Fevralın 28-də biz Qazağa həkim dostumuzun yasına gedirdik. Yolda mənə zənglər gəlməyə başladı: “Nemtsov öldürülüb!” Qabaqca inanmadım, inananda sarsıldım – uzaqdan uzağa olsa belə, Nemtsov bizim çoxdankı müxalifətçi yoldaşımız idi. Mən Nemtsovu gerçək müxalifətçi olaraq Azərbaycandakı bir sıra bəlli-qondarma müxalifət liderlərindən üstün tutur, yüksək dəyərləndirirdim. Nemtsovun rejimlə barışmaz çarpışması ona hər yanda böyük sayğı qazandırmışdı. Bunu onunla bağlı aldığım zənglər də göstərirdi. Zəng vuran dostlardan biri ağladığını deyirdi. Nemtsov onunla bağlı yaşanan ağrıları özünün siyasətçi düzgünlüyü ilə qazanmışdı. Siyasətçi düzgünlüyü, müxalifətçi prinsipiallığı ona, indiki reaksiyalardan da göründüyü kimi, Rusiyadan çox-çox uzaqlarda da böyük sayğı qazandırmışdı.
Biz istəsək də, istəməsək də dünyada gerçək bir qloballaşma görsənişi var. Bu görsəniş üzündən Yer üzü çox balacalaşmış durumdadır: dünyanın o baş, bu başı ilə ara azalmış kimidir – adamlarsa virtual olsa belə, bir-birinə yaxınlaşmış, bir-birinə yetik yerindədir. Bu baxımdan ortada olan kimsələrin, başlıcası da özləri ilə bağlı nələrisə gizlətməyə çalışmaları anlamsızdır: hamı görür, bilir, qanır. Bu baxımdan bizdəki bir sıra tanınmışların üzlərinə müxalifətçi maskası taxmaları yersiz-yararsızdır: hamı kimin kim olduğunu bilir. Nemtsov müxalifətçi olaraq hər cür maskadan, eləcə də maskaraddan uzaq kimsə idi, elə bu fakt da ona, deyildiyi kimi, təkcə Rusiyada deyil, Rusiyadan uzaqlarda da böyük inam, böyük sayğı qazandırmışdı. Bu isə bir başlıca faktora bağlıdır: Nemtsov hər hansı çatışmazlığı ilə yanaşı, gerçək demokrat idi. Onun siyasəti də gerçək demokrat siyasəti idi. Bu faktor istər-istəməz KQB polkovniki Putinlə Nemtsovu barışmaz düşmənlərə çevirirdi. Bizdəki bir sıra qondarma “müxalifət liderləri” kimi Nemtsov Putinlə, Putin rejimi ilə dialoqa gedəcək kimsə deyildi. Gerçək demokrat olaraq Nemtsov diktator Putinlə dialoqa getməyi demokratiya ideallarına dönüklük, satqınlıq sayırdı! Aralarındakı barışmaz demokrat – diktator faktına görə Nemtsov Putinin onu öldürə biləcəyini bilə-bilə öz yolunu gedirdi; bu yolsa Nemtsovu çox önə çıxarmaqla Rusiyanın ən parlaq müxalifət liderinə çevirmişdi…
Indi bütün demokratik dünya Nemtsovdan danışırkən, ən azı, özünü sığortalamaq istəyi ilə Putin də ondan danışmalı olur. Putin Nemtsovun ölümünü “sifariş”, “təxribat” adlandırır. Necə də tanış sözlərdir! Bizdə uzun illərdir tanınmışlar öldürülürkən bir yandan rejim, o biri yandan rejimin yandaş yazar-jurnalistikası belə deyir: “sifariş, təxribat”. Kimlərsə, prezidenti, rejimi gözdən salmaq, yıxmaq üçün “sifarişli təxribat” törədirlər. Gəlin buna inanaq, deyək doğrudan belədir. Ancaq burasını da düşünək: nəyə görə bir göydələn yiyəsinin sifarişlə öldürülməyindən on gün keçməmiş onu öldürənlər Gürcüstandan tapılıb, tutulub gətirilir, jurnalist Elmar Hüseynovu, general Rail Rzayevi, yazıçı Rafiq Tağını, eləcə də bir çox tanınmışları beş il, on il qabaq öldürənlər tapılıb tutulmur? Putin Rusiyasında da eləcə. Aradakı sarsılmaz doğmalığa, bu doğmalıqdan gələn oxşarlığa görə Rusiya ilə Azərbaycanı “bir rejim – iki dövlət” kimi dəyərləndirmək olar. Bu baxımdan istər-istəməz “Lenin deyəndə partiya, partiya deyəndə Lenin” assosiasiyası yaranır. Assosiasiya sözünün isə bildiyimiz kimi, iki anlamı var: 1) birlik; 2) düşüncədə ayrı-ayrı baxışlar arasındakı ilişki. Burada assosiasiya faktının hansını önə çəkmək, hansına üstünlük qazandırmaq oxucunun öz işidir.
Qayıdaq Putinin dediyinə. Indi putinçi rejim yandaşlarının hamısı Putin versiyasına üstünlük verir, bununla baş vermiş cinayəti Putindən, rejimdən uzaqlaşdırmağa çalışırlar. Gəlin Putinə də, putinçilərə də inanaq, Nemtsovun “sifarişlə” “təxribat” törətmək üçün öldürüldüyünü düşünək. Düşünək, ancaq bu nəyi dəyişir? Axı, rejimə sərt baxışları, Putinlə bağlı kəskin çıxışları ilə tanınan Nemtsov başqa ölkədə, başqa rejimdə deyil, Putin ölkəsində, Putin rejimində öldürülüb. Putin rejimi, bildiyimiz kimi, komunist-KQB-oliqarxiya rejimidir. Bu, korrupsioner rejim deməkdir. Korrupsioner rejim qanunauyğun olaraq repressiya-terror recimidir. Burada qanun, qanunçuluq, demokratik dəyərlər, insan hüquqları nə olur olsun legitimlik qazanmır, qazana bilmir. Burada qanunsuzluq, qanunsuzluğa bağlı özbaşınalıq, özbaşınalığa bağlı repressiya-terror legitimlik qazanır. Azərbaycanda bunun indiki ən parlaq örnəyi Lamiyə Quliyeva, Vüqar Əliyev adına bağlı Gəncəbasarlı qubernator olaylarıdır. Baxın: rejimin uğursuzluğa uğratdığı iki yeniyetmənin işi bütün polis-soruşdurma-məhkəmə aşamalarını keçərək “Ali Məhkəməyə”dək gedib çıxır; onlar pulsuzluqdan-arxasızlıqdan-adamsızlıqdan bütün aşamaları uduzurlar. Onlar nəyə uduzurlar? Dövlət hakimiyət sistemini bütünlüklə bürümüş korrupsiya qanunsuzluğuna! Kimsə yanlış anlamasın: korrupsiya qanunsuzluqdur – qanunsuzluq korrupsiya!
Amerikanın ən ünlü politik-politoloqlarından olan Z.Bjezinskinin yazdığına görə, təkcə ABŞ banklarında Rusiya oliqarxiyasının 500 milyard dollar pulu var. Mən bu “pul” sözünü yazmaya da bilərdim, ancaq birdən adamlar “500 milyard dollar” oxuyub bunun eləcə kağız parçası olduğunu düşünər. 500 milyard dollar pul deyəndə isə Rusiya kimi yoxsulluq içində olan bir ölkənin ABŞ banklarında bir belə pulu olmasından oxucunun matı-qutu quruyar: Amerika banklarında bir belə pulun ola, özün də KRIMNAŞ bataqlığına bataraq “pul yoxluğundan” ölkə üçün önəmli bir çox projeləri arxivə göndərəsən! Bjezinski, görünür, belə bir gerçəkliyə göz ataraq ABŞ banklarındakı 500 milyard dollar pulun yiyələri ilə bağlı bic-bic deyir: “hələ bilmək olmaz o oliqarxlar kimindir”.
Doğrudan da bunu bilmək çox çətindir: ABŞ banklarında 500 milyard dollar oğurluq pulları olan oliqarxlar Rusiyanındır, yoxsa ABŞ-ın. Başqa cür desək, Rusiya prezidentinin, yoxsa ABŞ prezidentinin. Görürsünüz dünyanın necə dolaş-bulaş işləri var! Çağdaş dünyada yalnız oğru-oliqarxların deyil, oğru-oliqarx prezidentlərin də gerçək yiyəsinin kim olduğunu bilmək çətinndir. Çox çətin. Prezident olmursan nə olursan ol, sənin dünya banklarında milyardlarla dollar oğurluq pulların varsa, milyardlarca OĞURLUQ asılılıq üzündən özün özünə yiyəlik edə bilməzsən. Bundan ötrü gərək Uruqvay prezidenti Xose Muxika kimi gözü-könlü tox, içdən gələn gözəlliklə yüksəklərdə dayanan birisi olasan! Axtarın, tapın, sonra da onun gülər üzünə baxın; o üzdəki aydınlıq-arılıq gözəlliyini görün! Bir var oğru-oliqarx prezidentlərin yırtıcı yaranmışlığını gizlətməyə yönəlik maska-gülüşləri, bir də var prezident Xosenin uşaqcasına gülüşü…
Sizə demək istədiyim nədir? Polisin, məhkəmə-hüquq sisteminin alınıb-satıldığı, bütün qanunların ayaqlar altına atıldığı, korrupsiya adında canavarcasına qanunsuzluğun başa çıxarıldığı rejimlərdə indilikdə sözü gedən “sifarişlərin”, “təxribatların” bir başlıca, özü də gerçək sifarişçisi olur: korrupsioner rejim! Bu rejim əlindəki qanuntanımaz geniş administrativ resurslardan yararlanaraq ona qarşı olanlara çeşidli damğalar vurmaqla, ən azı, bu yolla, onların ölümünə sifariş vermiş olur! Bu, bəlli bir siyasət, sonrası asanca başa gələn texniki işdir. Nemtsova gəlincə, burada bir çağlar geniş yayılmış bəlli deyim çox yerinə düşür: “Boris, tı ne prav!” Doğruçu Boris Nemtsov indiki Rusiya oliqarxiya rejimində yalnız belə dəyərləndirilə bilərdi. Bizsə, onunla bağlı sonuncu faktı Rusiyanın gələcəyinə atılan güllə olaraq dəyərləndiririk!