elnurastanbeyli@gmail.com
Keçən yüzilliyin ilk yarısında ABŞ-dakı iqtisadi böhran tarixə bir başqa adlı “Böyük depressiya” kimi düşmüşdü. Con Steynbekin yaradıcılığını izləyənlər həmin dövrdə Amerika insanının mənəvi halı ilə yaxından tanış ola bilər.
Baş verən böhrandan əvvəl ABŞ-da sürətli iqtisadi artım müşahidə olunurdu, 1917-1927 illərdə milli gəlir 3 dəfə artmış, konveyer istehsalı mənimsənilmiş, fond bazarı sürətlə inkişaf etmiş, daşınmaz əmlak bahalaşmışdı. Məhsul istehsalının artımı pul kütləsinin çoxalmasını tələb edirdi, dollar isə qızıla bağlı idi.
Hökumətin iqtisadi artım qarşısında yeni pullar çap etməsi ilə dolların qızıla bağlılığı qırıldı, büdcə defisiti böyüdü. Sənayedə istehsal azalmağa başladı, psevdo-pulların (veksel, çek, qəbz və s) sayı isə artırdı. Nəticədə 1929-cu ildə “qara çərşənbə” qaçılmaz oldu. 10 il davam edən “Böyük böhran dövrü” başlandı!
Fəlakət ancaq iqtisadi deyildi. Amerika cəmiyyətinin mənəvi-psixoloji durumu alt-üst olmuşdu. Depressiya insanların ruhuna hakim kəsilmişdi. O illərin realist Amerika nəsrində bunun parlaq ifadəsini görmək mümkündür. Steynbekin yaradıcılığını xatırlatdıq. Onun məşhur “Qəzəb salxımı” romanı məhz bu vaxt yaranmış və bütün Amerika toplumunu silkələmişdi. Məhz həmin romandan sonra ABŞ-da kənd təsərrüfatı sahəsində köklü islahatlar məsələsi gündəmə gəldi. Ya da “Siçanlar və insanlar”ı yada salın. Iki gəncin puç olan arzuları – bu, həmin dövrdə yüz minlərcə amerikalının xəyal qırıqlığının ümumiləşdirilmiş ifadəsi idi.
Indi – manatın ucuzlaşdığı günlərdə çoxları bizi də gözləyən “Böyük depressiya” təhlükəsindən danışır. Əslində isə “Böyük depressiya” qarşıda deyil, o çoxdan başlayıb və davam edir. “Siçanlar və insanlar”ın uğursuz qəhrəmanları Azərbaycanda hər yerdədir. Hər addımda və hər qarışdadır. Sadəcə, ətrafa bir azca açıq göz və ayıq başla baxmaq kifayətdir.
Bəli, biz bu depressiya illərini saxta el şənliklərinin, mənasız palatka toylarının arxasında gizlədirik. Halbuki bir saat öncə sizinlə deyib-gülən adamın intihar xəbəri gəlsə, heç kim təəccüblənməyəcək. Çünki hər kəs öz təcrübəsindən çıxış edərək, həmin adamın deyib-gülərkən, öz kədərini yalançı təbəssümlərinin arxasında gizlətməyə çalışarkən belə, onun qəlbindən necə qara qanlar axdığının, adi məişət qayğılarının onu daxildən necə yeyib-bitirdiyinin fərqindədir.
Qorxu və depressiya azərbaycanlıları böyük sürətlə ölməyə və öldürməyə məcbur edir. Artan özünəqəsdlər, çoxalan ailə-məişət cinayətləri, ağır, ölümcül xəstəliklərin sürətlə cavanlaşması – bütün bunlar məhz Azərbaycan cəmiyyətinə hakim olan qorxu və depressiyanın qaçılmaz yekunudur. Dərd çox, amma dərman yox. Qayğı çox, problem çox, amma çıxış yolu yox. Üstəlik, ölkədə şüurlu şəkildə yaradılmış, Sistemin ayaqda qalmasının əsas səbəbi olan xof mühiti, basqı yönətimi insanları öz dərdlərini, qayğılarını dilə gətirməkdən, dərdlərini hayqıraraq heç olmasa, yüngülləşməkdən çəkindirir, onu özünə qapanmağa, öz ağrıları, öz acıları, öz məhrumiyyətləri, öz faciələri ilə baş-başa qalmağa məcbur edir. Elə ona görə də kənardan baxanda turp kimi sağlam hesab etdiyimiz bir insan axşam yatağa heç bir ağrı-acısız girə, amma səhər o yataqdan qalxmaya bilər. Bizdə buna “qəfil ölüm” deyirlər, amma əslində bunda qəfil heç nə yoxdur, bu “uzun çəkən ölüm”ün dışa vurmasıdır. Hər haqqı tapdandıqca bir az “ölən”, borcu, krediti yığılıb artdıqca bir az “ölən”, gözəl gələcəyə dair ümidləri öləzidikcə bir az “ölən” insanın məntiqi sonluğudur.
Manatın ucuzlaşması isə bu ölkədə onsuz da dəyərdən düşmüş insan ömürlərini bir az da qiymətdən salacaq, bir az da ucuzlaşdıracaq.
Əvəzində isə heç Azərbaycansayağı “Siçanlar və insanlar” da yaranmayacaq.