Gültəkin Hacıbəyli: «Azərbaycana diqqətin artmasından Qərb siyasətçiləri istifadə edərək, ölkəmizlə dialoqu dərinləşdirəcəklər»
Mahmud Məmmədquliyevin bəhanələrinin arxasında nə dəyanır?
Azərbaycan hakimiyyəti yenə ənənəvi olaraq Avropa Birliyi ilə əməkdaşlıqda öz prinsipləri ilə hərəkət etmək niyyətində olduğunu açıqlayıb. Hakimiyyətin mövqeyi növbəti dəfə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin dilindən səslənib.
“Bu gün Azərbaycan yalnız Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində əməkdaşlığı davam etdirməyə deyil, həm də Avropa ilə münasibətləri daha yüksək səviyyəyə qaldırmağa hazırdır”, deyə M.Məmmədquliyev qeyd edib. O vurğulayıb ki, AB ilə əməkdaşlığın inkişafında ilk növbədə enerji əməkdaşlığı və strateji tərəfdaşlığın inkişafı nəzərdə tutulur. Nazir müavini həmçinin qeyd edib ki, Avropa Birliyi bəzi məsələlərdə Azərbaycanı qane edən mövqe tutmalıdır.
Qeyd edək ki, may ayında Avropa Birliyinin Riqada növbəti sammiti keçiriləcək. Məlumat üçün onu da deyək ki, Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində Avropa Birliyinin əməkdaşlıq etdiyi 6 ölkədən 3-ü ilə artıq Assosiasiya Sazişi imzalanıb. Qalan 3 ölkədən Avropa Birliyinin ən çox diqqət göstərdiyi ölkə Azərbaycandır. Mahmud Məmmədquliyevin çıxışı bir daha göstərir ki, Azərbaycan hakimiyyətinin Assosiasiya Sazişini imzalamaq niyyəti yoxdur.
Nazir müavininin Assosiasiya Sazişi haqqında bir kəlmə belə danışmaması hakimiyyətin bu məsələyə olan münasibətinin göstəricisdir. Azərbaycan hökuməti Avropa Birliyi ilə münasibətlərdə prioritet olaraq enerji sahəsini seçib. Assosiasiya müqaviləsi bu sənədi imzalayan ölkənin siyasi iqtisadi sahələrdə Avropa standartlarına uyğun islahatların keçirilməsini tələb edir. Nazir müavininin çıxışı göstərir ki, hakimiyyət siyasi və iqtisadi sahələrdə Avropa standartlarını tətbiq etmək fikrində deyil.
Amma o da nəzərə alınmalıdır ki, Qərbin MDB məkanında müəttəfiqlərinin birləşdiyi GUAM-da AB ilə əməkdaşlığı konkretləşdirməyən yeganə ölkə Azərbaycandır. Bu isə Azərbaycana olan diqqəti artırır. Bundan başqa, bu il həm parlament seçkilərinin, həm də Birinci Avropa Olimpiya Oyunlarının keçirilməsi Azərbaycana olan marağı bir qədər də artıracaq.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, AB ilə əməkdaşlıq istiqamətində Azərbaycana qarşı təzyiqlər bundan sonra da davam edəcək. G.Hacıbəylinin sözlərinə görə, bu təzyiqlər hakimiyyətin təqdim etdiyi kimi Azərbaycanın suverenliyinə zərbə vuran, milli maraqlara zidd olan təzyiqlər deyil. Əksinə, bu təzyiqlər bizim dövlət maraqlarımıza cavab verir. Avropa bizdən demokratik islahatlar, insan haqlarının qorunmasını, iqtisadi mühitin sağlamlaşdırılmasını tələb edir. Bir günün içində əhali manatın devalvasiyasından 34 faiz müflisləşdi. Qəribədir ki, Mərkəzi Bank bu siyasəti həyata keçirərkən onu ixracatın stimullaşdırılması ilə izah edirdi. Azərbaycanın ixrac potensialı yoxdur. Ölkəmiz xaricə yalnız neft ixrac edir. Əgər hakimiyyət doğrudan da ixrac potensialının inkişafında, normal iqtisadi münasibətlərin qorunmasında maraqlıdırsa, o zaman Azərbaycan nəyə görə Dünya Ticarət Təşkilatına qoşulmaqdan çəkinir. Hakimiyyətin Assosiasiya Sazişini imzalamamaqla bağlı gətirdiyi əsas arqumentlərdən biri DTT-yə qoşulmaqla əlaqəlidir. DTT-yə qoşulmaq Azərbaycan iqtisadiyyatına nəinki zərbə vurmayacaq, əksinə, Azərbaycan iqtisadiyyatının ixrac potensialını gücləndirəcəkdi. Indiki şəraitdə bu vacibdir".
Azərbaycanın AB-ya üzv olmaqla sivil dövlətlər sırasına qoşulacağını deyən G.Hacıbəyli vurğuladı ki, bu, Azərbaycanın dövlət müstəqilliyini daha təminatlı edəcək və iqtisadiyyatın inkişafına əlavə stimul verəcək: “Avropa Birliyi Azərbaycanla bağlı hələlik sərt mövqedən çıxış etməyəcək. Çünki, Ukrayna məsələsi gündəmdədir. Ukrayna məsələsinin həlli Avropa üçün əsas prioritetdir. Ancaq istənilən halda Azərbaycan üçün bu il çox həsas ildir. Çünki, bu il həm Riqa sammiti keçiriləcək, həm Avropa Oyunları baş tutacaq, həm də parlament seçkiləri olacaq. Amma bu fürsətdən Qərb siyasətçiləri istifadə edərək, ölkəmizlə dialoqu dərinləşdirəcəklər. Azərbaycanı inandırmağa çalışacaqlar ki, Assosiasiya Sazişinin imzalanması Azərbaycanın maraqları baxımından vacibdir”.
G.Hacıbəyli vurğuladı ki, Azərbaycan hakimiyyəti AB ilə münasibətlərdə daha çox öz şəxsi maraqlarından çıxış edir. Və AB-dan gələn təzyiqlərdən yanlış nəticə çıxarılır.
Xəyal