Digər valyutalarda devalvasiyaya olsa da 2006-cı ildən bu günə kimi manatla bağlı bu addım atılmayıb
Manatın üzərində yığılıb qalan bu yük kəskin ucuzlaşmanı qaçılmaz edib
Manatın ucuzlaşmasına dair qərar müxtəlif mübahisələrə yol açır. Çünki hökumət rəsmiləri manatın ucuzlaşmasının qonşu ölkələrdə gedən proseslərin zəruri etdiyini bəyan edir. Yəni Mərkəzi Bank belə bir addımı atmağa məcbur olub. Amma müqayisələr tam fərqli mənzərəni ortaya qoyur. Çünki manat rubl istisna olmaqla digər valyutalarla müqayisədə daha çox dəyər itirib.
Məsələn,ÿAvrozonada 2014-cü ilin mayından etibarən dollar bahalaşmağa başlayıb. Həmin dövrdə 0,72 avro olan dollar hazırda 0,88 avroya alınır. On ay müddətində dollar avroya nisbətən 22,2 faiz möhkəmlənib.ÿ
2014-cü ilin iyunundan Türkiyə lirəsi ucuzlaşır. Iyunda 2,12 lirə olan dollar hazırda 2,46 lirəyə dəyişdirilir. Lirə 9 ayda 16 faizdən çox ucuzlaşıb.ÿ
2014-cü ilin fevralın 1-də 155 qazax təngəsi olan dollar hazırda 185,1 təngədir. Qazaxıstanda dollar son bir ildə 20 faiz bahalaşıb.ÿ
Rusiyada 2014-cü ilin iyunundan rubl dollara nisbətən ucuzlaşır. Həmin dövrdə 33,4 rubl olan dollar hazırda 62,3 rubla dəyişdirilir. Dollar rus rubluna nisbətən 86,5 faiz bahalaşıb.ÿ
Gürcüstanda noyabrın 14-dən başlayaraq dollar lariyə qarşı bahalaşaraq 1,75 nisbətindən 2,3 nisbətinə çatıb. Üç ay ərzində dollar lariyə nisbətən 31,5 faiz bahalaşıb.ÿ
Adıçəkilən ölkələrdə dollar milli valutaya qarşı 16 faizdən 62,3 faizə qədər möhkəmlənib.
Amma manat dollara nisbətdə kəskin ucuzlaşma yaşayıb. Bu tendensiyanın səbəbi nədir?
Iqtisadçı Samir Əliyev bildirdi ki, Azərbaycanda milli valyutanın Gürcüstandan, Türkiyədən, Qazaxıstandan, Avrozona ölkələrindən fərqli olaraq kəskin ucuzlaşması bu dövlətlərdə devalvasiyanın dövrü olaraq aparılması ilə bağlıdır: “Türkiyə Azərbaycandan fərqli olaraq valyutasını 2009-cu il böhranı zamanı bir qədər ucuzlaşdırdı. Azərbaycan isə bu müddətdə heç bir devalvasiya həyata keçirməyib. 2006-cı ildən bu günə kimi Azərbaycanda bu addım atılmayıb. Bir növ manatın üzərində bu yük yığılıb qalıb və nəticədə bu cür kəskin ucuzlaşmaya gedilib”.
Büdcənin icrası ilə bağlı məsələnin hələ həllini tapmadığını deyən S.Əliyev bildirdi ki, nəzərdə tutulan büdcənin icrası hazırkı vəsaitlərlə mümkün deyil. Çünki Neft Fonduna daxil olan vəsait büdcə xərclərinə uyğun deyil. “Büdcədə neftin qiyməti 90 dollar nəzərdə tutulub. Amma bazarda neftin qiyməti bu göstəricidən aşağıdır. Neft Fondunda problemin olması büdcəyə transfertdə problem yarada bilər”, deyə S.Əliyev vurğuladı.
Xəyal