Jurnalistlərin həbs olunması, müstəqil mətbuatın sıradan çıxarılması hakimiyyətin «sərbəst» siyasətidir
Azərbaycan hakimiyyəti təkzibolunmaz faktlar qarşısında da geri çəkilmək istəmir və öz yalanını hamıya həzm etdirmək istəyir. Bütün sahələrdə olduğu kimi mətbuat sahəsində də ölkəmizin durumu ağırdır. Hətta barmaqla sayılacaq qədər azad media nümunələri yoxdur. Çünki, mövcud hakimiyyət azad mətbuatı sıradan çıxartmağa, azad sözü boğmağa, azad jurnalistləri susdurmağa üstünlük verib. Məhz bu siyasətin sayəsində ölkə vətəndaşı AzTV-lərin mühasirəsində qalıb.
Amma prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi və eyni adlı şöbənin müdiri Əli Həsənov Bakı Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclasında bildirib ki, Azərbaycan mediası tam sərbəstdir və hakimiyyət də bunun üçün çalışır. “1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli KIV-lər qlobal informasiya məkanına inteqrasiya etməyə başladılar, ölkədə azad media formalaşdı. 2008-ci ildə qəbul edilən KIV-in Inkişafına Dövlət Dəstəyi Konsepsiyası çərçivəsində Azərbaycanda azad, demokratik mətbuatın formalaşdırılması istiqamətində ardıcıl iş aparılır. Hazırda Azərbaycan mediası tam sərbəstdir, jurnalistlər istənilən məsələni qaldırıb müzakirəyə çıxarırlar. Ölkədə gündəlik 40-a yaxın qəzet nəşr olunur, 5 mindən çox media qurumu, 20-yə yaxın agentlik var. Internetə giriş sərbəstdir, bu isə sosial medianın genişlənməsinə şərait yaradır. Ölkə əhalisinin 70 faizdən çoxu Internet istifadəçisidir. Azərbaycan dövləti öz həyatını azad mediasız təsəvvür etmir”- deyə Əli Həsənov bildirib.
Azərbycanda mətbuat o qədər azaddır ki, ölkənin ən tanınmış tənqidçi jurnalisti öldürülür və bu qətlin üstündən 10 il ötməsinə baxmayaraq qatillər tapılmır. Azərbaycanda mətbuat o qədər azaddır ki, jurnalsiti yazdığına görə bıçaqlayırlar, həbs edirlər, təqibə məruz qoyurlar. Təkcə “Azadlıq” qəzetinin üzləşdiyi çətinliklərə nəzər salsaq, Əli Həsənovun nə qədər “haqlı” olduğunu görərik. Bu qəzetin aparıcı əməkdaşı, ölkənin tanınmış jurnalisti Seymur Həzi gülünc ittihamlarla həbs edilib. Bu həbsin əsl səbəbi isə Seymurun hakimiyyəti tənqid etməsidir. Qəzetin digər əməkdaşı Natiq Ədilovun qardaşını narkotika ittihamı ilə həbs ediblər. Qondarma məhkəmə hökmləri ilə “Azadlıq”a qarşı fantastik cərimələr ödətdiriblər. Qəzetin satışına qadağalar yaradılıb və s.
“Azadlıq” radisosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə Ismayıl hakim ailədən yazdığı, korrusiya layihələrini aşkar etdiyinə görə həbsxana həyatı yaşayır. Ona qarşı irəli sürülən ittihamlar hər dəfə yenilənir. Daha doğrusu, hər dəfə hakimiyyət ittihamın absurd olduğunu dərk edir və yeni ittiham üzərində işləyir.
Bundan əlavə, bugün Azərbaycanda “internet məhbusları” anlayışı yaranıb. Sosial şəbəkələrdə tənqidi statuslar yazan, blogerlik fəaliyyəti göstərən gənc fəallar şərələnərək həbs edilib.
Ölkədə 100-lərlə qəzet işıq üzü görür. Amma bu qəzetlər yalnız hakimiyyəti mədh etməklə görəvləndirilib. Əli Həsənovun haqqında danışdığı KIVDF isə mətbuata yox, hakimiyyətin maraqlarına maliyyə yardımı göstərir. Yəni bu fondun “süzgəc”indən yalnız azad olmayan mətbuat keçə bilir.
Hakimiyyət beynəlxalq tədbirlərdə də “Azərbaycanda internet azaddır” deməklə, mətbuata basqıları gizlətmək istəyir. Guya internet istifadəçilərinin çox olması azad mətbuata qarşı müharibəni təkzib edir. Ona qalsa, ölkədə atəşkəs rejimidir, amma hər gün atəşkəs 100 dəfələrlə pozulur.
Əli Həsənovun ən satirik ifadəsi isə “Azərbaycan dövləti öz həyatını azad mediasız təsəvvür etmir” deməsidir. Azərbaycan hakimiyyəti ölkəyə yalana maksimalist yanaşmaq nümunəsini də gətirib.
Əslində, hakimiyyət azad medianı təsəvvürlərdən silmək üçün mübarizə aparıb. Bugün də bu “mübarizə” davam edir və bütün vasitələrlə tək-tük müstəqil media nümunələrini də məhv etmək istəyirlər. Onu da qeyd etmək yerinə düşər ki, bugün “Azadlıq” qəzetini ağır duruma salan “Qasid” firmasının rəhbəri, YAP Siyasi Şurasının üzvü, millət vəkilidir və qəzetə olan 70 min manat borcu geri qaytarmır. Yəni azad mətbuat birbaşa hakimiyyətin pəncəsi ilə boğulur.
Yaxşı olar ki, Əli Həsənov fikirlərinə düzəliş etsin. Azərbaycanda mətbuat deyil, müstəqil mətbuatı məhv edənlər sərbəstdilər. O qədər sərbəstdilər ki, qara həqiqətləri ağ yalan kimi danışa bilirlər.
S.Novruz