Ziyafət Əsgərov iki ölkə arasındakı gərginliyin anonsunu verdi
Azərbaycan hakimiyətinin daxili siyasəti kimi xarici siyasətinin də iflic vəziyyətdə olduğu hər gün bir daha təsdiqlənir. Uzun illər ərzində yürüdülən xarici siyasət dövlətin və millətin maraqlarına deyil, hakimiyyətin maraqlarına xidmət edib.
Ona görə də xarici siyasətdə bir prinsipsizlik hökm sürüb və Azərbaycan etibarlı tərəfdaş kimi tanınmayıb. Son dövrlər isə Azərbaycan hakimiyyəti “cığal uşaq” rolunu oynamağa başlayıb. Qərbdən küsəndə Şərqə, Şərqdən inciyəndə Qərbə pənah aparıb. Yəqin ki, məhşur “sendviç” söhbəti hamının yadındadır. Indi də Qərbdən demokratiya tələbləri artdığı üçün guya Iranla münasibətləri istiləşdirirdilər. Amma müşahidələr göstərir ki, hakimiyyət “qaş düzəltdiyi yerdə, göz çıxartmaq”la məşğuldu. Yuxarıda qeyd etdiyimiz kimi hakimiyyətin siyasəti şəxsi maraqlar, Iranın siyasəti dövlət maraqları üzərində qurulduğu üçün münasibətlərdə gərginlik həmişə davam etməkdədir.
Bütün bunları ona görə xatırlatdıq ki, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov da Iranla münasibətlərin normal olmadığını etiraf edib: “Iranla Ermənistan arasından arasında olan isti münasibətlərin mənasını anlaya bilmirik. Iranda 40 milyona yaxın azərbaycanlı yaşayır və bir şiə dövlətinin Ermənistanla isti münasibəti anlaşılmır. Biz dəfələrlə bu məsələni iranlı həmkarlarımızın qarşısında qaldırmışıq. Iran tərəfi isə bildirir ki, bu, rəsmi Tehranın daxili işidir. Heç kəs bizim daxili siyasətimizə qarışa bilməz. Biz də onların daxili işlərinə qarışmırıq”- deyə Ziyafət Əsgərov bildirib.
Göründüyü kimi, Iran Azərbacan hakimiyyətinin tələblərini rədd edir və münasibətlərin normallaşdırılması istiqamətində şərt qoyur. Daha dəqiq desək, Iran tərəfi Azərbaycan hakimiyyəti ilə onun öz leksikonunda danışaraq, “bu bizim daxili işimizdir” deyir. Digər tərəfdən, Iranın əlində qüvvətli arqument var ki, bu da Rusiya faktoru ilə bağlıdır. Bəli, Azərbaycan tərəfi Iran-Ermənistan münasibətlərinə irad bildirəndə, Iran tərəfi “Rusiyadan bunu niyə tələb etmirsən” deyə qarşıya çətin sual qoyur. Həqiqətən də Ermənistanın ayaqda qalması, Qarabağı işğal etməsi Rusiyanın sayəsində mümkün olub və bugün də Rusiyanın razılığı olmadığına görə Qarabağ işğal altındadır.
Xatırladaq ki, bir neçə gün öncə Iranda Azərbaycan bayrağına qarşı hörmətsizlik olmuşdu və bu da tərəflər arasında gərginlik yaratmışdı. Ziyafət Əsgərovun açıqlaması isə təsdiqlədi ki, Iranla münasibətlər soyuqdu. Təbii ki, bu məsələdə Israil amili də var. Azərbaycanın Israillə isti münasibətləri Iranı qane edə bilməz. Azərbaycan hakimiyyəti isə yəhudi lobbisi vasitəsilə Qərblə münasibətlərdə yumşalmaya nail olmaq və özünün müsbət imicini formalaşdırmaq istəyir.
Nəticə isə bundan ibarətdir ki, hakimiyyətin “Iranla münasibətlərdə istiləşmə yaranıb” təbliğatı yalandır. Bu soyuqluğun səbəbi isə yuxarıda sadaladığımız amillərlə bağlıdır.
Ziyafət Əsgərov isə Iran-Ermənistan münasibətlərindəki istiləşmənin səbəbini yaxşı bilir. Sadəcə olaraq Azərbaycan hakimiyyətinin siyasəti anlaşılmaz olduğu üçün, vitse-spiker məsələyə belə münasibət bildirib.
Bir sözlə, Iran-Azərbaycan müasibətlərində ciddi “çepe” olduğu aydındır və hakimiyyətin mövsümi xarici siyasəti yenə də “bar” verə bilmir.
Akif