Ekspertlərə görə, belə bir addımın atılması daha çox Rusiyanın xeyrinə işləyir
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) neft məhsullarının ixracı üzrə yeni istiqaməti müəyyənləşdirib. Bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib. Onun sözlərinə görə, söhbət neft məhsullarının Rusiya ərazisi ilə tranzitindən gedir.Mənbə qeyd edib ki, hazırda ixracın Rusiyanın hansı limanları vasitəsilə həyata keçiriləcəyi məlum deyil, çünki bu, neft məhsullarının alıcılarından asılıdır.
Qeyd edək ki, ARDNŞ 2015-ci ilin yanvarında 127,33 min ton, 2014-cü ilin eyni dövründə isə 88,26 min ton neft məhsulları ixrac edib.
Belə bir qərarın qəbulu nə dərəcədə realldır? Həqiqətənmi Azərbaycan neft məhsullarının ixracı üzrə yeni marşrutlar rayışında ola bilərmi?
Ekspertlər hesab edir ki, belə bir addımın atılması daha çox Rusiyanın xeyrinə işləyir. Rusiyanın enerji layihələrində tranzit ölkə kimi çıxış etməsi onun bu istiqamətdəki mövqeyini möhkəmlədəcək ki, bu da Qərb tərəfindən birmənalı qarşılanmayacaq. Amma bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycan kimi dövlətin belə bir qərar qəbul edəcəyi az inandırıcıdır. Çünki Azərbaycan özü TANAP və TAP layihələrində tranzit ölkə kimi çıxış etməyi planlaşdırır. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın rusiyadan tranzit ölkə kimi istifadə etməsi əlavə vəsait tələb edir ki, hazırkı dönəmdə belə bir vəsaitin xərclənəcəyi az inandırıcı görünür.
Xəyal