AXCP Gənclər Komitəsinin fəalı Rəsul Mürsəlov Ukraynada naməlum şəxlərin hücumuna məruz qalıb. Bu barədə Rəsul Mürsəlov facebook profilində məlumat verib. Hadisə fevralın 27-i axşam saatlarında olub. Mürsəlovu qarın boşluğundan bıçaqla vurub və yaralı halda döyüblər:
“Qarın boşluğuma bir bıcaq vuruldu. Üstəlik yaralı vəziyyətdə olduğuma baxmayaraq, döydülər məni. Hazırda durumum ortadır. Hadisə isə belə bas verdi: Kiyevdən yaşadığım rayona qayıdırdım. Evin yaxınlığında, ara yolda əvvəllər də dəfələrlə gördüyüm və məni izləməsindən şübhə etdiyim azərbaycanlı önümü kəsdi. Önümə çıxan kimi sol yumuruğu ilə sifətimin sağ tərəfindən vurdu. Yerimdə səndələdiyim zaman isə sağ əlindəki bıçağı qarın boşluğuma vurdu. Bir bıçaq zərbəsi və bir neçə yumuruq vuraraq qaçdı. Vurarkən azərbaycan dilində söyürdü və "bu, hələlik belə, yüngül oldu, gələn dəfə başına güllə sıxılacaq'' deyirdi. Hər kəsdən, xüsusi ilə mətbuatdan bu olayı ictimailəşdirməsini xahiş edirəm”.
Mürsəlov hesab edir ki, hadisə onun siyasi mövqeyi ilə bağlıdır, çünki şəxsi zəmində heç kimlə hər hansı problemi yoxdur.
Rəsul Mürsəlov 2012-2013-cü illərdə siyasi məhbus həyatı yaşayıb. Dəfələrlə sutkalıq həbslərə məhkum olunub. 2013-cü ildən AXCP üzvüdür.