Imtahanın ilk günü kompüter şəbəkəsində nasazlıq yaranıb; prokurorluq işçiləri isə sualların çoxluğundan narazılıq edir
Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluq orqanlarında işləyənlər üçün imtahan təşkil edilib. Dünən start götürən imtahan prosesi martın 18-dək davam edəcək. Əldə etdiyimiz məlumata görə, dünən 200-ə yaxın prokurorluq işçisi imtahan verməli imiş. Lakin imtahan başlayanda kompüterlərdə nasazlıq yaranıb. Nasazlıq günün ikinci yarısında aradan qaldırılıb. Bu səbəbdən imtahana çağırılan prokurorluq işçilərinin yarısı imtahan verə bilməyib.
Qeyd edək ki, imtahan üçün 3000 sual tərtib edilib. Bu suallar hissə-hissə prokurorluğun saytında yerləşdirilib. Iki gün əvvəl isə proses yekunlaşıb. Bu isə prokurorluq işçilərinin narazılığına səbəb olub. Onlar qısa müddətdə 3000 suala hazırlaşmağın mümkün olmadığını bildiriblər. Lakin bu etirazlar nəzərə alınmayıb. Bundan əlavə prokurorluq işçiləri bildirirlər ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanun “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla eyniyyət təşkil edir. “Hər iki qanun nöqtə-vergülünə qədər eynidir. Sadəcə adları başqadır. Əgər bu qanundan çıxış edərək bizi imthana edirlərsə, o zaman niyə bu ədliyyə sisteminə tətbiq olunmur?”,- deyə prokurorluq işçiləri bildirir.
Xatırladaq ki, “Azadlıq” ötən saylarında bu məsələ barədə məlumat dərc edib. Həmin məlumatda bildirilir ki, prokurorluq işçiləri üçün 5 ildən bir attestasiya nəzərdə tutulur. Lakin bundan əlavə baş prokuror Zakir Qaralovun əmrilə prokurorluq orqanlarında işləyənlər iki ildən bir test imtahanı verməlidir. Həmin məlumatda vurğulanırdı ki, prokurorluq işçiləri sualların çoxluğundan, vaxt darlığından narazılıq edir. Həmçinin onlar attestasiyadan keçdikləri halda imtahana gərək olmadığını bildirirlər.
Bu məsələyə münasibət bildirən hüquqşünas Müzəffər Baxışov isə bildirmişdi ki, prokurorluq işçilərinin imtahan edilməsi qanunsuzdur: “Istər ”Prokurorluq haqqında" Qanunda, istərsə də “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda test imtahanı barədə yazılmayıb. Deyilənlərə görə, bu qaydanı baş prokuror müəyyən edib. Lakin məsələ burasındadır ki, qanun baş prokurora belə bir səlahiyyəti vermir. Ona görə də prokurorluq işçilərinin imtahan edilməsi qanunsuzdur. Digər tərəfdən “Prokurorluq haqqında” Qanunda, elə konstitusiyada da göstərilir ki, prokurorluq işçiləri qanun qarşısında bərabərdir. Bu baxımdan adi prokuror işçisi imtahan verirsə, baş prokuror da bu imtahandan keçməlidir".
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə məsələ barədə “Azadlıq”a bunları demişdi: “Prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsi Baş Prokurorluq üzrə müvafiq əmrlə təsdiq edilmiş qaydalara uyğun olaraq yoxlanılır və bu prokurorluğun daxili işidir.
Ona görə də hesab edirəm ki, narahatçılığa və narazılığa hər hansı bir əsas yoxdur".