Samir Əliyev: «Avropa Oyunlarının keçirilməsinə bu il dövlət büdcəsindən 1.3 milyard manat ayrılması nəzərdə tutulub»
Birinci Avropa Oyunlarında iştirak edəcək bütün ölkələrin komanda heyətlərinin xərcini Azərbaycan çəkəcək. Bu, dövlət büdcəsi ilə ciddi problemlər yaşayan bir ölkə üçün əlavə yük sayılmalıdır. Çünki Olimpiya Oyunları ev sahiblərinə bir qayda olaraq gəlir gətirmir. Azərbaycan Avropa Olimpiya Oyunlarına gələcək bütün 50 ölkə komandalarının nəqliyyat və digər xərclərini ödəyəcək. Idmançıların xərclərinin ödənməsi Avropa Olimpiya Komitəsi ilə bağlanmış müqavilədə nəzərdə tutulub.
Onu da qeyd edək ki, Bakıya gələcək 6153 idmançının hər birinin xərci isə 39 min manat, idman federasiyalarının nümayəndə heyətlərinin digər üzvlərinin adambaşı xərci isə 16 min manat hesablanır.
Iqtisadçı Samir Əliyev bildirdi ki, Olimpiya xərcləri dövlət büdcəsindən ayrılır. Ötən il artıq bununla bağlı dövlət büdcəsində vəsaitin nəzərdə tutulduğunu deyən S.Əliyev vurğuladı ki, Avropa Oyunlarının keçirilməsinə bu il dövlət büdcəsindən 1.3 milyard manat ayrılması nəzərdə tutulub: “Bu tədbir dövlət səviyyəsində keçirilən tədbir olduğuna görə xərclərini dövlət qarşılayır. Statistika onu göstərir ki, heç bir dövlət Olimpiya oyunlarından qazancla çıxmayıb. Yalnız bir-iki dövlət istisnadır. Həmin dövlətlər də yalnız inkişaf etmiş dövlətlərdir. Bu dövlətlər reklamdan, translyasiyadan qazanır. Amma Rusiya və Azərbaycan kimi ölkələr bu cür tədbirlərdən itirir. Rusiyada Olimpiadadan sonra həmin tədbir zamanı yaranan borcların ödənilməsi ciddi problem olub. Azərbaycan da istisna deyil. Yəqin ki, bu Olimpiadadan zərərlə çıxacaq. Bunun da əsas səbəbi Azərbaycan kimi ölkələrdə zəruri infrastrukturun sıfırdan qurulmasıdır. Inkişaf etmiş ölkələrdə isə bu problem yoxdur”.
S.Əliyev onu da bildirdi ki, idmançıların xərcinin çəkilməsi ümumi xərclərə daxildir. Amma bir məqamı vurğulamaq yerinə düşər ki, Olimpiada ilə bağlı qərar verilən zaman neftin qiyməti yuxarı idi. Amma neftin qiyməti düşdüyündən Azərbaycan hazırda çətin durumla üzləşib. “Bu tədbirdən zərər mütləq olacaq. Hökumət çalışmalıdır ki, bu zərərin miqyası maksimum aşağı endirsin. Bunun üçün də dövlətin yükü azaldılmalıdır. Özəl şirkətlər bu işə cəlb olunmalıdır”, deyə S.Əliyev vurğuladı.
Xəyal