İşıqlı insanların ölümü yer üzünün ən böyük itkisidir. Onların əskikliyi ilə getdikcə qaranlığı artan dünyanın aydınlığı azalar bir az da. Bir az da buzlaşar, soyuqlaşar iqlimi korlanmış yer kürəsinin ab-havası. Bir az da bozlaşar, rəngsizləşər, cansıxıcı olar dünyanın mənzərəsi. Işıqlı insanlar yumruq boyda ürəklərinə dünya boyda sevgi və aydınlıq sığdırmış insanlardı. Onların gedişiylə bu dünyada buraxdıqları boşluqları üşüyər və üşüdər yer kürəsini…
Ötən həftə belə insanlardan birini də susdurdular. Təkcə rus xalqının deyil, dünyanın zamanla çox az yetişdirdiyi idealist, parlaq şəxslərdən birini – Boris Nemtsovu öldürdülər. Qosqoca Moskvanın mərkəzində, qırmızı Kremlin beş addımlığında qıpqırmızı güllələr sancıldı Nemtsovun kürəyinə. Bura – Kremlin çevrəsi qəribə bir yerdir, deyirlər. Atəş nöqtəsi kimi bir yer. Oradan savaş, işğal, qətl planlarından çıxan qanlı güllələr açılar daim. Ən azı, biz hər kəsdən yaxşı bilirik bunu…
Bugünkü despot, işğalçı və sərt rus rejiminin dəyişilməsini istəyən Nemtsov təsadüfi biri deyildi. O, 60-70-ci illər sovet sisteminin dissident nəslindən örnək almış biri idi. O da həmin intellektual, müdrik və açıq fikirli insanlar kimi rus cəmiyyətinin gələcəyini demokratiyaya doğru yönləndirmək davası aparanlardan idi. Eyni ilə adını daşıdığı dissident yazıçı Boris Paternak kimi. Onun başına gətirilənləri, “xalq düşməni” adıyla damğalanmalarını, sürgünlərini, “Nobel” mükafatından imtina məcburiyyətini unutdumu rus xalqı? Axı tarix heç nəyin üstünü örtməyə, qapamağa, basdırmağa imkan vermir. Hər şeyin əsli üzə çıxır sonunda. Ölüm belə əngəl ola bilmir bu gerçəyə. Pasternakın ölümündən sonra “Nobel”i rəsmən “alması” kimi. O bütün bunları bilirdi, əslində. Bir şeirində də belə ifadə etmişdi fikirlərini:
Hər şey dəyişəcək, hər şey
əsl olana doğru, böyük olana,
uşaqların yuxusunu bölənlər
bağışlanmayacaq əsla.
Unudulmayacaq, unudularmı heç
bu körpə üzlərə işləmiş kədər, qəm,
düşmən saldığı bu dəhşəti
ödəyəcək bir gün mütləq.
Gün gələcək yolu onun da
tüklər ürpədən bir hekayədən keçəcək,
alınacaq yüzlərlə, yüzlərlə dəfə
yetimin, şikəstin, dulun qisası.
Bəli, bu gün keçmiş sovet cəhənnəmindən miras qalan sistemlərdə qisası alınacaq çox şey, çox insan var. Borislər, Annalar, Elmarlar üçmü, onmu, yüzmü… Bütün işıqlı insanlar bir-birinə bənzədiyi üçün, onların itkisi, hətta ölümləri də bənzərdir.
Adlarını çəkdiyim bu 3 böyük insanın qətl motivi və ssenarisi də tamamilə eyni.
Dünən Nemtsovun qətlinin 3-cü günündə Elmar Hüseynovun qətlinin 10-cu ili tamam oldu. Onlar bir totalitar sistemin, bir qocalmış düşüncənin, bir qəddar rejimin qurbanlarıdır. Qətlləri də həmin rejimin sifarişidir. Kim nə deyir-desin, bu məqamda bütün başqa ehtimallar istisna olunur. Indi Putin dünyaya hansı əsasla sübut edə bilər ki, bu dəhşətli qətlin sifarişçisi olmadığını? Kim inanacaq ki, onun ortaya qoyub özünü ağlamağa çalışdığı ağ yalanlarına?..
Zorakılığa, qorxuya, diktatlığa söykənən sistemlər təkcə ayrı-ayrı insanları öldürmür. O, bütöv bir cəmiyyəti, nəsli, ölkəni şikəst edir. Aydınlığa, gözəlliyə, inkişafa dair nə varsa, hamısının qoluna qandal vuran belə sistemlər bir xalqın gələcəyini dağıdır. Böyük çoxluq da bəzən qorxusundan, bəzən də nadanlığından bu dəhşətlərə susub durur. Susunca da, o ölkəni işıqlandırmaq istəyənlər canından olur arada. Amma onlar da yolun yarısında “canınız cəhənnəmə” deyib, çəkilib sakit həyat arxasınca gedə bilərdilər. Onlar daha şərəfli yolu – ölümü bilərəkdən seçirlər. Bilərəkdən diktatura cəhənnəmini seçənlərin də, elə canı cəhənnəmə!