Ölkə başçısına yeni-köhnə çağırış!
«Məgər sizə mənim müraciətlərim haqqında məlumatlar verilmir?!»
başlanğıcı ötən sayımızda
AMEA Fizika Institutunun əməkdaşı Elman Şahverdiyev Akademiyada ötən il keçirilən seçkilərə etiraz olaraq dövlət başçısı Ilham Əliyevə məktublarını davam etdirir. Bunun başlıca səbəbi ötən ildən ardıcıl yzılan məktubların cavabsız qalmasıdır. Zəhmətkeşlərlə hər görüşdə ölkədə baş verənlərdən xəbərdar olduğunu, hər sahəyə nəzarət etdiyini deyən Ilham Əliyev təkcə bu alimin yazdığı saysız məktublara cavab verməməklə dediyinin əksini sübut edir. Yəni görünən odur ki, ölkədə baş verənlər bir yana, yaxın ətrafında – Prezident Administrasiyasında baş verənlərdən belə ya prezidentin xəbəri yoxdur, ya da bütün qanunsuzluqlar, özbaşınalıqlar elə buradan idarə olunur. Hər halda alim ümidin üzmür, məktublarını davam etdirir, cavab almasa belə. Bu da növbəti çağırış.
Ahıl yaşlı “gənc islahatçı”…
Özü də əvvəllər də qeyd etdiyim kimi, bir insanı AMEA-ya üzvlüklə mükafatlandırmaqdan qabaq, vəzifəyə qoymaqdan qabaq ona külli miqdarda qrantlar ayrılır. Bu, sanki pul kisəsi əlində bir “sədaqət andı”, “üzüyolalıq” ritualından keçməyə bənzəyir!
Hansısa səbəblərdən illərdir ki, EIF, AMEA Rəyasət Heyəti Ö.Abdinovun adının keçdiyi layihələrə 100 minlərlə qrant ayırır. Guya ölkədə GRID sisteminin yaradılmasına! Özünün sahəsi elementar zərrəciklər olan bir adamın birdən-birə ahıl yaşında informasiya texnologiyaları sahəsinə transferi çoxlu suallar doğurur. Bu gedişlə tezliklə hamımız onun şahidi ola bilərik ki, məsələn, Fizika Institutunun direktoru həm də Humanitar Institutların rəhbərliyində olsun. Nə qalıb ki! Yeri gəlmişkən, fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, ahıl yaşlı “gənc islahatçı” AMEA prezidentinin gördüyü işlər artıq öz bəhrəsini verir. AMEA şəhərciyində AA və analoji seriyalı maşınların əlindən tərpənmək olmur! Əsas məsələ sadə camaatdan seçilməkdir axı!!! Başqa cür elmin nüfuzunu necə qaldırmaq olar axı! Əvvəllər dəfələrlə yazdığım kimi, AMEA prezidenti Rəyasət heyətinin iclaslarında az qala gündə bir Institut yaradılması təşəbbüsü ilə çıxış edir! Özü də indiki iqtisadi böhran dövründə. Görünür, kimlərəsə direktor, direktor müavini, qısa müddət sonra isə AMEA üzvlüyü vəsiqəsinin paylanması göstərişini alıb! Belə göstərişlər bir qayda olaraq ayrı-seçkilik üzərində bərqərar olur. Belə ayrı-seçkilik hətta AMEA regional bölmələrinin, mərkəzlərinin yaradılmasında da özünü büruzə verir. Sözsüz ki, belə regional qurumların yaradılması bölgələrdə elmin inkişafına, bölgə elminin beynəlxalq inteqrasiyasına kömək edə bilər. Təki elmsizlər, saxtakarlar, səriştəsizlər, iş bacarmayanlar, ayrı-seçkilik salanlar bu qurumlarda da meydan sulamasın. Təklif edirəm ki, Azərbaycan elminə, siyasətinə, ədəbiyyatına, mədəniyyətinə dahilər bəxş etmiş Qarabağda da AMEA-nin regional bölməsi yaradılsın.
Plagiata ayrılan milyonlar
Yaşı 70-i keçmiş Ö.Abdinovun CERN-dəki 3 minlik kollektiv tərkibində iştirakından əvvəl elmi işlərinə sitatların sayı müxbir üzvlüyə onlarla başqa namizədlərdən heç nə ilə fərqlənməyib. Adam ona qətiyyən aid olmayan nəticələri özününküləşdirərək gözə kül üfürməklə məşğuldur! Digər bir nümunə isə bu yaxınlarda Fizika Institutuna Innovasiya üzrə direktor müavini təyin edilmiş Ayaz Bayramovdur. Maraqlıdır ki, AMEA Rəyasət Heyəti onun layihələrinə milyon yarıma qədər maliyyə ayırıb. Görülən işlərə isə hətta şişirdilmiş data bazası olan scholar. google.com-da belə cüzi sitatlar var. Milyonlar yeyilir, nəticə isə yoxdur! Qeyd edim ki, onun həmmüəlifi olduğu iş haqqında plagiat iddiaları çoxdandır dillər əzbəridir. Həmin işə isə EIF 3 milyon yarım vəsait ayırıb. Bu bir neçə milyonluq qrantda və plagiatda direktor N.Məmmədovun da adı keçib. Daha doğrusu o, layihənin faktiki rəhbəri olub.
Danışığını bilməyən, özünü belə idarə edə bilməyən, amma böyük bir kollektivin idarəçiliyi tapşırılan N.Məmmədovun etik normalara sığmayan davranışları barədə əvvəlki müraciətlərimdə dəfələrlə yazdığımdan təkrarçılığa yol vermirəm. Əlbəttə, onun belə davranışları (söymək, təhqir etmək, hədələmək, təxribata çəkmək, şərləmək istəyi və s.) ona O.Ələkbərov vasitəsi ilə çatdırılmış xüsusi bir mesajdan da yarana bilər. Axı gözümçıxdıya salınmış, başı aşağı toplumu daha asan idarə etmək olur!
Sıfır sitatla həqiqi üzv…
Cənab Prezident! Son zamanlar siz tez-tez təkrarlayırsınız ki, məmurlarınız xalqın xidmətçisidir; özünüzü isə xalqın birincı xidmətçisi adlandırırsınız. Sual olunur ki, bu məmurlar necə xidmətçidirlər ki, onlar camaatı yuxarıda sadalanan üsullarla idarə edir. Deyəsən bunlar üsyankar, xidmət elədiklərinə sayğı göstərməyən xidmətçilərdir! Məmurlarınız sizinlə xalq arasında bufer təşkil edir. Bəlkə onlar sizin dediklərinizi sadə camaatın başa düşmədiyi tərzdə daha “dərin” interpretasiya edirlər?!
Cənab Prezident! Müxbir üzv təyin olunmuşların arasında BDU-nun prorektoru, kafedra müdiri, həm də Fizika Institutunun əməkdaşı A.Kazımzadə də var. O da digər təyin olunmuşlar kimi 14-15 ildir ki, qrantlara “layiq” görülür. Əsasən də Dünya Bankından təhsildə islahatlar aparmaq üçün! Onun təyin olunmasının digər bir səbəbi isə alfa klanın dominantlığının saxlanılması ilə bağlıdır. Sıfır sitatla həqiqi üzv təyin olunmuş C.Abdinov da həmin alfa klanın cərgəsindədir.
Ciddi təqiblərin anonsu
Tənqidi müraciətlərimə görə N.Məmmədov-O.Ələkbərov tandemi tərəfindən təqib olunmağım davam edir. Hüququmu tapdalayanlar, haqqımı yeyənlər indi də aldığım qəpik-quruşa göz dikiblər. Noyabrda töhmət, dekabrda hamıya verilən mükafatın kəsilməsi… Indi isə… dekabrın axırında EIF 2014-ci ilin əsas qrant müsabiqəsini elan edib. Müxtəlif bəhanələrlə mənim işçilərimlə müsabiqədə iştirakıma maneçilik törədilib. Belə ki, əsassız yerə tələb edirlər ki, bu məsələyə AMEA-nın müvafiq bölməsi razılığını verməlidir. Zəng edirəm EIF-ə, ordan deyirlər ki, o tövsiyə yalnız böyük həcmli qrantlar üçündür. Əsassız yerə deyirlər ki, biz layihədə yazılanlara baxmalıyıq. Əsassız tələblərə etirazımı bildirdikdə isə direktor işim gələcəkdə qalib layihə olduğu halda Institutda yerinə yetirilməsinə dair razılıq məktubunu imzalamadı. Fevral ayından isə maaşımın 25 faiz kəsiləcəyi haqqında xəbərdarlıq almışam. N.Məmmədov intizamdan danışır, amma hamının davamiyyət listinqini açıqlamaq istəmir. O biri tərəfdən ciddi intizamı yaradıcı işlə uzlaşdırmaq məhsuldar yanaşma deyil. Bu o deməkdir ki, yuxarıda qeyd olunan maaş azalması selektiv şəkildə çox cüzi sayda alimlərə – N.Məmmədov-O.Ələkbərov tandeminin sıxışdırmaq istədiklərinə tətbiq ediləcək. Görünür, bu iqtisadi blokada həm də daha ciddi təqiblərin anonsudur!
Sizin susmağınınızı, hərəkətsizliyinizi təqib üçün göstəriş kimi qəbul edirlər!
Qrantların da AMEA üzvlüyü kimi tandem və himayədarları tərəfindən təyin olunduğunu və mənim ömür boyu bir iş yerimin olduğunu nəzərə alsaq, mesaj kifayət qədər aydındır. Siz heç düşündünüzmü ki, bu işyarıtmazlar niyə elmə ən çox sitat gətirənlərdən birini belə təqib edirlər! Bilirsinizmi niyə?! Çünki sizin susmağınınızı, hərəkətsizliyinizi, tədbir görməməyinizi (hər halda mən indiyə kimi belə düşünmüşəm) onlar təqib üçün göstəriş kimi qəbul edirlər! Məmurlarınızın harınlığının dərəcəsini görürsünüzmü, cənab Prezident! Mən sizə müraciət etmirəm ki, mənə EIF-dən qrant almağa kömək edəsiniz! Əsla! Mən sizə müraciət edirəm ki, məmurlarınızın, onların himayədarlarının özbaşınalığına, qanunsuzluqlarına son qoyasınız, AMEA-ya təyinolunmaların nəticələrini ləğv edəsiniz, yeni seçkilər keçirəsiniz! Təyinolunmuşların arasında sizin ən yaxın qohumlarınızın, onların təyin etdirdiklərinin olmasına belə baxmayaraq!
Yeri gəlmişkən qeyd edim ki, N.Məmmədov-O.Ələkbərov tandemi mənim 2013-cü ildə EIF-ə təqdim olunmuş layihəmi “məğlub” etdilər. Təsəvvür edin ki, on dörd təmiz (yəni ölkələr arasında ikitərəfi əlaqələr əsasında olmayan) beynəlxalq qrant almağıma baxmayaraq (o cümlədən 30 ildən artıq fəaliyyət göstərən Avropa Ittifaqı Çərçivə Proqramları daxilində Individual qrantı alan yeganə azərbaycanlıyam), Elmin Inkişafı Fondundan mənim layihəmə “yox” dedilər!
Elmimizi Xlestakov, Şeyx Nəsrullah, Ostap Bender xislətli adamlardan xilas edin!
Cənab Prezident, Azərbaycan elmini ona qənim kəsilənlərdən xilas edin! Işyarıtmazların dövlət büdcəsini dağıtmasına son qoyun! Dövlət büdcəsini öz cibi ilə dəyişik salanlar haqqında tədbir görün! Bildirmək istəyirəm ki, bu ölkə həm də bizim vətənimizdır. Sizin borcunuz isə hüquqları pozulmuş vətəndaşı müdafiə etməkdir. Məgər ölkənin elm fondlarının vəsaitləri alfa, beta, lambda, yota və s. klanlarının qabiliyyətsiz üzvləri arasında pay-puş olmalıdır! Əgər o üzvlər elmə mənimki ilə müqayisə olunan sitatlar gətirsəydilər, yenə dərd yarıydı. Axı heç o da yoxdur ortada! 22 ildir ki, mən öz dolanışığımı faktiki olaraq xarici universitetlərdən aldığım qrantlar əsasında təmin edırəm. O qrantların çərçivəsində 9 il Yaponiyanın, Avropanın, Böyük Britaniyanın Universitetlərində işləmişəm. Axı mən niyə öz ölkəmdə işləməməliyəm!
Hesab edin ki, mən xaricə köçüb orda daimi yaşamaq istəmirəm. Birdə ki, biz niyə bu meydanı səriştəsiz, bacarıqsız, elmi tənəzzülə aparanlar üçün boşaltmalıyıq ki, bu meydanda Xlestakov, Şeyx Nəsrullah, Ostap Bender xislətli adamlar at oynatsın?!
1000-ə yaxın müraciət
Əvvəllər ölkənin imkanları məhdud idi. Bəs indi? Siz niyə imkan verirsiniz ki, elmə töhfə verməyən adamlar davamlı olaraq müxtəlif mükafatlarla, akademik titulları ilə, qrantlarla mükafatlandırılsın. Məgər sizə mənim müraciətlərim haqqında məlumatlar verilmir?! Bu nə cür idarəçilik üsuludur ki, bir elmi işçinin sizə mətbuat, sifarişli poçt, teleqram, saytlar, saytınız, administrasiyanızın elektron poçtu ilə etdiyi MINƏ yaxın müraciətdən biri haqqında informasiya təqdim olunmayıb.
Elmi fəaliyyətdə elmə sitat gətirənlərı mükafatlandırmaq lazımdır, sıfır və ya cüzi sitat gətirənləri yox!!! Bu yanlış yanaşmanın nəticəsidir ki, beynəlxalq qiymətləndırmə sistemində Azərbaycan ən kiçik qonşularından belə dəfələrlə geridə qalır. Məgər bu göstəricilər kifayət deyilmi ki, 22 ildir aparılan elm siyasətinin yanlışlığı etiraf edilsin! Keçən əsrin axırlarından yüksək vəzifədə olan F.Abdullazadə dünyada qəbul edilmiş elmi qiymətləndirmə meyarlarının tətbiqində qətiyyən maraqlı görünmür. Eyni ilə də elmi yeniliklərin düzgün qiymətləndirilməsində də. Bu, uzun müddət vəzifədə olmuş adamın süstləşməsi təbii proseslərlə də bağlı ola bilər.
Yenə də müraciət edirəm ki, AMEA-ya təyinolunmaların nəticələrini ləğv edin, yeni seçkilər keçirin; N.Məmmədov-O.Ələkbərov tandeminə və himayəçilərinə qarşı təcili tədbirlər görün. Sizə dəfələrlə yazmışdım ki, seçki saxtakarlarının cəzasız qalması, nəticələrin ləğv olunmaması onları digər qanunsuzluqlara da təhrik edəcək. Budur, hər şey ortadadır: yeyilən haqqımın özümə qaytarılması üçün Sizə müraciətlər edirəm, nəticədə yeni təqiblərlə üzləşirəm!!!