaradıbsa,- mən dərhal, “buna şübhən olmasın”, dedim – onu çox zəif yaradıb. Çox , həm də lap çox zəif yaradıb. Zəif, zəif, çox zəif.
Sanki mən yox idim. Öz-özünə təkrar edirdi. Birdən mənə döndü:
– Bayaqkı sualıma cavab vermədin axı? Rüşvət almısanmı, haram yemisənmi?
– Dedim axı, mən mələk deyiləm. Əvvəla, rüşvət almaq imkanı olan vəzifədə olmamışam. Bəlkə də, olsaydım, sovet rejimində və o rejimin davamı olan indiki siyasi şərtlərdə məndən rüşvətxoru olmazdı. Çünki bu rejim, bu ailənin hakimiyyəti rüşvət üstündə qurulub. Hakimiyyəti qanunsuz mənimsəyənlərin tək bir məqsədi olur: dövləti, ictimai əmlakı talamaq. Adi bir oğru, quldur, soyğunçu və ya adamları oğurlayıb pul tələb edən cinayətkar kimi. Bu talamanın yollarından biri də rüşvətdir. Allahıma şükür edirəm ki, onların rejimində vəzifəyə getmək naminə yaltaqlıq, yarınmaq, qorxaqlıq etməmək üçün mənə güc verib. Özümü bu yoldan qoruya bilmişəm. Bir tikə ruzumu isə Allah özü yetirir. Şükr! Harama gəldikdə isə, indiki şərtlərdə haram yeməməyim mümkün deyil. Yalan deyə bilmərəm. Ancaq özümü bir müsəlman kimi dərk edəndən, Quranı az-maz öyrənəndən sonra bir çox şeylərdən tövbə edib, halal yaşamağa çalışıram. Allah rəhmli və rəhmandır. Əvvəlki günahlarımı bağışlar, İnşallah. Çalışıram, alınır-alınmır, o artıq Allahla mənim aramdadır. Şeytan da ki, bilirsən də, Allaha söz verib, bizi, o zəif yaradıldığını bildiyin insanı axirətədək hər an yoldan çıxarmağa çalışacaq. Buna görə də, şeytanla mübarizəni ardıcıl və vaxtında aparmaq üçün günün beş vaxtında namaz qılmağı bizə vacib bilib Allah. Hər halda, çalışıram mən. Allah bağışlar bizi, İnşallah.
Ev yıxan namazdırmı?
– Namaz? Başıma gələn fəlakətlərin bir səbəbi də elə o namaz oldu. Evimə girdi-girmədi həyatımın nizamı pozuldu,- yenə də öz-özünə danışırdı. Başını aşağı salıb, dirsəkləndiyi dizləri arasından yerə baxırdı.- Əvvəl boşanma, aliment, əhəmiyyətsiz qonşu davalarına baxırdım. Hakim əbasını geyəndə özümü qeyri-adi hiss edirdim. İçimi fərəh bürüyürdü. Dəhlizdə, məhkəmə zalına doğru irəliləyəndə mənə baxan insanları görüb nə qədər dəyərli, arzulanan, ümid yeri olduğumu dərk edəndə sanki uçurdum. Heyf, atam-anam mənim o günlərimi görmədi. İnsanların baxışlarında özümə qarşı hörmət, ehtiram görür, səmimiyyət hiss edirdim. Bu yalnız bir il çəkdi. İlk dəfə məhkəmə sədri çağırıb, “tərəflərdən hansı yaxşı məbləğ təklif etsə, onun xeyrinə də qərar ver” deyənə qədər. Əvvəl, guya başa düşmədim. Özümü elə göstərdim. Sədr təkrar etdi. Eşitdim, anlamaq, qəbullanmaq istəmədim. Prosesi uzatmağa başladım. Bu çirkaba bulaşmaq istəmirdim. Sədr başa düşəndə ki, mən onun dediyini eləmək istəmirəm, növbəti iclasda tərəflərdən biri boş, mənasız, qanunsuz əsaslarla mənə etiraz etdi və sədr işi məndən alıb başqa hakimə verdi. Mülk davası idi. Evin qiyməti, təqribən, 300-500 min manat olardı. Cavabdeh tam haqlı olsa da, iddiaçı, zor-xoş, mülkə sahib çıxmaq istəyirdi. Sonradan öyrəndim ki, yazıq cavabdeh öz ata-baba mülkünü qorumaq üçün evinin qiymətinin 25-30 faizi miqdarında rüşvət verib. Həm də kredit hesabına. Bizdə hər şey analoqsuzdur. Oxşarı yoxdur. Mənzili əlindən çıxmasın deyə, adam gedib bankda borca girir, rüşvət verir. Sonra da ömrü boyu bankla çəkişir. Həyat cəhənnəmə dönür. Adamlar, bəlkə də, bilmirlər ki, Allahın, “cəhənnəm” deyə bizi qorxutduğu yer elə buradır – A z ə r b a y c a n. Yəqin elə başqa ölkələr də bu gündədir… Bir müddət yenə də aliment, boşanma, qonşu davaları və xırda xuliqanlıq işlərinə baxdım. Mən halımdan məmnun idim. Ən xırda, əhəmiyyətsiz görünən işdə belə, ədalətli, qanuni qərar qəbul edəndə vətəndaşın minnətdarlıq dolu baxışları, təşəkkür bildirən ifadələri səni öz gözündə ucaldır, özünə hörmət hissi yaradır, içini işıqla, nurla doldurur. Fərəhlənirsən. Bilirsənmi, insan ictimai əhəmiyyətliliyini dərk edəndə insanlaşır. Yoxsa, adi heyvandan heç bir fərqi yoxdur insanın. Mənimlə razısınızmı?- deyə mənə toxundu. Elə bildi yatmışam, mürgüləyirəm. Məni ayıltmağa çalışırdı sanki.
– Tamamilə, haqlısınız. Razıyam, əlbəttə. Mən səni dinləyirəm. Özüm müdaxilə etmək istəmirəm ki, fikirləriniz qırılmasın, mane olmayım. Buyurun, davam edin, yeri gəlmişkən soruşum: hakim üçün ən çətin iş hansıdır, sizcə? – qeyri-ixtiyari olaraq, “siz”ə keçdim.
O cavab vermək istəyirdi ki, yenə zəng gəldi. Xanımım idi. “Sübh namazının vaxtı çıxmaq üzrədir, namazını qılmısanmı? Gün doğur birazdan, evə nə vaxt gələcəksən axı?” – deyə səhər yeməyini mənsiz yeməyəcəyini xatırlatdı. Söz verdim ki, tezliklə gələcəyəm.
Dərhal qalxıb yaxınlıqdakı çəmənlikdə namazımı qıldım.
Yerimə qayıdan kimi o davam etdi:
– Səmimi cavab verim: indi Azərbaycan hakimləri üçün ən çətin iş tərəflərin heç birinin rüşvət təklif etmədiyi işlərdir. Belə olanda hakimlər az qalır dəli olsun. Plan var axı- ara, verib davam etdi. – Bir azdan ölkədə siyasi vəziyyət gərginləşdi. Müxalifət mitinq və etiraz nümayişlərinə, piketlərə başladı. Hakimlərin dediyi kimi, “sezon” qızışdı. Beş-altı nəfər cavan uşağı, aralarında tələbələr də var idi, “on beş sutkalıq” üçün gətirdilər. Tək məndə yox, o biri hakimlərin də hərəsində 5-10 iş var idi. Sədr məni öz otağına çağırıb qısa və aydın şəkildə əmr etdi : “yuxarıdan tapşırıblar, hərəsinə 5-15 sutka ver getsinlər. Kimə nə qədər verməyi isə özün müəyyənləşdir”. “Yuxarı” deyəndə, şəhadət barmağını altında oturduğu portretə tuşladı. Elə dedi ki, etiraza yer qoymadı. Həm də bu anadək, məni “o”nun çörəyini yediyimə inandırmışdı. Çörək yediyin təknəyə tüpürmək isə kişilikdən deyildi. Mən o gün dərk etdim ki, son il yarımda mənimlə aparılan “tərbiyəvi-ideoloji söhbət”lərin də məqsədi elə məni bu reallığa alışdırmaq, uyğunlaşdırmaq imiş. Ancaq, insafən, mənə həm də müstəqillik vermişdi. Kimə 5, kimə də 15 sutka verməyi özüm müəyyənləşdirə bilərdim. Yəni cəza verməyin vacibliyini “yuxarı”, miqdarını mən özüm müəyyən edirdim. Etiraz da qəbul edilmir. Bax, həmin gün mən fahişəliyə ilk addım atan qadının halına düşdüm. Düzdür, bu yolu mən könüllü seçmirdim, məni zorlayırdılar, ancaq mən bu zorlanmaya etiraz etmədiyim, əksinə, hətta xoşlandığım, bəlkə də arzu etdiyim üçün könüllü qaydada fahişəlik edən qadınla mənim fərqim yox idi. Çətini isə, bu addımı birinci dəfə atanacandır. Arxası asan olacaq. Zorlamaq həvəsi olan zorlamağından, zorlanmaqdan da fayda güdən zorlanmağından həya etməyəcək. Əsas birinci dəfədir. Sonrası adiləşir. Gündəlik həyat tərzinə çevrilir.
– Mənə maraqlı olan bilirsənmi nədir, yoldaş, möhtərəm…- deyə, gülümsədim. – Günahsız olduğunu bildiyin adama necə cəza verə bilirsən? Mənə bu çatmır. Anlaya bilmirəm. Vicdanın səni heçmi narahat etmir?
Millət, yoxsa sürü?
– Birinci dəfəyə qədər mən də sənin kimi düşünürdüm. Heç ağlıma da gətirmirdim nə vaxtsa belə bir iş görəcəyimi. Ancaq bilirsən nə baş verdi o gün? Mən dərk edirdim ki, “yuxarı”nın tapşırığını icra etdiyimə görə, mən də “yuxarı”dan nəsə ummaq haqqı əldə edirəm və bu haqq mənə mütləq veriləcək.
– Nə verdi ki sənə yuxarı? Umduğunu ala bildinmi? Başqasının ailəsini başsız qoymağın, gənc bir insanın ömrünü haqsız olaraq kəsməyin qarşılığında “yuxarı” sənə nə verə bilər ki? Bunun qarşılığı nədir axı? Bu qanunsuz hərəkətinlə sən, bir hakim kimi şəxsi həyatını təhlükəyə atırsan. Sabah, o qanunsuz həbs etdiyin birinin oğlu, ya qardaşı, elə azadlığa çıxandan sonra özü vurub səni öldürə bilər. Səndən , ailə üzvündən intiqam ala bilər. Yəni bunun qarşılığı nə ola bilər ki, hakim qardaş?
– Bu bir diplomatiyadır. Alçaqlığın, namussuzluğun, oğraşlığın diplomatiyasıdır. Heç kim səninlə bu alış-veriş barədə yazılı müqavilə bağlamır. Hərə öz vəzifəsini prosesin gedişində anlayır, dərk edir və təhtəlşüur olaraq qəbullanır.
– Nə verdi axı ? – deyə mən səbirsizləndim.
– Cəzasızlıq hüququ və qorxusuz rüşvət almaq imkanı. Mən dərk etdim ki, “yuxarı”nın qanunsuz tapşırığını yerinə yetirdiyimə görə, sabah bir xəta, ya cinayət etsəm də, “yuxarı” məni müdafiə etməyə məhkumdur və bundan sonra mən istədiyim işi istədiyim kimi həll edə bilərəm, istədiyim qədər də qazana bilərəm.
– Bəs, o qanunsuz həbs etdiyiniz, haqqını tapdaladığınız insanlar? Onlara heç yazığınız gəlmədi, intiqamlarından qorxmadınız?
– Nə? İnsanlar? İntiqam? Əvvəla, uzun illərdir ki, bu millətin hüquqlarını pozan bir peşəkar kimi deyirəm: bu millətin öz düşmənindən, ona pislik edəndən intiqam ala biləcək qədər kişiliyi, mənliyi, ləyaqəti yoxdur. O, bütün bunları Xocalıda, Kəlbəcərdə, Şuşada, Xankəndində və saxta prezident, parlament, bələdiyyə seçkilərinin nəticələrinə dözəndə itirib. Mənə inan. Bir də ki, elə həmin gün sənin insan dediyin bu canlılar mənimçün biznes, qazanc obyektinə çevrildi. Taxta-dülgər üçün, cırıq ayaqqabı — pinəçi üçün hansı rolu oynayırsa, nədirsə, məhkəməyə işi düşən adam da mənimçün odur. Bu hiss gün-gündən gücləndi və mən, sözün həqiqi mənasında, “hakim-biznesmen” oldum. Məhkəmə, hakim kürsüsü və hakim cübbəsi əslində bu biznesi pərdələyən vasitələrdir. Biz “yuxarılar”la şərikli biznes aparırıq. Ortaqlarıq. Adam oğruları kimi. Alıb satdığımız da insan hüquqları və ailə taleləridir.
O bu fikirləri elə ciddi ifadə edirdi ki, inanmamaq mümkün deyildi. Mənim təəccüblə baxdığımı görüb : “Bu millətə bu da azdır”- deyə məni bir daha inandırmağa çalışdı.
– Millətin nə günahı? Sən də, mən də, bizim yaxınlarımız, doğmalarımız da bu millətdən deyilmi?
– Pafoslu, gəlişi gözəl, populist sözləri bir kənara qoy. Tək-tək ləyaqətli, namuslu və qəhrəman, cəsur, qərarlı şəxsiyyətlərin olması hələ bütün millətin belə olması demək deyil. Belələrinin, yəni passionar adamlarının sayı və gücü millətlərin xarakterini, hərəkətlərini müəyyən edəcək həddə olan millətlərə qəhrəman, ləyaqətli demək olar. Bir millətin ki müəllimi, həkimi, məmuru seçkini saxtalaşdırır və səsi saxtalaşdırılanlar, iradəsi zorlananlar da buna dözür, ona millət demək olmaz. Bu, bir kütlə və ya sürüdür, insanabənzər canlılar sürüsü.
– Anlamadım. Sən kimi ittiham edirsən ki? Bütün bu saxtakarlıqları qanunlaşdıran sənin kimi hakimlər deyilmi? Buna millət neyləsin?
– Millət neyləsin? Sənin bu qəhrəman millətin mənim erməni və ya rus kəşfiyyatı tərəfindən bu vəzifəyə yerləşdirilməməyimə əmindirmi? Bunu bilirmi? Ya da “yuxarı”dakılardan o göstərişi verənlərin necə? Onları kimin idarə etdiyini, onların kimə və haralara xidmət etdiyini bilirmi? Qəbul edilən qərarların, qanunların, hökm və qətnamələrin, atılan addımların, yürüdülən daxili və xarici siyasətin onun mənafeyinə zidd olduğunu görmürmü? Niyə susur? Kimi və nəyi gözləyir?
– Deyəsən, sən də təzə ayılmısan. Bütün bunları deyəndə öz günahını necə, qəbul edirsənmi? Nə vaxtdan belə anlamağa başlamısan, cənab hakim?
– Ayılmağına, anlamağına çoxdan ayılmışam. Ancaq qərar vermək üçün kişiliyim, gücüm yoxdur. Yəqin ki, bu gün qərar verəcəyəm,- susdu, fikrə getdi. Başını aşağı salıb davam etdi:- “OMON”çuların, Xalq Cəbhəsi hakimiyyətinin nümayəndələrinin, Rəhim Qazıyevin, Tale Bağırzadə və Abgül Süleymanovun, Nigar Yaqublunun işində mən “yuxarı”ların əsil mahiyyətini, niyyətlərini dərk etdim. O işlər üzrə hökm çıxaranda da, o hökmləri təsdiq edəndə də mən nələr yaşadım, bir Allah bilir. Təsəvvür edirsən, eyni hərəkəti törədən minlərlə bığıburma kişi həbs edilməyə-edilməyə, bizim əlimizlə bir qız uşağını həbs etdirib millətin namusuna, ləyaqətinə tüpürdülər, onun heysiyyatını döşəmə əskisi kimi ayaqlar altına sərdilər. Düzü o gün mən elə bilirdim ki, bu dəqiqə məhkəmə zalında məni və başqa hakimləri güllələyəcək, məhkəmə binasını alt-üst edəcəklər. Ancaq olmadı. Elə həmin gün anladım ki, bu millətin kişilik damarı, mənlik hissi artıq ölüb. Bunu dərk edəndə isə qorxdum. Çox qorxdum. Bu hala salınmış bir millət heç vaxt ermənidən torpağını geri ala bilməz. Evində qorxaq olan itin çöldə kimisə qorxutması mümkün deyil. – susdu, gözləri yol çəkdi bir anlığa, yenə davam etdi: – Mənim babalarımın, yaxınlarımın qəbirləri o torpaqlarda qalıb. Burada mənə zorla “baba” sırıyır, kiminsə qəbrinə baş əyməyə məcbur edirlər.
– Məndən incimə, bir söz deyəcəyəm. Savadsız, cahil, qanmaz bir adamın belə hərəkət etməsi başadüşüləndir. Ali savadlı hüquqşünasın belə, guya millətin dərdinə qalması, eyni zamanda da, bu xəyanətə qulluq etməsini anlamaq, qəbul etmək mümkün deyil. Səni zorla orada, o kürsüdə saxlayan var? İşləmə, çıx işdən, istefa ver qarşını kəsən var? Mən hakim, prokuror, müstəntiq işləmirəm, acından ölürəm? Ay qardaş, Allah hərəyə bir tikə ruzi yetirir. Onu halal qazanmaq və yemək mümkün deyilmi? Başqa iş tap özünə. Açıq deyirəm, mən sənin bu sözlərinin səmimiyyətinə inanmıram.
– Başqa iş tapım? Bax görürsən, nəinki sadə vətəndaşlar, heç sənin kimi hüquqşünas da bilmir əslində bu ölkədə nə baş verdiyini. Qardaş, elə bilirsən bunların əlindən qurtulmaq asandır? Bir məqam oldu, aradan çıxmaq istədim. Kifayət qədər mal-mülk, sərvət, pul toplamışam. Sifarişlərin getdikcə artdığını və qorxunc xarakter aldığını görəndə, gələcək təhlükələri nəzərə alaraq, aradan çıxmaq istədim.
– Çıxardın. Nə mane oldu ki? – deyə soruşdum.
– Ehh, – dərin bir ah çəkdi,– birini bilirsən, yüzündən bixəbərsən. Tək sən yox haaa, elə bütün müxalifət, millət sənin günündədir. Yatmısız fil qulağında. Qardaş, xəbərin var ki, son 20 ildə Azərbaycanın bütün əmlakından, ümumi daxili məhsulundan 5-10 dəfə çox, yəni 10 Azərbaycan oğurlanıb? Həə, xəbərin vaaaar? Səncə, bu boyda oğurluğu, 5-10 adam edə bilər? Mənim kimi minlərlə adam cəlb edilib bu prosesə: yığ-ver, çal-çap, al-ötür. Aldığının müəyyən, cüzi faizi özündə qalır, qalanını yuxarı ötürməlisən. Hünərin var bir qəpik gizlət. O cüzi faiz də vasitəçi-iştirakçılara bəs edir. Elə hakim, məmur var ki, 5-10 villası, 5-10 xarici maşını, milyonlarla pulu var, saxladığı fahişə qadınlara ev-eşik, bahalı maşınlar alıb və s. Bunun “cüzi”-si bu qədərdirsə, gör yuxarı ötürülən nə qədərdir?!
– Əşşi, səni zəncirlə saxlayan var? Eləmə. Çıx oyundan. Tövbə elə. Heç olmasa, bundan sonra adam kimi yaşa, adam kimi qazan, adam kimi də öl.
– Dedim axı, cəhd etdim. İstədim adam olam, – susdu, öz-özünə danışırmış kimi, səsinin tonununu aşağı saldı, pıçıltı ilə danışmağa davam etdi – əvvəl yuxarının sifarişi, sonra da bu sifarişin doğurduğu mənəvi haqqa söykənən rüşvət alma, ardınca yeni sifarişlər və… bu zəncirvari proses davam edir. Bu bir bataqlıqdır. Batdıqca batırsan. Hər addımın, hər hərəkətin, hər rüşvət qoparman, səni bu bataqlığın dibinə daha çox çəkir. Sən bütün həyatınla, ailənin firavan dolanışığına, arvadının brliyantlarla bəzənməsinə, övladlarının bahalı məktəblərdə, xarici dövlətlərdə təhsil almasına, hətta saxladığın fahişələrə etdiyin hədiyyələrə görə də o “yuxarı”ya borclusan. Aradan çıxmaq istəyən bütün bunları sahibinə qaytarmalı, yolunmuş qaz, yolux cücə həddinə düşməlidir. Yoluğ cücə. Bunu mənə çox incəliklə qandırdılar. Üstəlik də başa saldılar ki, hələ bununla qurtara bilsəm, Allaha şükür də etməliyəm. Çünki o siyasi sifarişli işlərə və elə sifarişlərə də arxayın olub aldığın rüşvətlərə görə adamı qoduğluğa soxarlar. Hakim kürsüsündən həbsxana çarpayısına. Mən, hətta, bütün bunları gözə alaraq, qəti addım atmaq qərarına gəlmişdim. Ancaq, ilk müqavimətin qarşısında aciz qaldım. Sındım, uduzdum, geri çəkildim və elə o andan da olan-qalan mənliyimi də itirdim.
– Kimə uduzdun belə? Qəribədi, nə dedilər ki? Nə baş verdi?
– Arvadıma, həyat yoldaşıma, ailəmə, “ailə” haaa, – deyə üzündə qəzəb, kədər, qəm-qüssə bir-birinə qarışdı. Bir də təkrarladı: – a i l ə, arvad, həyat yoldaşı. Sizinki dünəndən çörək yemir, səni gözləyir. Mənimki isə, – yenə də gözləri yol çəkdi. Susdu. Birdən, cəld mənə tərəf dönərək: – bütün vəzifəli şəxslərin, rüşvətxorların bir ümumi səhvi var. Bilirsən nədir bu? – deyə soruşdu.
– Deyərsən bilərəm, cənab hakim, – cavab verdim.
– Ailələrini, xüsusilə də, həyat yoldaşlarını vəzifənin verdiyi imkanlara və aldıqları rüşvətin səviyyəsinə uyğun yaşatmaq, buna vərdiş etdirmək. Bir də aldıqlarını arvada bildirmək.
– Sən bunu səhv hesab edirsən? Özünün rüşvət aldığını yox, arvad-uşağı bu rüşvətə uyğun yaşatmağı səhv hesab edirsən? Mən nəsə başa düşə bilmədim.
– Hə, hə. Biz onsuz da yazıq, bədbəxt olmuşuq. Bu ölkədə rüşvətə bulaşmayan bir nəfər də olsun vəzifəli şəxs yoxdur və ola da bilməz. Ya rüşvət alır, ya da dövlət əmlakını mənimsəyir. Hamı bu ölkədə zorən-cinayətkar, zorən-haram yeyəndir, hamı buna məcbur edilir, rejimin mahiyyəti budur. Gərək ağıllı adam, heç olmasa, ailəsini bu harama bulaşdırmasın. Axırı…
– Sən özün bunu bacardınmı? – deyə, sözünü kəsdim.
– Bacarmadım deyə, indi mən səninlə bu soyuqda titrəyə-titrəyə oturmuşam, arvadım isə öz aşnası ilə mənim isti yatağımda kef çəkir. Məni evə buraxmır.
– Sən nə danışırsan? Zarafat edirsən yoxsa…
Dərhal sözümü kəsdi:
– Nə zarafat, bayaqdan imkan vermirsən ki mən ürəyimi boşaldım, istədiklərimi, ürəyimi deşən, beynimi xərçəng kimi gəmirən bu bəlamı sənə danışım. Xahiş edirəm, sus, sus və diqqətlə məni dinlə.
Özü susdu. Ara verdi. Nəsə fikirləşdi. Daxilində yenə də kiminləsə mübahisə edir, sözlə atışırdı. Başının hərəkətləri, mimika və əl hərəkətləri bundan xəbər verirdi. Kənardan baxan onu dəli zənn edərdi. Mənə tərəf döndü. Gözlərini gözlərimə zilləyib, özündən intiqam alırmış kimi, acı-acı gülümsəyərək dedi:
– Bəli, cənab vəkil, mən arvadımın mənim yatağıma saldığı kişinin çıxıb getməsinə qədər burada gözləməliyəm. Yalnız arvadım mənə zəng edib evə çağırsa gedə bilərəm. Zəng, aşnasının getməsini bildirəcək. Müqayisəyə görə üzr istəyirəm, sənin xanımın, anam-bacım olsun, axşamdan on dəfə zəng edib səni çağırır ki, sənsiz yeməyəcək və yatmayacaq. Mənimki isə zəng etməlidir ki, aşnası gedib, mən öz evimə qayıda bilərəm. Yuxarıların hesabına qazandığım o pulları, sən demə, çoxdandır ki, arvadımın saxladığı kişi də yeyir. “Arvadımın saxladığı kişi” – deyə, təkrar vurğuladı. Acı-acı gülümsədi.
Ardı var